Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır

07.02.2017 [09:55]

Prezident İlham Əliyev: Son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik
Hazırda dünyada yaşanan məlum kataklizmlər fonunda ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar hər bir ölkə və xalq üçün xüsusi önəm daşıyır və bu məsələ milli dövlətlərin iqtisadi-siyasi təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Ayrı-ayrı beynəlxalq təşkilatlar dünyanın ərzaq təminatının getdikcə pisləşəcəyi ilə bağlı bədbin proqnozlar verirlər. Buna baxmayaraq, ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunması baxımından da mühüm nailiyyətlər qazanıb.
Ölkəmizin ərzaq təminatı daxili istehsal hesabına ilbəil daha da möhkəmlənir
İndiki şəraitdə ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili ərzaq tələbatının yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm kəsb edir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində xüsusi olaraq vurğulayıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir və eyni zamanda, normativ-hüquqi baza möhkəmləndirilir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib və uğurla yerinə yetirilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı da bu baxımdan xüsusilə xarakterikdir.
Ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsi ilə bağlı dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə paralel surətdə hərtərəfli texniki və maliyyə təminatı ilə dəstəklənir. Ölkədə etibarlı ərzaq təhlükəsizliyinə nail olunması üçün aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir və davamlı xarakter daşıyır. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikamızda əhalinin bir sıra qida məhsullarına, o cümlədən meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək deyib: “Son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik”.
yeni əkin sahələrinin hesabına ölkənin böyük ixrac imkanları yaranacaq
Son illərdə respublikamızda ərzağa olan daxili tələbatın yerli istehsalın genişləndirilməsi hesabına təmin olunması istiqamətində diqqətəlayiq uğurlar əldə olunsa da, bu sahədə potensial daha böyükdür. Prezident İlham Əliyev bəhs olunan konfransda diqqəti ölkədə torpaqlardan səmərəli istifadə edilməsinin, həmçinin dövriyyəyə yeni torpaq sahələrinin cəlb olunmasının aktuallığına yönəldib. Dövriyyəyə yeni torpaqların cəlb olunması və görüləcək əlavə tədbirlər sayəsində həm ərzaq məhsulları istehsalını artırmaq, həm də yeni ixrac imkanları yaratmaq mümkündür. Prezident İlham Əliyev deyib: “Meliorasiya ilə bağlı çox böyük işlər görüləcək. Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq”.
Yeri gəlmişkən, ötən ildən başlayaraq ölkəmizdə ixrac tutumu yüksək olan texniki bitkilərin becərilməsinə böyük diqqət göstərilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Pambıqçılığın Azərbaycanda sürətlə inkişaf etdiyini deyən Prezident İlham Əliyev vurğulayıb: “Biz keçən il 51 min hektardan 90 min tona yaxın pambıq tədarük etmişik. Bu il isə 100-120 min hektarda pambıq əkiləcək və biz təqribən 200 min ton pambıq gözləyirik. İyirmi yeddi rayonda pambıqçılıq inkişaf edib”.
Hazırda respublikamızda baramaçılıq da perspektivli sahələrdən biri kimi müəyyənləşdirilib. Ötən il ölkə miqyasında baramaçılığın keçmiş şöhrətinin dirçəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, 2016-cı ildə 25 rayonda 70 ton barama tədarük olunub. Hazırda respublikanın bölgələrində gəlirli sahə olan baramaçılığın möhkəm yem bazası yaradılır. Prezident İlham Əliyev baramaçılıq sahəsində qarşıda duran vəzifələrdən bəhs edərək bildirib: “Baramaçılıqla bağlı görülən operativ tədbirlər nəticəsində bu sahəyə də böyük təkan verildi. Hazırda 37 rayonda baramaçılıqla məşğuldurlar. Dövlət öz vəsaiti hesabına bütün lazımi məsələləri həll edir, tingləri gətirir və baramaçılıq da inkişaf edir. Keçən il 70 ton yaş barama tədarük olunub. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton və bəlkə də, bundan çox yaş barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir”.
Yeni iqtisadi şəraitdə tütün kimi gəlirli sahəyə də diqqətin artırılması böyük perspektiv vəd edir. Tütünçülük respublikamızda əsasən Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb. 2016-cı ildə respublikamızda 2500 hektarda tütün əkilib. Prezident İlham Əliyev bəyan edib ki, respublikada tütün istehsalı üç dəfə artırılmalıdır: “Tütünçülüklə bağlı müvafiq göstərişlər verilib. Biz tütünün istehsalını üç dəfə artırmalıyıq. Əlbəttə ki, xarici bazarları müəyyən etməklə paralel olaraq, tütün istehsalı 10 min tona çatdırılmalıdır. Biz həm ölkə daxilində istehsalı artırmalıyıq, eyni zamanda, xarici bazarlara çıxış əldə etməliyik. Bu istiqamətdə artıq müvafiq tapşırıqlar verilib, kontraktlar bağlanıb. Bu da çox gəlirli bir sahədir”.
Respublikamızda üzümçülüyün inkişafı üçün də hər cür şərait var. Perspektivdə üzümçülük və şərabçılığın inkişafı ilə bağlı geniş tədbirlər nəzərdə tutulub. Bu sahədə ixracın həcmi 10-20 dəfə artırılmalıdır.
Azərbaycanda soyaya olan daxili tələbat 1-2 il ərzində tam ödənilə bilər. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.
Respublikamızın cənub bölgəsində çayçılıq sahəsində uzun illər boyu zəngin ənənələr formalaşıb. Hazırda çayçılığın inkişafı üçün plantasiyalar genişləndirilir. Həmçinin bölgədə yeni emal müəssisələri fəaliyyətə başlayıb. Ümumiyyətlə, respublikamızda çayçılıq da intensiv metodlarla inkişaf etdiriləcək. Bu məqsədlə ən müasir texnologiyaların Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Bölgələrdə yaradılan aqroparklar ölkədə ərzaq məhsulları istehsalının artmasına müsbət təsir göstərir
Son illərdə intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır.
Yaxın perspektivdə respublikanın müxtəlif bölgələrində həmçinin yun tədarükü mərkəzləri yaradılacaq. İlkin mərhələdə ölkədə yun tədarükü ilə bağlı 10 belə mərkəzin yaradılması nəzərdə tutulub. Yun tədarükü mərkəzləri vasitəsilə həm daxili istehlakı qarşılamaq, həm də yun ixracını mərkəzləşdirilmiş qaydada həyata keçirmək mümkün olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30