Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhdən yan keçən məramlılar...

Sülhdən yan keçən məramlılar...

13.12.2022 [10:20]

1064 gün qalsa da, ərazilərimizdən daha tez çıxarıla bilərlərmi?

Mübariz ABDULLAYEV

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın müəyyən ərazilərində Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Sözügedən sənədə əsasən, Rusiya sülhməramlılarının respublikamızda qalma müddəti müvəqqətidir. Onların ərazilərimizi tərk edəcəkləri vaxta cəmi 1064 gün qalır.  Üçtərəfli Bəyanatla sülhməramlı kontingentə konkret missiya həvalə olunub. Ancaq proseslərin gedişindən görünür ki, sülhməramlılar öz missiyalarını lazımi səviyyədə yerinə yetirmirlər və yaxud bunu etmək istəmirlər.

Sülhməramlılar ermənilərin havadarları rolunda

İlk növbədə diqqəti çəkən mühüm məqamlardan biri odur ki, sülh­məramlılar öz məsuliyyətlərini unudaraq bilavasitə ermənilərə havadarlıq edirlər və onların qeyri-qanuni hərəkətlərinə göz yumurlar. Bunu yalnız bir neçə faktın timsalında isbatlamaq mümkündür.

Beləliklə, birinci məqam: Üçtərəfli Bəyanatda erməni hərbi birləşmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı müddəa öz əksini tapıb. Sənədə əsasən, proses paralel olaraq həyata keçirilməli idi - sülhməramlılar yerləşirlər və eyni vaxtda da erməni hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxardılırlar. Sülhməramlı kontingentin fəaliyyətə başlamasından təxminən iki il ötsə də, erməni hərbi birləşmələri bəhs olunan ərazilərdə qalmaqda davam edirlər. Rusiya sülhməramlıları isə buna seyirçi münasibət bəsləyirlər. Niyə? Nə üçün sülhməramlılar öz missiyalarını yerinə yetirərək həmin hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxardılmalarını təmin etmirlər?

İkinci məqam: Qeyd edək ki, Rusiya sülhməramlılarının xeyir-duası ilə Xankəndidə qalan erməni hərbi birləşmələri vaxtaşırı silahlı təxribatlara əl ataraq Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan atəşə tuturlar.  Son günlərdə belə təxribatlar Şuşa istiqamətində daha da intensivləşib. Təəccüblüdür ki, sülhməramlılar özlərini silahların səsini eşitməyən kimi aparırlar.

Üçüncü məqam: Daha bir mühüm məqam minalarla bağlıdır. Ərazilərimizə Ermənistandan minaların daşınmasının qarşısı alınmır. Bu ilin avqustundan etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə 2728 mina aşkar edilib. Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb. Rusiya sülhməramlılarının müvəqqəti xidmət apardıqları ərazilərdə Ermənistanda istehsal olunan minaların basdırılmasına göz yummalarının heç bir izahı yoxdur. Basdırılan minalar humanitar fəlakətə səbəb olur və sülhyaratma prosesinə ciddi xələl gətirir. Bəs nə üçün Rusiya sülhməramlıları ermənilərin mina təxribatlarının qarşısını almırlar?

Dördüncü məqam: Rusiya sülh­məramlıları Azərbaycanın icazəsi olmadan Xankəndiyə və onların müvəqqəti nəzarətlərində olan digər ərazilərimizə xarici ölkələrdən olan vətəndaşların gəlmələrinin qarşısını almırlar. Son olaraq  Xankəndiyə 27 nəfər İran vətəndaşının gəlməsi aşkarlanıb. Həmin şəxslərin Azərbaycan ərazilərinə şübhəli məqsədlərlə gəlmələrini təsdiqləyən faktlar var. Sülhməramlı kontingentdən məsuliyyətsizcəsinə bildirilib ki, İran vətəndaşları Xankəndiyə tikintidə işləmək üçün gəliblər. Halbuki həmin şəxslərə Azərbaycan belə bir icazəni verməyib. Alınan məlumatlarda isə bildirilir ki, İran vətəndaşları Xankəndiyə buradakı erməni hərbi birləşmələrinin üzvlərinə təlimlər keçirlər, onlara yenə də İrandan gətirilən silahlarla davranmağı öyrədirlər. Bütün bu kimi hadisələrin fonunda növbəti sual yaranır: Xankəndi karvan yoluna çevriləcəkdisə, onda Laçın dəhlizi boyunca postlar niyə qurulub?

Beşinci məqam: Rusiya sülhməramlıları müvəqqəti nəzarət zonalarında ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətlərinə göz yumurlar. Ermənilər Azərbaycan ərazilərində ayrı-ayrı faydalı filiz yataqlarının istismarı ilə məşğuldurlar. Sərvətlərimiz talanır. Eyni zamanda, ekologiyaya ciddi ziyan vurulur. Bunun qarşısını almaq sülhməramlıların birbaşa məsuliyyətidir. Ancaq sülhməramlılar nəinki öz missiyalarını yerinə yetirməyiblər, hətta mövcud vəziyyətlə əlaqədar ərazidə monitorinq aparmaq istəyən rəsmi dövlət qurumlarının fəaliyyətlərini həyata keçirmələrinin qarşısını alıblar. Eləcə də sülhməramlılar Azərbaycanın KİV təmsilçilərinin ərazilərimizdə sərbəst hərəkət etmələrinə imkan verməyiblər. Bunlar sülhməramlıların bütün əndazələri aşmaları anlamına gəlir.

Ermənilər sülhməramlıların geyimində

Bəli, təəccüblənməyinə dəyməz - bu nonses də Rusiya sülhməramlıların məramsız fəaliyyətlərinin təkib hissəsini təşkil edir. Bununla bağlı ilk şübhələr bir neçə gün bundan əvvəl İctimai Televiziyanın lentə aldığı videodakı süjet əsasında yaranmışdı. Həmin süjetdə müxbirin suallarını sülhməramlı kontingentin üzvü cavablandırır. Ancaq sualları rus dilində cavablandıran bu “sülhməramlının” diksiyası, manevrləri onun erməni olduğunu təsdiqləyir. Növbəti belə fakt dünən Şuşa-Laçın yolunda keçirilən aksiya zamanı aşkarlanıb. Belə ki, aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb. Həmin hərbi qulluqçu onlara ermənicə cavab verib. Hadisə yerində olan jurnalistlər bildiriblər ki, sülhməramlıların aksiyaya çıxan nümayəndələrinin arasında 3 erməni olub. Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb. Görəsən, sülhməramlıların geyim formaları ermənilərin əlinə haradan keçib?

Laçın-Şuşa yolunda etiraz aksiyası

Biz Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə və yaxud məsuliyyətsizliyinə dair çox sayda başqa faktlar da sadalaya bilərik. Təbii ki, bütün bunlar Azərbaycan cəmiyyətində etirazlar yaradır. Dekabrın 12-də qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda etiraz aksiyası keçirib. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildiriblər.

Ekoloji fəallar çadırlar qurublar və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmayınca oradan getmək fikrində deyillər.

Əllərində plakatlar və bayraqlar tutmuş, şüarlar söyləyən dinc etirazçıların qarşısında silahlı Rusiya sülhməramlıları dayanıb.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Belə sülhməramlılar Azərbaycana lazım deyillər

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən siyasi icmalçılar və hərbi ekspertlər bildirdilər ki, sülhməramlıların fəaliyyəti qanunlardan və beynəlxalq hüquq normalarından kənara çıxır. Belə sülhməramlılar Azərbaycana lazım deyillər. Qəzetimizə danışan politoloq İlyas Hüseynov bildirib ki, artıq uzun müddətdir müvəqqəti olaraq Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti  ilə bağlı narazılıqlar mövcuddur. Bu narazılıqlar da səbəbsiz deyil. Çünki sülhməramlılar ermənilərə açıq şəkildə havadarlıq edirlər, özlərini ərazilərin sahibləri kimi aparırlar. Rusiya sülhməramlı kontingenti azərbaycanlı ekoloqları, qeyri-hökumət təşkilatlarını, ictimai fəalları, KİV nümayəndələrini öz ərazilərimizə buraxmaqdan imtina edirlər. Bu da dözülməz bir haldır. Politoloq vurğulayıb ki, Azərbaycan vətəndaşları öz ərazilərində sərbəst hərəkət etmək hüququna malikdirlər. Bu, konstitusion hüquqdur. Eyni zamanda, belə yanaşma qəbul olunmazdır. “Xankəndi-Şuşa yolu yaxınlığında çadırların qurulması, piketlərin həyata keçirilməsi, çağırışların edilməsi ilk növbədə Azərbaycanın haqq işinin geniş auditoriyaya çatdırılması ilə bağlıdır. QHT-lər burada xüsusi fərqləndilər. Eyni zamanda, Rusiya sülhməramlıları növbəti dəfə QHT-ləri və ictimai fəalları bölgəyə buraxmaqdan imtina etdilər. Xüsusilə vurğulamaq lazımdır ki, Rusiya sülhməramlıları kontingentinin rəhbəri Volkovla aparılmış danışıqların nəticəsi olaraq ekoloji terrorun qarşısının alınması və monitorinq yönündə razılıq əldə olunmuşdu. Lakin separatçıların hiyləgərliyi və etnik ermənilərin ekoloqların qarşısına çıxmaları, onların əraziyə buraxılmamaları nəticəsində ziddiyyətlər daha geniş vüsət aldı. Hazırda bölgədə yaşananlara görə bütün məsuliyyəti  sülhməramlılar daşıyırlar. Burada növbəti sual ortaya çıxır: Ola bilər ki, sülhməramlılar vaxtından tez bölgəni tərk eləsinlər. Mən belə bir ssenarini istisna etmirəm. Çünki Laçın dəhlizi boyunca yerləşən sülhməramlılar dəfələrlə bu dəhlizin qeyri-qanuni məqsədlərə xidmət etməsinə ya göz yumublar, ya da belə hallara bilavasitə təkan veriblər. Azərbaycan ərazilərinə minaların, muzdluların, diversantların, terrorçuların daşımasında fəal rol oynayan sülhməramlılar öz öhdəliklərini yerinə yetirə bilmirlər, beynəlxalq hüquqdan irəli gələn vəzifələrindən kənar addımlar atırlar. Buna görə də Azərbaycan müvafiq addımı ata bilər”, - deyə İlyas Hüseynov fikirlərinə yekun vurub. 

“Baş verən hadisələr bir daha onu göstərir ki, Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi öz üzərinə düşən vəzifələri tam yerinə yetirə bilmir. Eyni zamanda, sülhməramlılar azərbaycanlılara qarşı ayrı-seçkilik edirlər, ərazilərimizə əcnəbi jurnalistləri, diplomatları buraxdıqları halda, Azərbaycandan olan ekoloqların ölkəmizə məxsus olan yataqlarda monitorinq aparmalarına maneçilik törədirlər. Bir neçə gün bundan əvvəl azərbaycanlı jurnalistlərin də ərazilərimizdə sərbəst hərəkətlərinə imkan verilmədi.  Dünən isə baş verən aksiyalarda Real TV-nin əməkdaşına qarşı zor tətbiq edilib, bundan başqa, Report-un xidməti maşınına xəsarət yetirilib. Bu isə bir daha onu göstərir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin ərazilərimizdə mövcudluq müddətini qısalda bilər. Başqa sözlə desək, Volkov və onun tabeçiliyində olan sülhməramlı adlandırılan kontingentin ərazilərimizdən daha tez müddətdə çıxarılması ehtimalı tam realdır. Xatırladıram ki, Volkov tərəfindən törədilən bu fəaliyyətlər birgə Bəyanatın şərtlərinə tamamilə ziddir”. Bu fikirləri isə “Yeni Azərbaycan”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ifadə edib. O bildirib ki, sülhməramlı kontingent müvəqqəti nəzarət etdiyi ərazilərdə mövcud olan erməni hərbi birləşmələrini oradan çxarmayıb. Bu isə sülhməramlı kontingentin birmənalı olaraq Azərbaycan ərazilərindən vaxtından əvvəl özlərinin çıxarılmasının zəruriliyini  şərtləndirən faktorlardan biridir. Ədalət Verdiyev vurğulayıb: “Bütün cəmiyyətimiz, hərbi mütəxəssislər baş verənlərdən narahatdırlar. Biz heç bir halda razılaşa bilmərik ki, ərazilərimizə buraxdığımız sülhməramlı kontingent erməni silahlıları ilə sövdələşmələrə əsaslanmaqla Azərbaycan vətəndaşlarının ərazilərimizə buraxılmalarına maneçilik törətsinlər. Hər birimiz Rusiya sülhməramlılarının qanunsuz fəaliyyətinə qarşı etiraz səsimizi ucaltmalıyıq”.

Paylaş:
Baxılıb: 292 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29