Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda son illər ərzində aparılan islahatlar öz bəhrəsini verir

Azərbaycanda son illər ərzində aparılan islahatlar öz bəhrəsini verir

26.07.2018 [10:26]

Prezident İlham Əliyev: Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq
Son illərdə Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modeli bir sıra səciyyəvi cəhətləri ilə fərqlənir ki, burada da inkişafın ardıcıl və hərtərəfli olmasını xüsusi qeyd etmək lazımdır. Başqa sözlə desək, respublikamız düşünülmüş, məqsədyönlü siyasət əsasında idarə edilir - hədəflər, prioritetlər müəyyənləşdirilir, qarşıya qoyulan məqsədlərə çatmaq üçün qabaqcıl dünya təcrübəsinə istinadən konseptual yanaşmalar seçilir və əlbəttə ki, ölkənin daxili resursları mütləq nəzərə alınır. Son illərdə ölkəmizdə özündə müasir çağırışları ehtiva edən dərinməzmunlu islahatlar aparılır. Respublikamızda ayrı-ayrı prioritet sahələrin inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi artıq ənənə halını alıb.
Bütün bu amillər Azərbaycanın inamlı inkişafını şərtləndirir. Bu baxımdan 2018-ci il də istisna təşkil etmir. Ölkəmiz ilin birinci yarısında diqqətəlayiq uğurlara imza atıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də qeyd etdiyi kimi, ölkəmizin dinamik inkişafı təmin edilir. Qazanılan nəticələr isə, öz növbəsində, perspektiv inkişaf üçün fundamental baza rolunda çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın öz uğurlarını davam etdirəcəyinə əminliyini diqqətə çatdırıb. “Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq”, - deyə dövlət başçısı bildirib.
Azərbaycan bundan sonra da islahatlar yolu ilə milli iqtisadiyyatın daha da güclənməsini təmin edəcək
Çox haqlı olaraq güclü iqtisadiyyat hər bir ölkənin inkişafının əsas sütunu kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Düşünülmüş siyasət və güclü iqtisadiyyat ölkəmizin uğur formuludur, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Prezident İlham Əliyev mənunluq hissi ilə nəzərə çatdırıb ki, son 15 ildə respublikamızda güclü iqtisadiyyat quruculuğuna nail olunub: “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur”.
Milli iqtisadiyyatın güclənməsi və ölkənin iqtisadi müstəqilliyinin təmin olunması Azərbaycanın inamlı daxili və xarici siyasət həyata keçirməsində əsas amil qismində çıxış edir. Özünün geniş iqtisadi-maliyyə resurslarına istinad edən Azərbaycan regional lider dövlətə çevrilib.
Dinamik iqtisadi inkişaf Azərbaycanın investorlar üçün cəlbediciliyini getdikcə artırır. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, son 15 ildə respublikamıza 230 milyard dollardan artıq investisiya yönəldilib. Milli iqtisadiyyatımızın müxtəlif sahələrinə yönəldilən investisiyaların təxminən yarısı xarici sərmayələrdir ki, bu da beynəlxalq miqyasda ölkəmizə olan güclü inamı bir daha təsdiqləyir. Eyni zamanda, Azərbaycan ötən 15 ildə özünün strateji valyuta ehtiyatlarını 20 dəfədən çox artıraraq 44 milyard dollara çatdırmağa nail olub.
Əlamətdar haldır ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunur. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar ifadə ediblər. Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda isə ölkəmiz öz mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderliyini yenə də qoruyub saxlayıb.
Hazırda dünyada yaşanan qlobal çətinliklərin fonunda ölkəmizin inkişafın ardıcıllığına nail olmasının əsasında isə yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkədə aparılan islahatların önəminə diqqət çəkərək bildirib: “Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik”.
Azərbaycan dərin məzmunlu islahatlarla şərtlənən uğurlu inkişaf kursunu 2018-ci ilin birinci yarısında da davam etdirib. Ötən altı ayda ölkədə ümumi daxili məhsul istehsalı 1,3 faiz artıb. Xarici ticarət dövriyyəsi 35, ixrac 34, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır ki, bu da çox böyük rəqəmdir. Bütün bunlar ona dəlalət edir ki, respublikada makroiqtisadi sabitlik tam təmin edilir. İlin birinci yarısında qazanılan uğurlara istinad edən Prezident İlham Əliyev məmnunluq hissi ilə nəzərə çatdırıb ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Perspektivlə bağlı fikirlərini ifadə edən dövlət başçısı vurğulayıb: “Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir”.
Qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır
Dünya iqtisadiyyatında bir sıra çətinliklər yaşandığı dövrdə, o cümlədən də cari ildə Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlılıq göstərməsini şərtləndirən mühüm amillərdən biri ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində qeyri-neft sektorunun inkişafının daim diqqət mərkəzində saxlanılması ilə bağlıdır. Ötən 15 ildə ölkənin neft-qaz satışından əldə etdiyi gəlirlər məqsədyönlü şəkildə neftdənkənar iqtisadiyyatın inkişafına yönəldilib. Eyni zamanda, ölkədə qeyri-neft sektorunda istehsal imkanlarının genişləndirilməsinə möhkəm hüquqi baza yaradılıb, genişmiqyaslı təşviq tədbirləri görülüb. Bütün bunların nəticəsidir ki, hazırda respublikamızda qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Prezident İlham Əliyevin cari ilin əvvəlində qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz qeyri-neft sektorunda inkişaf dinamikasının saxlanılması və artırılması ilə bağlı idi. Dövlət başçısının qarşıya qoyduğu vəzifələr uğurla icra edilir. Əlamətdar haldır ki, 2018-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sektorunda, o cümlədən də qeyri-neft sənayesində və kənd təsərrüfatında qeydə alınıb.
Məlumdur ki, son illərdə ölkəmizdə məqsədyönlü sənayeləşmə siyasəti aparılır. Qısa müstəqillik tarixində Azərbaycanın nail olduğu hərtərəfli və dinamik inkişafı həmçinin sənaye sektorunda qazanılan uğurların timsalında da izləmək mümkündür. Ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq son 15 ildə respublikamızda çoxlu sayda elm tutumlu, innovativ yanaşmalara əsaslanan sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Sənaye quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, müstəqil Azərbaycan dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilib. Hazırda ölkəmiz orbitdəki peyklərini milli kadrlar vasitəsilə uğurla idarə edir və yeni peykini orbitə çıxartmağa hazırlaşır. Müdafiə təyinatlı müəssisələrdə buraxılan müxtəlif növ sənaye məhsullarının həm Milli Ordunun tələbatını ödəməsi, həm də xarici bazarlara çıxardılması son dərəcə qürurverici haldır. Bütövlükdə, son 15 ildə respublikamızda sənaye istehsalı 2,6 dəfə artıb.
Müstəqillik illərində Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün həlqələrini özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına göstərilən dəstək tədbirləri öz müsbət nətcələrini verir. Bunu 2018-ci ilin arxada qalan 6 ayının göstəriciləri də təsdiqləyir. Cari ilin birinci yarısında respublikamızda neftdənkənar iqtisadiyyat üzrə daha yüksək göstəricilər əldə olunub. Belə ki, son 6 ayda ölkə üzrə əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, o cümlədən qeyri-neft sənayesi üzrə 69 faiz artıb. Cari ilin birinci yarısında ölkədə qeyri-neft iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə əldə olunan göstəricilərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır”.
Perspektivdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun mövqeyi daha da möhkəmləndiriləcək. Bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.
İnfrastruktur layihələri ilə bağlı bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir
Azərbaycanın davamlı inkişaf strategiyasında müasir infrastruktur quruculuğu mühüm yer tutur ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan ölkə üzrə iqtisadi aktivliyi artırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün deyil.
Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib, ölkəmizdə yeni müsbət reallıqlar yaradıb. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Ötən 15 ildə respublika miqyasında 12 min 300 kilometr yol çəkilib, 443 körpü inşa olunub.
2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, hazırda bu göstərici 67 faizə çatdırılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublika miqyasında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Reallaşdırılan layihələr sayəsində 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Cari ilin birinci yarısında ölkə üzrə xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib. Son altı ayda respublikada 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib. İlin əvvəlindən bəri 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb. Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib. Prezident İlham Əliyev bildirib ki, infrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir. Dövlət başçısı müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşası ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin zəruriliyinə diqqət çəkərək deyib: “İlin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə, 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir”.
Əlamətdar haldır ki, Azərbaycanda geniş vüsət alan infrastruktur quruculuğunda keyfiyyət amilinə xüsusi diqqət yetirilir və bu sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübədən istifadə edilir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizdə infrastruktur obyektlərinin yüksək keyfiyyətlə inşa edildiyini etiraf edirlər. Məsələn, Davos Ümumdünya İqtisadi Forumunun dəyərləndirməsinə əsasən, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 661 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30