Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qafqaz Albaniyasına səyahət – öyrənilməmiş səhifələrin izi ilə

Qafqaz Albaniyasına səyahət – öyrənilməmiş səhifələrin izi ilə

12.11.2015 [10:04]

Tarix - bizə kimliyimizi tanıdan, dövlətçilik ənənələrimizi yaşadan, tolerantlığımıza şahid olan əsrlərin daş yaddaşı. Tarix - soy kökümüzü qoruyan sirr pərdəsi. O sirləri açmaq, dərin araşdırmalar süzgəcindən keçirmək, oyadaraq gələcək nəsillərə ötürmək müqəddəs missiyadır.
Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası son dövrlər tapılmış antik yaşayış məskənləri ilə hazırda ölkə ictimaiyyətinin diqqətini cəlb edir. Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən arxeoloq-alimlərimiz tariximizin açılmamış səhifələrini araşdırmaqda davam edirlər. XX əsrin 70-ci illərindən başlayaraq, bu məsələ arxeoloqların diqqətini cəlb etsə də, Azərbaycanda qədim dövrdə salınmış antik yaşayış məskənləri yalnız son illərdə ciddi şəkildə öyrənilməyə başlanılıb. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Yaradıcılıq Fondu ilə birgə silsilə tədbirlər həyata keçirir. “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində Qafqaz Albaniyasının tarixinə, abidələrinə dair Azərbaycanın müxtəlif bölgələrində artıq 20-dən çox mühazirə təşkil olunub, tarixi məkanlara yerli və xarici tələbələrin səfərləri həyata keçirilib, “dəyirmi masa”lar, müzakirələr olub. Bilik Fondu tariximizin qədimliyini və Azərbaycanın bəşər sivilizasiyasının ilk məskənlərindən biri olduğunu göstərmək məqsədilə tanınmış alimlərimizin iştirakı ilə Qafqaz Albaniyası marşrutu üzrə turlar müəyyənləşdirib.
2015-ci il aprelin 21-də İtaliyanın Pontifik Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və “Nodo di Kordio” Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda keçirilən beynəlxalq konfransda Bilik Fondu Qafqaz Albaniyası abidələrinin fotosərgisini təşkil edib. Sərgidə Azərbaycan ərazisində tapılmış qədim yaşayış məskənlərinin, Alban mədəniyyətinə məxsus tikililərin fotoları nümayiş olunub. Konfrans iştirakçıları sərgini böyük maraqla izləyiblər.
Sentyabrın 22-də Qazaxda keçirilən tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova iştirakçılara Qafqaz Albaniyası və arxeoloji qazıntılar barədə danışıb. Alim həm Qarabağ bölgəsində, həm də Gədəbəy rayonunda aşkar edilən arxeoloji tapıntılar, həmçinin Qazax rayonunda yerləşən Qafqaz Albaniyasının maddi-tarixi abidələri barədə geniş məlumat verib. Tədbirə qatılan tələbə və şagirdlər rayon mərkəzindəki kilsəyə, Daşsalahlı kəndindəki Damcılı yaşayış məskəninə, qədim albanlara məxsus məbədə ekskursiya ediblər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Çöl tədqiqatları” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevin rəhbərlik etdiyi Mil-Qarabağ arxeoloji ekspedisiyası 2008-ci ildən etibarən Qalatəpədə tədqiqatlar aparıb və aparılan arxeoloji qazıntılar bu abidənin antik və orta əsrlərə (e.ə.III - b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər məskəni olduğunu təsdiq edib. Bilik Fondu oktyabrın 31-də müxtəlif ali məktəblərdə təhsil alan bir qrup tələbənin Ağcabədi rayonuna səfərini təşkil edib. Səfərdə azərbaycanlı gənclərlə yanaşı, əcnəbi tələbələr də iştirak ediblər. Qalatəpə ekskursiyasına bələdçilik edən Təvəkkül Əliyev Mil-Qarabağ düzündə - Ağcabədi rayonunun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qarqarçayın sağ sahilində yerləşən, ümumi sahəsi 26 ha malik olan, Azərbaycanın qədim dövr tarixinin şahidi olan Qalatəpə (Ayniana - Yunan) yaşayış məskəni haqqında maraqlı məlumat verib. T.Əliyev aparılan arxeoloji qazıntılar əsasında əldə edilən dəlillərə söykənərək, bu ərazidə insanların eramızın əvvəllərindən etibarən yaşamağa başladığını deyib. Təcrübəli arxeoloq bu yaşayış məskəninə məxsus olan antik nekropolda 14 küp və 3 torpaq qəbrin tapıldığını, bu qəbirlərdən alban tayfalarının gündəlik həyatını, məşğuliyyətini əks etdirən eksponatların aşkar edildiyini də gənclərin diqqətinə çatdırıb. Bu səfərdə iştirak edən Türkiyə, Polşa, İtaliya, Ukrayna, Pakistan, Qazaxıstandan olan tələbələr Azərbaycan ərazisində belə qədim yaşayış məskəninə ekskursiya etməkdən məmnun olduqlarını bildiriblər.
Ta qədimdən multikultural ənənələrlə yaşayan Azərbaycan ərazisində bütün dinlərin nişanələri, fərqli mədəniyyətlərin daşıyıcısı olan qədim abidələr var.
Bu sıraya Alban Apostol kilsəsinin məbədləri də aiddir. Azərbaycan tarixinin qədim dövr və erkən orta əsrlər mədəniyyətinə aid olan alban kilsələri tariximizin maddi-mədəni irsinin tərkib hissəsidir. Bilik Fondu noyabrın 7-də “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində bir qrup alim və professor-müəllim heyətinin Qəbələyə səfərini təşkil edib. Tarix üzrə fəlsəfə doktoru, tanınmış alim-arxeoloq Mübariz Xəlilovun bələdçilik etdiyi ekskursiyaya Qəbələ rayonunun ziyalıları və mədəniyyət işçiləri də qoşulublar. Bələdçi Alban Apostol kilsəsinə aid olan Cotari kilsəsi haqqında maraqlı məlumat verib. Arxeoloqların fikrincə, 2006-cı ildə açılan Cotari kilsəsi XVII əsrdə Müqəddəs Yelisey məbədinin yerində inşa edilib.
Azərbaycan maddi-mədəni irsinin nümunələrindən olan Alban kilsələrinin öyrənilməsi Azərbaycan muktikulturalizminin çoxlaylı səhifələrinin oxunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu istiqamətdə işləri davam etdirir.
Noyabrın 10-da “Qafqaz Albaniyasının intibahı” layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində “Qafqaz Albaniyasının antik şəhərləri: Azərbaycan tarixinin öyrənilməmiş səhifələrinin izi ilə” mövzusunda “dəyirmi masa” keçirilib.
AMEA-nın alim-tədqiqatçıları və respublikanın ayrı-ayrı universitetlərinin professor-müəllim heyəti və tələbələrdən ibarət dinləyicinin iştirak etdiyi “dəyirmi masa”da Azərbaycan tarixinin qədim kökləri ilə bağlı müzakirələr aparılıb, bəşər sivilizasiyasının qədim beşiklərindən olan Qafqaz Albaniyasının və ölkəmizin ərazisində qorunmaqda olan Alban abidələrinin bütün dünyada tanıdılmasının vacibliyi vurğulanıb. Bu baxımdan “Qafqaz Albaniyasının intibahı” layihəsinin önəmini vurğulayan alimlər bölgələrimizə intensiv olaraq turların təşkilini önəmli addım kimi dəyərləndiriblər. Bilik Fondu layihəyə qatılan gənclərə sertifikatlar təqdim edib.
İnanırıq ki, gənclərimizlə yanaşı, xarici ölkə tələbələrinin, ölkəmizə gələn qonaqların bu maddi-mədəni abidələrimizlə tanışlığı, Qafqaz Albaniyası ərazisini qarış-qarış gəzməsi və bu abidələrin hərtərəfli öyrənilməsi Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına böyük töhfə verəcək.
X.Hüseynova,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun İnformasiya
təminatı sektorunun müdiri

Paylaş:
Baxılıb: 761 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31