Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Araz sahili boyunca...

Araz sahili boyunca...

14.11.2023 [10:30]

Yeni nəqliyyat bağlantısı

Heç bir dövlət qonşu ölkələrlə yaxşı münasibətlər qurmadan uğurlu inkişafını təmin edə bilməz. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında bu fikri dəfələrlə əsaslandırıb. Öz növbəsində Azərbaycan bu həqiqəti apardığı ardıcıl siyasəti ilə təsdiqləyir. Ölkəmizin fəal qonşuluq siyasəti xoş mərama əsaslanır. Respublikamız qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Bu kontekstdə Azərbaycanla İran arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin genişlənməsi də diqqət çəkir. Noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri ətrafında müzakirələr aparılıb. Görüşün önəmini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb ki, bu, ikitərəfli gündəliyin və regional əməkdaşlığın mühüm məsələlərinin müzakirəsi üçün yaxşı fürsətdir.

Azərbaycanın yaratdığı yeni reallıqlar

Görüşdə diqqət çəkilən əsas mövzulardan biri Azərbaycanın regionda yaratdığı reallıqlar olub. Təxminən 30 il ərzində digər bir qonşu dövlətin - havadarları tərəfindən dəstəklənən Ermənistanın təcavüzünə məruz qalan və böyük humanitar fəlakət yaşayan ölkəmiz işğal faktı ilə heç vaxt barışmadı. Nəhayət, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə şanlı Zəfərə imza atan respublikamız tarixi ədalətsizliyə son qoydu və ərazi bütövlüyünü öz gücünə təmin etdi. Azərbaycan 2023-cü il sentyabrın 19-da başladığı lokal xarakterli antiterror tədbirlərini də cəmi 23 saat ərzində uğurla tamamladı. Artıq Qarabağda ölkəmizin suverenliyi tam təmin olunub, separatizmin kökü kəsilib. “Sentyabrda biz antiterror əməliyyatı keçirdik, nəticədə Azərbaycanda separatizmə son qoyuldu. Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qalib Azərbaycan artıq müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Nəhayət, regiona sülh gəlməli, ölkələrin potensialı inkişafa, əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilməlidir. Azərbaycanın yaratdığı reallıqlar bütün dünya, o cümlədən də region dövlətləri tərəfindən qəbul olunur və yüksək dəyərləndirilir. Bunu İran Prezidenti Seyid İbrahim Rəisinin görüşdə səsləndirdiyi fikirlər bir daha təsdiqləyir. “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”, - deyə qonşu ölkənin dövlət başçısı vurğulayıb.

Postmüharibə dövründə Azərbaycanın əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlıdır. Ötən üç ildə böyük həcmlərdə investisiya qoyuluşu hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilib. Göz önündə yeni bir Qarabağ formalaşır. Hazırda həmin ərazilərdə soydaşlarımızın məskunlaşdırılması da uğurla davam edir. Bərpa layihələrinə dost ölkələr də qoşulublar. O cümlədən qonşu İran da prosesdə iştirak etmək niyyətindədir. Ölkəsinin istəyindən söhbət açan İran Prezidenti “Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”, - deyə bildirib.

Şimal-Cənub Dəhlizinin daha bir istiqaməti

Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan qısa müddətdə Avrasiyanın mühüm tranzit hablarından birinə çevrilib. Bunu şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya olunmuş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Həmçinin respublikamızda Orta Dəhlizin hər iki marşruta bağlantıları var. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca müasir nəqliyyat-logistika infrastrukturu qurulub. Prezident İlham Əliyev noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında birmənalı şəkildə bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

O cümlədən Azərbaycanla qonşu İran arasında da nəqliyyat sahəsində əlaqələr uğurla inkişaf edir. Hər iki ölkə Şimal-Cənub Dəhlizinin funksonallığının artmasına böyük maraq göstərir. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan dövlətdir. İndiyədək respublikamız bu marşrut üzrə öz ərazisində böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən qurulub. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verilib, Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb və yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı Azərbaycan Dövlət Dəmir Yolları QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir. İki ölkə arasında daha bir irimiqyaslı nəqliyyat layihəsinin icrasına başlanılıb. İran Prezidenti ilə görüşdə bu barədə məmnunluqla söhbət açan dövlətimizin başçısı deyib: “Çox şadam ki, İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcəkdir. Yəni, nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”.

Hazırda Araz çayının cənub sahili boyunca yeni nəqliyyat infrastrukturunun yaradılması layihəsinin icrası intensiv şəkildə davam etdirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 30 oktyabr 2023-cü il tarixində “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq Azərbaycanı İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına birləşdirmək üçün Biləsuvar-Bazərqan magistral yolu çəkiləcək. Magistral yolun tikintisini Xatəmul-Ənbiya Qərargahı həyata keçirəcək. İran tərəfindən verilən məlumata əsasən,  yolun tikintisinə sərmayənin 50 faizini qonşu ölkənin Nəqliyyat və Şəhərsalma Nazirliyi, 50 faizini isə özəl sektor yatıracaq.

Bəhs olunan marşrut üzrə həmçinin İran ərazisindən keçməklə Şərqi Zəngəzurla Naxçıvan arasında yeni dəmir yolu xətti çəkiləcək. Bununla bağlı cari il oktyabrın 6-da Bakıda Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Tərəflər Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı gündəlikdə duran ikitərəfli aktual məsələlər müzakirə edilib. Müzakirələrin yekununda iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 264 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İdman

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Sadəcə Kissencer...

01 Dekabr 10:35

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xarici siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31