Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Savalan baba, Ələkbər əmi... yiyəsiz qalan uşaq verilişləri

Savalan baba, Ələkbər əmi... yiyəsiz qalan uşaq verilişləri

03.12.2021 [10:51]

Müşfiqə BAYRAMLI

“Vaxtınız xeyir olsun, mənim istəkli nəvələrim, nəticələrim”. Savalan baba həmişə verilişi bu cümlə ilə açar, nəvələrini salamlayar, onlarla ibrətamiz söhbətlər edərdi.

1990-cı illərdə məşhur aktyor Sadıq Hüseynov “Sehrli güzgü” verilişində yaratdığı “Savalan baba” obrazı ilə uşaqlı-böyüklü hər kəsin - tamaşaçının sevimlisinə çevrilmişdi. 18 ildir ki, dünyasını dəyişməsinə baxmayaraq, istəkli “nəvə-nəticələri” onu bir an belə yaddan çıxarmayıb. Savalan dağı tək vüqarlı, müdrik və doğma səsi, nurani çöhrəsi, ibrətamiz söhbətləri hələ də yaddaşlarda qalıb. Efir vasitəsilə uşaqlara ünvanladığı “gözümün işığı” kəlməsində doğmalıq, qayğıkeşlik  hiss olunurdu. Bu obraz həm də el ağsaqqalı idi. Bir çox uşaqların evlərindəki babalarının prototipi idi. Bəlkə də, ona görə uşaqlara doğma gəlirdi. Çünki içimizdən biri idi...

O, əslində, XX əsrin 70-ci illərin ortalarında Azərbaycan radiosunda yayımlanan “Biləyən” verilişində yaratdığı obraz ilə uzun illər dinləyicilərin sevimlisinə çevrildi. 1988-ci ildə isə Azərbaycan Televiziyasında “Sizə kimdən deyim” verilişi ilə tamaşaçıların görüşünə gəldi. Dinləyiciləri kimi tamaşaçıları da Savalan babalarını çox sevdi. Bu verilişin müəllifi və redaktoru isə Rafiq Savalan idi. Öz təxəllüsünü həmin verilişə vermişdi.

Taleyin işinə bax ki, sənətkar dünyasını da 1 iyun tarixində -Beynəlxalq Uşaqları Müdafiə Günündə dəyişdi. O, dünyasını dəyişəndə artıq nəvələri böyümüşdü. Həyatı dərk edirdi, amma Savalan babanın ölüm xəbəri ilə heç cürə barışa bilmirdilər, bu itkini uşaq kimi ağlayaraq qarşılamışdılar. Amma uşaqlar öz babaları ilə əbədi olaraq vidalaşmışdılar....

Reytinq qurbanına çevrilmiş uşaqlar

Sanki, bu vida həm də uşaq verilişlərinə edilmişdi. Bir-birinin ardınca uşaq verilişləri də azalmağa başladı. Yerini isə xarici seriallar, ailədaxili münaqişələrin əks olunduğu proqramlar aldı. Adına da “reytinq savaşları” deyildi. Savaşın əsas qurbanları isə gələcəyimiz -uşaqlarımız oldu.

Uşaqları kimsəsiz qoymamağa, onların üzünü güldürməyə çalışdılar. Zamanla onlar da efirlərdə görünməməyə başladılar. Beləcə uşaq verilişləri tarixin tozlu səhifəsinə çevrildi...

“Hər birimiz bir çiçək”

46 illik ömrünün 26 ilini uşaqlara həsr edən Ələkbər əmi “Hər birimiz bir çiçək” verilişi ilə minlərlə uşağın sevimlisinə çevrildi. Əyləncə, gülüş, sevinc dolu bu proqram ayda bir dəfə 45 dəqiqə yayımlanırdı. Uşaq əgər şeir demək istəyirdisə, şeirinə qulaq asar, oynamaqlarına əl çalar,  bir növ, onları ruhlandırardı.

Ələkbər Hüseynov uşaqlarla işlədiyi üçün uşaq psixologiyasına aid kitablar oxuyar, uşaqla uşaqlaşar, onlara həssas yanaşardı. Heç şübhəsiz, uşaqların ruh dünyasına yaxından bələd olduğu üçün veriliş uğurlu alınmışdı.

Tez-tez məktəb dərnəklərinin təşkil etdiyi proqramlarda azyaşlı dostları ilə görüşlər təşkil edərdi. Həmin şanslı uşaqların sırasında mən də yer almışdım. Onu bircə dəfə görmək kifayət edirdi ki, valideyn və dostlarına günlərlə söz açasan, sevincini bölüşəsən.

Üzərindən 20 il keçməsinə baxmayaraq, dünənki kimi xatırlayıram. Uşaqlarla dolu zal bir nəfər kimi “Ələkbər əmi, Ələkbər əmi” deyə qışqırır, onu səhnəyə çağırırdı. Şeir demək, mahnı oxumaq, rəqs etmək üçün növbələrə dururduq. Çox tez itirdik onu. Bu itki həm də uşaqların sevincinin itkisiydi. Çox təəssüf ki, bu günün uşaqları Ələkbər əmidən bixəbər böyüyürlər. Onların artıq izləyə biləcəyi nə Savalan babaları var, nə də Ələkbər əmiləri. Onların heç izləyə biləcəkləri uşaq verilişləri də yoxdur.

Nə üçün uşaq verilişlərinin sayı yox dərəcəsindədir?

Heç şübhəsiz, son illərdə teleməkanlarımızda uşaq verilişləri ilə bağlı kasadlıq açıq-aydın hiss olunur. Nədənsə uşaq verilişləri telekanallardan, telekanallar da uşaq verilişlərindən uzaq düşüb. Sanki, biri atlı olub, digəri piyada. Problem  nədədir? Nə üçün uşaq verilişlərinin sayı yox dərəcəsindədir? Uşaqlarımızı bundan məhrum edən səbəblər nələrdir? “ARB Günəş” adlı kanal fəaliyyət göstərsə də, bu yetərlidirmi? Yaxud yayımlanan proqramlar keyfiyyət, dublyaj və dil baxımından insanları qane edirmi?

Uşaq psixoloqu Narınc Rüstəmova öz dilimizdə uşaqlar üçün kanalın, demək olar ki, olmamasına təəssüfləndiyini deyir. Onun sözlərinə görə, uşaqların yaşı, psixoloji durumu nəzərə alınmaqla dilimiz təbliğ olunmalıdır: “Bu gün uşaqlar baxdıqları veriliş və cizgi filmlərinə görə türk və ya rus dilində danışırlar. Belə uşaqlar danışdıqda qrammatik səhvlər edirlər. Yaxşı olardı ki, bizim öz dilimizdə uşaq kanalı olsun. Bir sözlə, uşaqlar üçün verilişlərin və cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti vacibdir”.

Sovet dövründə uşaqların ən sevimli televiziya proqramı “Gecəniz xeyirə, körpələr” verilişi 1961-ci ildən bu günə kimi davam edir. Bəs belə bir sual yaranır. bizim uşaq verilişlərimiz niyə uzunömürlü olmadı?

 

 

 

Paylaş
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31