Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 32 ildən sonra...

32 ildən sonra...

08.03.2024 [10:35]

Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılmasının cavabı olacaqmı?

Ötən ilin sonuna qədər daha çox qapalı şəkildə gedən Rusiya-Ermənistan çəkişməsi artıq açıq müstəviyə qədəm qoyub. Baş nazir Nikol Paşinyanın KTMT-dəki fəaliyyətlərini “dondurmaları” ilə bağlı bəyanatı Kreml tərəfindən qəbul edilməmişdi. Rəsmi Moskva bunun mümkünsüzlüyünü mexanizmin olmaması ilə izah eləmişdi. Bununla belə, Ermənistanın Fransa və başqa ölkələrlə hərbi sazişlər bağlaması, öz müttəfiqlərinə qarşı xəyanətkar mövqe tutması da qəbul olunası hal sayıla bilməzdi - bu baxımdan, Rusiyanın nümayiş etdirdiyi mövqe İrəvan üçün xəbərdarlıq xarakteri daşıyırdı.

Amma deyəsən, bu “xəbərdarlıq” tamam fərqli addımlarla müşayət olunacaq. Ermənistanın Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması üçün Moskvaya rəsmi məktub göndərməsi məsələnin axarını dəyişə bilər. Xatırladaq ki, paytaxt İrəvanda yerləşən bu aeroport Ermənistanın ən böyük beynəlxalq transport vasitəsidir.

Öz sərhədçiləri olmadıqda...

1991-ci ildə Ermənistan müstəqillik əldə edən zaman respublikanın öz sərhədçiləri yox idi və sərhədlərini müstəqil şəkildə qoruya bilmirdi. Rusiya Federasiyası ilə Ermənistan arasında xarici sərhədlərin birgə mühafizəsi haqqında müqavilə bağlandı - 1992-ci il sentyabrın 30-da İrəvanda “Rusiya Federasiyasının Ermənistan Respublikası ərazisində yerləşən Sərhəd Qoşunlarının statusu və onların fəaliyyət göstərməsi şərtləri haqqında” dövlətlərarası saziş imzalandı. Sənədə əsasən, Ermənistanın Türkiyə (uzunluğu - 345 km) və İranla (45 km) sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur.

İlk illərdə Ermənistanda Rusiya sərhəd dəstəsi Rusiyanın Federal Sərhəd Xidmətinin (FBS) Qafqaz Xüsusi Sərhəd Dairəsinin tərkibində “Ermənistan” hərbi qrupu adlanırdı. 1999-cu ilin mayında isə hərbi qrupun əsasında Rusiya Federal Sərhəd Xidmətinin Ermənistanda Əməliyyat Qrupu yaradıldı. 2002-ci ilin avqustundan sərhəd birliyi Rusiyanın Ermənistanda Federal Sərhəd Mühafizə Xidmətinin Sərhəd Qrupu adlanmağa başladı. 2003-cü ildə FBS-in funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verildikdən sonra Ermənistanda Rusiya Federasiyası FTX-nin sərhəd şöbəsi yaradılıb. Artıq uzun illərdir ki, adıçəkilən aeroport da daxil olmaqla Ermənistanın bir sıra strateji obyekti həmin sərhəd şöbəsi tərəfindən qorunur.

Qriqoryan “göndərilib” deyir, Kreml təkzib edir...

Amma deyəsən Paşinyan administrasiyası yeni dönəmdə aeroportun Rusiya sərhədçiləri tərəfindən qorunmasını istəmir. Rəsmi məktubun Kremlə göndərildiyini Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib. Qriqoryanın sözlərinə görə, ölkə rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Ermənistanın Sərhəd Xidmətinin əməkdaşları İrəvanın “Zvartnots” hava limanında xidmət etməlidir və ölkənin bunun üçün bütün imkanları var. Kremlin mətbuat katibi Dmitri Peskov isə Qoriqoryanı təkzib edib və Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində jurnalistlərə bildirib ki, Ermənistan tərəfindən Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” aeroportundan çıxarılması ilə bağlı qərar verilməyib və bu barədə Rusiya məlumatlandırılmayıb. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri rəsmi İrəvanın Kremlə qarşı növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirib və bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət daxil olmayıb.

Rusiya ictimaiyyətinin reaksiyası...

Bununla belə, artıq Rusiya ictimaiyyəti baş verənlərə qarşı dövlətin hansısa addımları atmasının zəruriliyini müzakirə edir. Siyasi ekspert Yevgeni Mixaylov bildirib ki, tezliklə erməni mallarının Rusiya ərazisinə girişini bağlasaq, təəccüblənmərəm: “İrəvanın antirusiya ritorikası üzərində təsir rıçaqlarımız var. Təbii ki, erməni xalqına yazığımız gəlir, amma İrəvanın bu siyasəti davam edərsə, yaxşı heç nəyə səbəb olmayacaq”.

Ermənipərəst mövqeyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə bildirib ki, Ermənistan hökuməti Rusiya ilə münasibətləri açıq-aşkar şəkildə kəsir. “Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə desinlər, yavaş-yavaş bizim xəbərdarlıq etdiyimizi, yəni KTMT-dən çıxmağı həyata keçirirlər, sonra da Gümrüdən 102-ci bazanın çıxması məsələsini qaldıracaqlar”, - deyə rusiyalı deputat vurğulayıb.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30