Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qafqaz “əsiri”...

Qafqaz “əsiri”...

18.11.2022 [10:23]

Ermənistan İranın və ya Fransanın regiondakı “QHT”si olmaqdan qurtulmaq və bir dövlət kimi özünü sübut etmək istəyirsə...

Azərbaycanla sülh müqaviləsi bağlamalı, öhdəliklərini yerinə yetirməldir

2020-ci ildə baş vermiş Vətən müharibəsində məğlub olan Ermənistan noyabrın 10-da kapitulyasiya imzalamaq məcburiyyətində qaldı. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatda isə başa çatan Qarabağ münaqişəsindən sonrakı - postmünaqişə dövrü ilə bağlı müəyyən məqamlar da öz əksini tapdı. İmzalanan razılaşmadakı əsas şərtlərdən biri bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsini özündə əks etdirən 9-cu bənd olmuşdu. Təəssüf ki, artıq münaqişənin bitməsindən iki ildən artıq zaman keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi də yerinə yetirmir və məsələni müəyyən manipulyasiyalarla uzadır. Amma...

Ermənistanın məğlubiyyətinin 4 istiqaməti...

Ermənistan Azərbaycana 4 istiqamət üzrə uduzub.

- Dövlət olaraq məğlubiyyətləri və imzaladıqları kapitulyasiya;

- Ordu olaraq uğradıqları acı məğlubiyyət - 44 gün ərzində Azərbaycan Ordusu Ermənistanın silahlı birləşmələrini yerlə-yeksan etdi;

- Geosiyasi mübarizəni uduzdu - Azərbaycan öz qələbəsi ilə regionda yeni siyasi reallıqlar formalaşdırdı;

- Nəhayət, onlar özləri öz xəyallarına, illərlə qurduqları illüziyalara uduzdular ki, bunu da keçmiş prezidentləri Armen Sarkisyan etiraf etmişdi. O bildirmişdi ki, “Bu dövr ərzində Azərbaycan böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edib, bütün bunların fonunda Ermənistan isə arzusunu, xəyallarını bir reallıq kimi qəbul edib”. Yəni Ermənistan cəmiyyətinin qurduğu yalan xəyallar məğlubiyyətə uğrayıb.

Beləliklə, Azərbaycanın qəti qələbəsi regionun inkişafında yeni mərhələnin başlanğıcını qoydu - müharibədən dərhal sonra Azərbaycan Prezidenti İlham

Əliyev bölgədə çoxtərəfli əməkdaşlıq plaftormalarının anonsunu səsləndirdi. Hətta nümayiş etdirəcəyi konstruktiv mövqe əsasında bu əməkdaşlıq plaftormalarında Ermənistanın da iştirakı istisna olunmadı. Amma erməni məkri, erməni xisləti davamlı sülhə, təhlükəsizliyə təhdid yaratmaqda davam edir. Rəsmi İrəvan var gücü ilə sülh prosesi ilə yanaşı, regionda həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələrə də mane olmağa çalışır.

Güvən, yoxsa “qulluq”...

Bu işdə Ermənistana həvəslə havadar durmaq arzusunda olanlar da tapılıb. Postmünaqişə dövründə regionda davamlı sülhün yaranması, təhlükəsizlik arxitekturasının zərər görməməsi üçün atılan addımlar, aparılan danışıqlar daha çox Ermənistanın maraqlarına xidmət edir - bu, danılmaz faktdır. Bu gün diziüstdə olan Ermənistan dövlətçiliyi, sosial vəziyyət məhz yeni əməkdaşlıqlar və sülh nəticəsində regenerasiya edə bilər.

Amma nəticədə tamam fərqli mənzərənin şahidiyik. Ermənistan üzdə Fransaya və İrana “güvənərək” Zəngəzur layihəsinin gerçəkləşməsinə mane olur. Bu “güvən” isə daha çox əsirlik, “qulluq” mənasına xidmətə edir. Ermənistan anlamır ki, hər iki dövlət - həm İran, həm də Fransa onun düşdüyü əsir durumundan öz məqsədləri üçün istifadə edir.

İranın Ermənistana dəstəyi - Tehran öz maraqları üçün İrəvanı qurban seçib

İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin arxasında dayanan səbəblər fərqlidir və bəllidir. Birinci növbədə rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Bunun ilkin səbəbi İranda yaşayan çoxmilyonlu azərbaycanlıların pozulan hüquqlarıdır. İran qorxur ki, güclü Azərbaycan apardığı despot siyasəti üçün İrandan hesab soracaq. Digər tərəfdən, İranın hazırki geosiyasi durumu da ürəkaçan deyil - çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Belə olan halda, İran Azərbaycanla düşmənçilik kontekstində özünə “düşmən” saydığı ölkələrlə dil tapmağa çalışır. Onların maraqlarının regiondakı “ifadəçisi” olmaq istəyir. Əks halda, İran üçün Təbrizdə erməni baş konsulluğunun açılması və ya Qafanda İran konsulluğunun fəaliyyətə başladılması heç də həyati əhəmiyyət daşımır. Bu addımlar birbaşa Azərbaycana qarşı düşmənçiliyin aşkar şəkildə ortaya qoyulmasıdır.

Üçüncü bir tərəfdən, İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrinin maraqlarına xidmət göstərir. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə dəfələrlə bu layihənin gerçəkləşəcəyi təqdirdə İranın da iqtisadi dividenlər qazanacağını açıq şəkildə bildirirlər. Tehran isə öz yolunu, öz xəttini “seçir” - həm Azərbaycanla, həm də Türkiyə ilə düşmən olmaq bahasına anti-Türk dairələrə, hansı ki, ona qarşı irəli sürülən sanksiyalarda əsas söz sahibidirlər, xidmət etmək xəttini yürüdür.

Ermənistan isə anlamır ki, İran sadəcə ondan öz maraqları üçün istifadə edir. Hazırki vəziyyətdə Ermənistan üçün daha real xilas yolu olan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri ilə İran Ermənistana ən böyük pisliyi edir.

Fransanın Ermənistana “ayı xidməti”...

Fransaya gəldikdə isə, bu dövlətin ermənipərəst xisləti daha aydın şəkildə bəllidir. 30 ilə yaxın davam etmiş keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun üzvü kimi “missionerliyini” tam başa çatdırmayan Fransa regiona yenidən nüfuz etmək niyyətindədir. Bu yolda isə Ermənistandan vasitə kimi istifadə edir. Mənzərəni tam açmaq üçün bəzi məsələlərə diqqət yetirək:

- Aİ Şurasının Azərbaycan ilə Ermənistan arasında artıq bir ilə yaxındır ki, davam edən sülhyaratma vasitəçiliyi real nəticələr yaradırdı. Fransa prosesi görürdü və anlayırdı ki, sülh müqaviləsi imzalanacağı, sərhədlər müəyyənləşəcəyi təqdirdə onun regiona yenidən müdaxilə şansları tamamilə ortadan qalxacaq.

- Belə olan təqdirdə Fransanın bir yolla özünü yenidən danışıqlar prosesinə salmaq cəhdləri başladı. Prezident Makron sanki qeyri-rəsmi olaraq Brüssel sülh danışıqlarının “iştirakçısına” çevrildi. Burada məqsəd bəlli və aydındır. Fransa bütün kartlarını açıb - boş yerə Azərbaycana qarşı qərəzini, qeyri-demokratik və ədalətsiz münasibətini açıq bildirmir. İstər Makronun Azərbaycanın “işğalçı” qiyafəsində təqdim etmə cəhdləri, istərsə də Senatın son qərəzli qətnaməsi bütün dünyada Fransa üçün neqativ münasibət yaradacaq amillərdir və bunu rəsmi Paris başa düşür. Amma öz maraqları üçün, regionda yaranacaq yeni iqtisadi perspektivlərin iştirakçısı və ya tərəfi olmaq üçün bunu da gözə alır. Bu mənada, Fransanın Ermənistana göstərdiyi “dəstək” “ayı xidməti”ndən o yana getmir...

Nəticə etibarı ilə, Ermənistan seçim qarşısındadır - ya “Qafqaz əsiri”nə çevrilərək böyük güclərin, dövlətlərin maraqlarının və ya oyunlarının vasitəsi kimi istifadə olunacaq; ya da Azərbaycanla sülh müqaviləsi bağlayaraq öhdəliklərini yerinə yetirəcək. Bəlkə, ondan sonra Ermənistan xarici dairələrin regiondakı “QHT”si olmaqdan qurtula və bir dövlət kimi özünü sübut edə bilər...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31