Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli iradənin təntənəsi

Milli iradənin təntənəsi

29.05.2023 [11:03]

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ilk səfəri üçün Azərbaycana dəvət etdi

Mayın 28-də Türkiyədə keçirilmiş prezident seçkilərinin ikinci turu başa çatdı. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qəti qələbəsi türk vətəndaşlarının son 21 ildə yürüdülmüş düzgün və milli maraqları özündə ehtiva edən dövlət siyasətinə növbəti etimadını ortaya qoydu. Xatırladaq ki, Ali Seçki Şurası (Yüksek Seçim Kurulu)nun son məlumatına görə, açılan seçki qutularının sayı 99,85 faiz təşkil edir. 64 milyon 197 min 419 ümumi seçicidən 83, 87 faizinin qatıldığı və 53 milyon 841 min 229 səsin verildiyi seçkinin nəticələrinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan 52, 16 faiz səs qazanıb. Onun rəqibi CHP sədri Kamal Kılıçdaroğlu isə 47, 84 faiz səslə ikinci olub.

Türkiyə seçicisinin bu parlaq etimadı hazırki dövlərt başçısı Rəcəb Tayyib Ərdoğana növbəti dövr üçün prezidentlik səlahiyyəti tanıyır. Bu isə o deməkdir ki, qardaş ölkədə çoxşaxəli və uğurlu inkişaf davam edəcək.

Qeyd edilməlidir ki, bütün dünyada diqqət mərkəzində olan seçkilər  Azərbaycanda da diqqətlə izlənilirdi. "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə bu mühüm siyasi hadisəyə – prezident seçkilərinə həm də iki qardaş ölkənin son dövrlərdə yaratdığı yeni siyasi reallıqlar müstəvisindən yanaşır. Təsadüfi deyil ki, prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev oldu.

İlk təbrik edən Azərbaycan Prezidenti oldu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək, əmin olduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib. Cənab İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

Eyni zamanda, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu da ünvanlayıb. Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığı qələbə münasibətilə təbrikin qeyd edildiyi məktubda bildirilib ki, milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir: "Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm. Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm". 

İlk səfər dəvəti Azərbaycandan gəldi – xoş ənənə davam edir...

Həm telefon zəngində, həm də məktubda qeyd edildiyi kimi bu uğur Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyinin “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da davam edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik yaradır. Azərbaycanın son 20 ildə qazandığı uğurlar və keçdiyi inkişaf yolu mühüm qələbələrə yol açdı. Bu Zəfər tarixinin yaşandığı dövrdə Türkiyə Azərbaycanla yan-yana, çiyin-çiyinə addımladı. Iki dövlət başçısı arasındaki münasibətlər isə daha çox qardaşlıq münasibəti kimi xarakterizə olundu. Bunun nəticəsidir ki, qlobal siyasi arenada bu gün Türkiyə və Azərbaycan adları birgə çəkilir, "bir millət, iki dövlət" fəlsəfəsi ilə assosasiya olunur.

Azərbaycan Prezidentinin cənab Rəcəb Tayyib Ərdoğana ilk səfərini Azərbayacana etməsi ilə bağlı dəvəti isə qardaşlıq nümunəsinin daha mühüm təcəssümüdür. Qeyd edilməlidir ki, artıq bu hal uzun illərdir ki, bir ənənəyə çevrilib. Xalqın etimadını qazanan dövlət başçıları ilk səfərlərini qarşılıqlı olaraq qardaş dövlətə edir, bununla da birgəliyin, qardaşlığın, strateji müttəfiqliyin davamlı olacağını nümayış etdirirlər. Bu gün qlobal siyasi aktora çevrilmiş Türkiyənin  regional layihələrin icrası prosesindıə oynadığı mühüm rol Azərbaycan – Türkiyə qardaşlığının nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn, Türkiyənin dəstəyi ilə artıq reallığa çevrilmək üzrə olan "Türk yolu" layihəsi bu iki dövlətin bütövlükdə Türk dünyası üçün yaratdığı yeni inkişaf mərhələsidir. Bu mərhələnin formalaşması isə birbaşa iki dövlət başçısının qardaşlıq münasibətlərinin təzahürüdür.

Türk dünyasının gələcək inkişafında yeni mərhələ

Beləliklə, "28 may" artıq Azərbaycanla yanaşı Türkiyə tarixində də özünəməxsus yeri olan bir tarixə çevrildi. Bu tarix ötən yüzilliyin əvvəlində Azərbaycana milli müstəqillik qazandırmışdısa, yeni dövrdə Türkiyədə "Türk Əsri"nin əsasını qoyacaq. Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dünyaya növbəti nümayişinə çevriləcək. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir - çətin günlərdə də, qazanılan zəfərlərdə də. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verdi və bu dəstək 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş olundu. Türkiyənin Azərbaycanın yanında olduğunun qətiyyətlə səsləndirilməsi, bu mənəvi-siyasi dəstək isə qələbəmizdə özünəməxsus yer tutdu.

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Bu ilin fevralında qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Respublikamız Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoymaqla bu qardaşlığın əbədi olduğunu bir daha ortaya qoydular.

Beləliklə, 28 may qələbəsi bütövlükdə Türk dünyasının gələcək inkişafı yoluna yeni mərhələ qazandırır. Bu gün Türkdilli ölkələrin birliyi yeni regional güc mərkəzi formalaşdırır. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, din-etiqad vəhdəti, siyasi və iqtisadi maraqların uzlaşması, coğrafi bağlılıq kimi amillər bu sarsılmaz birliyin gücünü, qüdrətini şərtləndirir. Azərbaycan –Türkiyəı qardaşlığı isə bu birliyin, bütövlükdə Türk Dövlətləri Təşkilatının daha yüksək inteqrasiyasının nümunəsinə çevrilir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30