Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Adın nədir?

Adın nədir?

07.01.2022 [10:52]

Nicat Dilqəmli

Bəzi şeylər var ki, hələ dünyaya gəlməmiş bizim üçün seçilir. Bu məsələlərdən biri də bir ömür boyu daşıyacağımız və hər an eşidəcəyimiz adımızdır. Adlar insan psixologiyasında çox əhəmiyyətli rol oynayır. Bunu hansısa yüksək peşəkarlığa sahib psixoloqun deməsinə bir o qədər də ehtiyac yoxdur. Çünki elə gündəlik həyatda başımıza gələnlər bizi başmaqçı edib. Azmı öz adından utanan adam görmüşük?

Ta qədimdən bəzi valideynlər bu və ya digər səbəblərdən övladlarına qəribə adlar qoyurlar. Qəribə deyəndə - hamı tərəfindən birmənalı qəbul edilməyən, ya da başqa sözlə desək, çox da tanınmayan adlar nəzərdə tutulur. Texnologiyanın, elmin işıq sürətilə inkişaf etdiyi dövrdə yaşamağımıza baxmayaraq, hələ də övladlarına bu cür adlar qoyan valideynlər var. Elə arxada qoyduğumuz 2021-ci ildə valideynlərin övladlarına qeyri-adi adlar verməsi geniş yayılmasa da, belə hallara rast gəlinib. Belə ki, ötən il Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adlarının hərəsi bir uşağa verilib. Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.

Doğrudur, illərdir övlad həsrətilə yaşayan elə cütlüklər var ki, niyyət edir ki, uşağım olsun, adını Niyyət qoyacağam... O da artıq onun niyyətidir, nə etmək olar?! Qəbul olsun!

Etiraf edək ki, bəzən standartlardan, həyatın bizim üçün tərtib etdiyi çərçivələrdən kənara çıxmaq bir çox hallarda böyük uğura səbəb olur. Amma bu, hər zaman belə olmur. Məsələn, Limon xala və ya Traktor dayı istəsələr də, istəməsələr də ilk dəfə elə öz sinif yoldaşları tərəfindən psixoloji basqıya məruz qalırlar. Və bu, bir ömür onları müşayiət edir. Bu kimi nadir rast gəlinən adları daşıyanların keçirdiyi diskomfort hissini təsəvvür etmək heç də çətin olmaz. Çünki refleks deyilən bir şey var. Biz hansısa pis məqsədlə olmasa belə, bizə qeyri-adi görünən nəyəsə elə ilk dəfədəncə qəribə reaksiya veririk. Bu reaksiya elə təəccüb hissidir və bir çox halda biz bu hissi gizlədə bilmirik. Fərqi nədir, ya ağzımız açıq qaldı, ya da “Necə?, Limon?!” deyərək adamın ismini eşitdikdə sual verdik. Limon demişkən, elə eqoist insanlar da var ki, belə adlar eşidəndə qarşısındakının üzüləcəyini düşünmədən və ya önəmsəmədiyindən ağzını büzüb yarım saat baxır.

Sevindirici haldır ki, 44 günlük haqq savaşımızdakı qələbəmizdən sonra yeni doğulan körpələrə müharibə iştirakçılarının, şəhidlərin adları qoyulur və bu, adət halına çevrilir.

Qanunvericilikdə adın dəyişdirilməsi var və vətəndaşlarımız arasında geniş vüsət almaqdadır. Lakin qanuna görə müraciət edən şəxsin 18 yaşı tamam olmalıdır. 18 ildir hansısa adla çağırılan gəncin yeni adını hamı yadında saxlayıb buna vərdiş edə biləcəkmi? Həmin gənc özü rəsmi sənədlər dolduranda heçmi səhvən əvvəlki adını yazıb sonra yaranan problemə görə əsəb keçirməyəcək? Bu kimi suallar çoxdur, cavablarını isə hamımız çox da yaxşı bilirik.

Elə ona görə də, valideyn olmağın xoşbəxtliyini yaşadığımız ərəfədə addımı elə ataq ki, övladımız bir ömür boyu daşıyacağı addan utanmasın...

 

Paylaş
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31