Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaşmanın oğlanları - Elə yaşayacam ki, məzarımla da fəxr edəcəksiniz

Yaşmanın oğlanları - Elə yaşayacam ki, məzarımla da fəxr edəcəksiniz

29.10.2021 [09:54]

“Vaxt gələcək çoban Hidayətin nəvəsini barmaqla göstərəcəklər”

Bu gün “Yaşmanın oğlanları” deyilən aslanlardan birinin şəhidlik zirvəsinə ucaldığı gündür. Ruhunu hörmətlə yad edirik.

O, Qarabağ uğrunda birinci müharibənin getdiyi günlərdə dünyaya gəlmişdi. 1993-cü il dekabrın 12-də Tovuzun Alakol kəndində doğulan körpənin 27 il sonra adının bütün ölkədə tanınacağını kimsə güman etməzdi. Qanlı-qadalı günlər idi. Qarabağda namus savaşı gedirdi, kimsənin üzü gülmürdü. O günlərdə bu körpənin də atası könüllü olaraq cəbhəyə getmiş, qızğın döyüşlərdən baş açıb oğluna ad belə verə bilməmişdi. Cavid adını ona əmisi vermişdi. Cavid yaşa dolduqca, ağlı kəsdikcə Qarabağ barədə danışılan hüznlü hekayələri dinləyir, atasının döyüşlərdə iştirakından qürurlanır və bu torpaqların azad edilməsi üçün bir gün özünün də əlinə silah alacağı günü səbirsizliklə gözləyirdi. Qarabağ eşqi onun canına-qanına hopmuşdu. Öz yolunu seçmişdi. Hərbçi olacaqdı. 2012-2013-cü illərdə hərbi xidmətini başa vurduqdan sonra müraciət edib, orduda qalmaq istəyini bildirdi. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində snayperçi kimi xidmətə başladı. Sərrast atışları, dəqiqliyi ilə seçilirdi. Bu gənc sanki snayper tüfəngini qucaqlamaq, hərbçi olmaq üçün doğulmuşdu. İşindən zövq alır, fəxr edirdi. Özünü peşəkar səviyyədə yetişdirmək üçün müxtəlif təlimlərə qatılır, girdiyi hər yarışdan uğurla çıxırdı. Snayper təlimatçısı kimi xidmətinə davam edirdi. Snayperçilik, sərrast atıcılıq Caviddə fitri istedad idi. Bu gün yaşadığı evin divarlarını aldığı çoxsaylı sertifikatlar, təşəkkürnamələr bəzəyir. Bir də tez-tez işlətdiyi, öz əlləri ilə yazdığı bir yazı: “Biz bir ölüb, min dirilərik”.

 Cavid 2019-cu ildə Belarusda hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutmuşdu. İki bacının tək qardaşıydı. Bacısı Aygün tez-tez deyirdi: “Cavid, bibi olmaq istəyirəm, evlən”. Cavidin verdiyi cavabı isə yalnız könlündə bu igid əsgərinki kimi vətən atəşi olanlar anlayar. “Mənim sevgilim, vətəndir, onu azad edək, sonra. Onda da ya qismət, ya şəhidlik şərəfinə çataram, ya da qazi olaram”. Ailəsini bir gün şəhid ola biləcəyi düşüncəsinə hazırlamışdı. Müəllimləri, qohumları onun xüsusi təyinatlı əsgər olmasıyla öyünürdülər. Elə özü də. Müharibədən az öncə kəndə qonaq gedərkən, müəllimi ilə görüşmüşdü. Rübabə müəllimə bu görüşü belə xatırlayır.

“Məni qucaqladı, görüşdü, gülə-gülə dedi ki, müəllim, sizə demişdim axı, vaxt gələcək, çoban Hidayətin nəvəsini barmaqla göstərəcəklər. O günə az qalıb. Mən dedim ki, Cavid, biz səninlə fəxr edirik, sən hamıdan fərqlənməyi, ən çətin yolu seçməyi, bu yolda getməyi bacardın. Dedi ki, yox müəllim, hələ ən çətini qabaqdadır, torpaqları azad e?məyincə özümüzlə fəxr edə bilmərik. Bu günə qədər belə fəxr edirdiniz, vaxt gələcək, məzarımla öyünəcəksiniz. Amma mütləq azad edəcəyik”.

Sentyabrın 25-i onun evlərinə son gəlişi oldu. Ailəsi ilə görüşüb, vidalaşıb getdi.

Döyüş yoldaşlarının dediyinə görə, Cavid kimi qorxusuz, şir ürəkli oğullar az doğulur. O sanki döyüşə, savaşa, qələbəyə təşnə idi. Polad Həşimovla Mübariz İbrahimovun adları dilindən düşmürdü. Həmişə dostlarına deyirmiş ki, ölməyib sağ qalsa, müharibədən sonra erməni zabitlərini vurduğu gilizləri aparıb onların məzarı üstünə qoymağı, “intiqamınızı aldım” deməyi çox arzulayır. Polad Həşimov haqqında danışarkən isə “O, bu dünyada əsgərlərin, o dünyada şəhidlərin generalıdır” deyərmiş.

 Döyüşlərin birində özü budundan qəlpə yarası almasına baxmayaraq, yaralı komandirini də döyüş zonasından geri çıxartmağı bacarıb. 6 saat döyüşə-döyüşə irəliləyib. Snayperi ilə 13 düşməni məhv edib. Ümumilikdə, 44 gün ərzində ən az 150 düşmən əsgərini məhv etdiyi bildirilir.

Ailəsi ilə sonuncu dəfə Qubadlıda olarkən danışıb, “Şəhid olmasam, qazi kimi gələcəyəm” deyib.

Cavid Hüseynovun üzvü olduğu qrup Füzuli, Qubadlı, Zəngilan, Hadrut və Xocavəndin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Cavid çox arzulasa da, Şuşaya girə bilməyib. Şuşa alınmamışdan 10 gün əvvəl, oktyabrın 28-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

“Xocavənddə Cavidgilin qrupu kəndi boşaltmaq üçün hücuma keçib. Düşmən snayperləri irəliləməyə imkan vermirmiş. Cavid yoldaşlarına deyib ki, düşmənin yerini təyin edib. Narahat olmasınlar, “təmizləyəcək”. 15 dəqiqədən sonra sakitlik yaranıb. Cavid düşmənin ərazini nişan almış bütün snayper nöqtələrini zərərsizləşdirib. Lakin bir az sonra düşmən tərəf onları minaatanlarla aramsız atəşə tutub. Cavid ağır yaralanıb. Düşmənin hücumu o qədər davamlı olub ki, qrup Cavidi yaralandığı yerdən çıxarmağa imkan tapa bilməyib. 10 dəqiqə sonra yaralanmış aslanın düz yanına ikinci bir mərmi düşüb. Döyüş yoldaşları çətinliklə Cavidi döyüş meydanından çıxarıblar. Gözlərini açıb, yoldaşlarının sağ olub-olmadığını soruşub və hər kəsin sağ olduğunu eşidincə gülümsünərək canını tapşırıb. Ölümü təbəssümlə qəbul edib qəhrəman Cavid.

Bacısı deyir ki, döyüşdə ola-ola hər dəfə maraqlanırdı ki, nəsə lazımdırmı? “Hər dəfə deyirdim, mənə bir tək sən lazımsan. Döyüş, amma özünü qoru. Bizi sənsiz buraxma. Biz onun hərbçi olmağını istəmirdik. Lakin o öz sənətinin vurğunuydu. Bu insan başqa cür yaşaya bilməzdi. Cibində bayraq gəzdirirdi, Şuşaya sancmaq üçün. Həmin bayrağa sarılıb geri gəldi. Hər insan öləcək. Cavid ölümlərin ən müqəddəsini seçdi. Tək təsəllim budur”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi, xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyi üçün Cavid Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin işğaldan azad edilməsinə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 İndi Tovuzun Alakol kəndində kasıb bir ailədə böyümüş, ana-atasının min bir zəhmətlə böyütdüyü bir aslan oğulun məzarı var. Özünün arzuladığı kimi, hər kəsin barmaqla göstərdiyi, müqəddəs hesab etdiyi, and yeri olan bir şəhid məzarı. Ruhu yəqin ki, şaddır. Əməyinin də, ömrünün də boşa getmədiyini bilir, 30 il ərzində qurban getmiş bütün bacı və qardaşlarının, bu təcavüzdən əziyyət çəkmiş milyonlarla insanın intiqamını alıb Cavid Hüseynov. O indi yalnız çoban Hidayətin, keçmiş döyüşçü Hümbətin yox, bütün Vətənin, adı çəkiləndə də düşmənin ürəyinə vəlvələ salan, dizlərini titrədən “Yaşmanın oğlanları”ndan biridir. Deyirmiş, “bircə arzum var, o da torpaqlarımız azad olanda çin olacaq. Bu müharibəni gələcək nəsillərə bəla kimi qoyub getməyək”. Arzun çin oldu, igid qardaşım, Milli Qürur Savaşımız zəfərlə başa çatdı. Bu torpaqlarda bir şəhid ölər, min qəhr?man doğulub böyüyər. Adınızla şərəf duyan nəsillərimiz yaşadıqca, siz də yaşayacaqsınız. Ömrü 27 yaşda qırılan qəhrəman, sən əslində hamımızdan çox yaşayacaqsan. Sənin ömrün Vətənin ömrü qədər olacaq.

 İlhamə Rəsulova

 

 

Paylaş
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31