Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri yeni reallıqlar fonunda uğurla inkişaf edir

Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri yeni reallıqlar fonunda uğurla inkişaf edir

15.12.2021 [16:34]

Əli  Hüseynli,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmişdir. Bu səfər təkcə ölkəmizin deyil, dünya ölkələrinin siyasi ekspertlərin və ictimaiyyətinin də diqqət mərkəzindədir. Çünki tədbirin proqramına təkcə Şərq Tərəfdaşlığı sammitində iştirak daxil deyil. Buradakı qlobqal əhəmiyyətli görüşlər və danışıqlar bir çox mətləblərə aydınlıq gətirilməsi baxımından çox əhəmiyyətlidir.

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini göstərən tədbir çərçivəsində Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mİşel və NATO-nun Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşlərində Aİ-nın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanmış, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Müşahidələr göstərir ki, burada davam edən NATO-Azərbaycan dialoqu postmüharibə dövründə yeni keyfiyyət əldə etmişdir. Cənab İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü kökündən fərqli şəraitdə - Azərbaycanın 44 günlük müharibədə qələbəsi ilə regionda yaradılmış prinsipcə yeni geosiyasi reallıqlar fonunda keçib. Azərbaycan Prezidentinin “NATO plus Azərbaycan” formatında alyansın ali idarəetmə orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirakı heç də təsadüfi deyil və dünynın ən güclü hərbi bloku olan Şimali Atlantika Müqaviləsi Təşkilatının Azərbaycana yüksək diqqətinin təzahürüdür.

Bildiyiniz kimi, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsi Azərbaycandan qaz idxal edir və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanları mövcuddur. Ona görə də Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi şübhə doğurmur.

İkinci Qarabağ savaşında NATO-nun tutduğu mövqe onun Azərbaycanın haqqını tanıması anlamına gəlir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, alyans Avropanın NATO-ya üzv ölkələrinin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin yaxınlığında baş verən hadisələri çox dəqiqliklə izləmək imkanına malikdir və müharibə ətrafında hansı ölkənin nə kimi məqsədlər güdməsindən xəbərdardır. Artıq yeni şəraitdə, hazırkı enerji böhranı və Rusiyanın inşa etdiyi “Şimal axını-2” boru kəmərinin Avropa tələblərinə uyğunsuzluğu fonunda layihənin mərkəzi oyunçusu kimi Azərbaycanın iştirakı ilə reallaşan Qərb üçün tamamilə fərqli dəyərə malik olan Cənub Qaz Dəhlizi daha böyük önəmi daha da artmışdır.

Bu mənada, nəticə etibarı ilə, Azərbaycan öz Ali Baş Komandanının rəhbərliyi altında həm də bir növ Avropanın özünün maraqlarında olan, lakin “qeyri-mümkün missiya” sayıla biləcək bir vəzifəni həll etmişdir. Bununla da Azərbaycan nəinki əvvəllər işğal olunmuş torpaqlarını azad etmiş, həm də özünü ciddi hərbi potensiala malik ölkə kimi elan etmişdir. Dünyanın 50 ən güclü siyahısına daxil olan Azərbaycan ordusunun reytinqi yüksək döyüş qaqbiliyyətli onun etibarlı tərəfdaş kimi qəbul olunmasına zəmin yaradır.

Görüşün nəticəsi ilə bağlı qəbul edilmiş Bəyanatda Avropa İttifaqı Şurasının tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr Soçi görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Sənəddə ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.

Burada həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib, habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusda yardımçı ola biləcəyi əks olunub.

Şuşa Bəyannaməsini və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə, yəni faktiki olaraq artıq NATO modelinə açıq elan edilmiş keçidini regionda yeni reallıqları diktə edən meyarlara aid etmək olar. Hesab edirəm ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı heç bir zidddiyyət təşkil etmyən bu addımları artıq geosiyasi mövqelərin əhəmiyyətinin daha da artacağı Cənubi Qafqaz regionunda NATO ilə münasibərin daha səmərəli istiqamətdə qurulmasına imkan verəcəkdir.

Alyansın Şimali Atlantika Şurasının iclası zamanı  NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı ümumi mövqe ortaya qoyulub. Azərbaycanın xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Əfqanıstanda 2002-ci ildən 2021-ci il avqustun 27-dək sülhməramlı əməliyyatlarda iştirakı,  "Qətiyyətli dəstək" missiyası çərçivəsində Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rolu NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib.

Tədbir çərçivəsində keçirilmiş mətbuat konfransı bir çox siyasi əhəmiyyətli məqamları ilə siyasi texnoloqların diqqətini cəlb etmişdir. Yens Stoltenberq NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini vurğulayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu bildirmiş və bu mövqeyə görə Prezident İlham Əliyevə təşşəkkürünü ifadə etmişdir.

Cənab İlham Əliyev Cənubi Qafqaz bölgəsində yaranmış yeni geosiyasi vəziyyə dair ölkəmizin  sülhsevər mövqeyini bir daha ifadə edərək demişdir: “Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.

Riko Just for Europe təşkilatının təmsilçisinin Zəngəzur dəhlizi ilə bağlı sualına cavab verərkən o, bununla şağlı imzalanmış tarixi sənədlərə istinad edərək Zəngəzur dəhlizinin hüquqi rejiminin Laçın dəhlizi ilə eyni olacağını bildirmişdir: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Ermənistanı bu məsələdə konstruktiv mövqe tutmağa dəvət edən Azərbaycan Prezidenti dəhlizin ümumilikdə bölgə üçün müstəsna siyasi və iqtisadi əhəmiyyətini qeyd etmişdir: “Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir”.

Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Şuranın Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün  müsbət nəticələrindən biri odur ki, tərəflər  Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlmişlər. Eyni zamanda, kommunikasiya və nəqliyyat  xətlərinin açılması məsələsi geniş müzakirə olunmuşdur. Ermənistan tərəfi öz ərazisindən dəmir yolunun çəkilişinə tezliklə start verməsi ilə bağlı öhdəliyini təsdiq etmiş və burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması razılaşdırılmışdır. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr də gündəlikdədir.

Azərbaycan Prezidentinin Brüssel səfərinin uğurunu şərtləndirən digər məsələ Bəyanatda Avropa İttifaqı adından Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəyin ifadə olunması və eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması ilə bağlı təklifin yer almasıdır. Sənəddə qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bölgədə reallaşdırılan layihələri dəstəkləyəcəyi də vurğulanıb.

Bütün bunlar postmüharibə dövründə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni şəraitə uyğun sərgilədiyi uğurlu taktiki və strateji addımlarının və diplomatik gedişlərinin məntiqi nəticəsi olaraq Azərbaycanın dünya düzənində sürətlə artan nüfuzunun və haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir.

Paylaş
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31