Ayrılığın sonu yoxmuş
24.02.2022 [11:41]
İtkin talelər
Erməni bıçağı qızdırıb, kürəyimə dağ basdı, amma bu məni qardaşımın itkisi qədər yandırmadı
İlhamə RƏSULOVA
Ruqiyyə xanımın 53 yaşı var. Amma daha yaşlı görünür. Özü də bilir bunu. Deyir mən cəhənnəmdən çıxmış adamam, gördüyüm dəhşəti axirətdə də unutmayacam, necə qocalmayaydım. Dediyinə görə, saçları bir gecənin içərisində ağarıb. Xocalı faciəsi yaşanan gün. O gündən nə xına qoymaz, nə də boyaq yaxmaz tellərinə. Deyir itkin qardaşımdan xəbər gələndən sonra bəlkə əlim gəldi.
Həmin günlərdən danışanda dodaqları titrəyir, əlləri əsir. 30 il keçsə də, yaşadığı travmanın izlərini daşıyır hələ də. Həmsöhbətim Xocalı sakini Ruqiyyə Hüseynovadır.
“Müharibəyə qədər münasibətlərimiz yaxşı idi, bir-birimizin xeyir-şərinə yarıyardıq. 80-ci illərin əvvəllərində, mənin 10-11 yaşım olardı o vaxt atam deyərdi ki, ermənilər arasında tərpəniş var. “Yerli ermənilərin hamısı deyir ki, azərbaycanlılara qarşı güclü müharibə hazırlanır”. Belə söhbətləri ermənilər lap 70-ci illərdən edirdilər deyə heç kim əhəmiyyət vermirdi. Xocalı faciəsi 92-ci ildə baş versə də, bundan qabaq insidentlər baş vermişdi. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya basqın etmişdi. Xocalı camaatı ermənilərin qarşısını aldı və orada 5-6 erməni öldürüldü. Bundan sonra Xocalıya hərbçilər gəldi. Artıq ermənilər xocalıları qıraqda-bucaqda təklikdə tutanda döyməklə qalmır, öldürürdülər. Amma biz yenə də belə faciənin törədiləcəyinə, yerimizdən, yurdumuzdan didərgin düşəcəyimizə inanmırdıq.
Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Xocalı camaatı bərk camaatdır. Qabağa düşüb qaçmamışdılar, hamı elə bilirdi ki, düşmən geri oturdulacaq. Fevralın 25-də qızğın döyüş gedirdi. Topun, tankın səsindən evlər əsirdi. Evlərin zirzəmilərində gizləndik. Gələn səslərdən bilirdik ki, toplarla evlərimizi dağıdırlar. Xocalı aeroportunun işğal olunduğunu eşidəndə əlimizi üzdük. Aeroport yeganə çıxış yolu idi, şəhər mühasirəyə alınmışdı. Bunu indi danışmaq asandır, amma o zaman üzümüzdə olan ifadələri görmək lazım idi. Bir evin zirzəmisinə 50-yə qədər adam yığışmışdı. Qorxurduq, birlikdə olmaq lazım idi. Anam, atam, 19 və 7 yaşlı iki qardaşım, 10 yaşlı əkiz bacılarımla biz də sığınmışdıq kəndçimiz Mehrab kişinin zirzəmisinə. Gecə saat 2-3 olardı zirzəmidən çıxıb meşələrə üz tutduq. 100-dən çox adam var idi. Qar yağıb, hamı yarı ac, yarıçılpaq. O soyuq dondurucu günlərdə 2 gün Kətik meşəsində gizləndik. Böyüklər aclığa, şaxtaya dözsələr də, uşaqların vəziyyəti pis idi. Amma qorxularından ağlaya da bilmirdilər. Bizdən ayrılmış 40 nəfərdən ibarət bir dəstənin azaraq ermənilərin əlinə girov düşdüyünü eşitdik. Sonradan həmin girovluqda olmuş adamlardan biri, bibim nəvəsi Gəray dedi ki (onda Gərayın 13 yaşı var idi) Naxçıvanik kəndi tərəflərdə ermənilərin əlinə düşüblər, qadınlı, kişili hamısını döyüblər. Kim ağrıdan bağırırmışsa, onu güllələyib gülürmüşlər. Gəray o hadisədən sonra ömrü boyu kəkələyərək danışdı, psixikası pozuldu, əsəbi bir insana çevrildi”,- deyir.
Ruqiyyə Xocalıdan qaçqın düşənə qədər Xocalıda Rabitə qovşağında işləyirmiş. Odur ki, Bakıdan gələn aldadıcı vədləri də yaxşı xatırlayır.
“Xocalı mühasirəyə alınmamış zəng edib, silah, sursat köməyi istəyirdi bizimkilər. Bakıdan, Ağdamdan, Şuşadan zəng edirdilər, xocalılılara təskinlik verirdilər. Həmin gecə Əsgəran yolunun açılacağını dedilər, amma olmadı. Yalanın da qurbanı olduq bir yandan”.
“Qarlı, şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf getdik. Hər tərəfdə ermənilər vardı deyə tək çarə meşəyə sığınmaq idi. Buz kimi suda 2 uşaq donub öldü. Yadıma gəlir ki, ayaqları donduğuna, yeriyə bilmədiyinə görə 83 yaşlı Minə nənə ilə əri Məhəmməd kişi meşədə qaldılar, yarıdonmuş vəziyyətdə idilər. Can verirdilər. Bizim niyyətimiz çayı keçib Ağdama getmək idi. Təpəni aşanda geri baxdım ki, Xocalı alov içində yanır.
Qarlı, sürüşkən dağ cığırları ilə yerimək asan deyildi. Ehtiyatla getsək də, sürüşüb yıxılanlar, uçuruma düşənlər oldu. 10 gün meşədə qar yeyə-yeyə getmək o qədər halsız etmişdi ki, kiminsə ölməyini artıq görə bilmirdik. Dəstəmiz getdikcə azalırdı.
Qara qaya adlanan yerdə ermənilərin pusqusuna düşdük. Girov aldılar. Atışma oldu. Xalam qızı hamiləydi, güllə qarnından dəymiş, bətnindəki balası da özü də həlak olmuşdu. Bizi tövlə kimi soyuq bir yerə saldılar. Gəlib cavanları yığıb apardılar. 19 yaşlı qardaşım İlqarı da əlimdən qopardılar. Anam ayaqlarına qapansa da, göz yaşımıza baxan olmadı, təpiklədilər, döydülər. Öldürmürdülər, dəyişmək üçün saxlayırdılar. İlqarın geri qayıdacağını düşündük, amma qayıtmadı. Bu onunla son görüşümüz oldu. İlqardan nə xəbər çıxdı, nə ətər. Xocalıdan gecəynən qaçmışdıq deyə, heç kimin nə şəkli qalıb, nə bir sənədi. İlqarın üzü, sadəcə xatirələrimdə yaşayır. Bir gecə sonra bizi maşınlara yığıb, başqa bir yerə apardılar. İlqarı soruşduğuna görə atamı möhkəm döydülər.
1 gün sonra əsirləri Əsgərana apardılar. Əsgəranda ermənilərin hədsiz sayda zirehli texnikası toplanmışdı. Bizimkilər onlara qarşı demək olar ki, yalın əllə döyüşürdülər.
Əsgəranda qadınları bir, kişiləri isə bir kameraya yığdılar. Üstümüzdə qiymətli nə qədər əşya vardısa, əlimizdən aldılar, hətta camaatın ağzında qızıl dişlərini də sökdülər. Qonşumuz Diləfruz xala 13 yaşlı oğlunu gizlədib, yanında saxlamışdı aparmasınlar deyə. Ermənilər biləndə uşağın dırnaqlarını bir-bir çəkib çıxartmaqla cəza verdilər. 13 yaşlı uşağın ah-naləsi göylərə düşmüşdü. Anasının əllərini, ayaqlarını bir ?üncdə bağlamışdılar, yaxın gələ bilmirdi, yazıq ana qurd kimi ulayırdı. O gecəni, o dəhşəti Allah necə götürdü bilmirəm.
Sonradan eşitdim ki, ermənilər kişilərimizin hamısını işgəncə ilə güllələyiblər. İlqarı soruşduq “gördüm” deyən olmadı. Məni bir erməniyə satmaq istəmişdilər. Gözlərinə görünməyim, məni seçməsinlər deyə özümü palçığa bulayırdım. O soyuqda palçıqlı paltarım bədənimə yapışıb bir az da üşüdürdü. Erməniyə yaxın getməyib, söydüm deyə kürəyimə damğa basdılar. Bıçağı qızdırıb dağı kürəyimə yapışdıranda hiss etmədim, bu məni İlqarın itkisi qədər yandırmadı. Hələ də o dağ belimdədir, mənə o günləri, o işgəncəni unutmağa qoymayan o dağ...
Atamın ayaqlarını don vurmuşdu deyə, yeriyə bilməmiş, cəza olsun deyə o yarı, donmuş ayağının barmaqlarını kəsmişdilər. Atamla anam əsirlikdən çıxa bilmədilər, elə o soyuq kazarmalarda donub öldülər. Çünki inamlarını itirmişdilər. Əkiz bacılarım, balaca qardaşım və məni isə əsirlərlə dəyişdirib Bakıya göndərdilər. Əsirlikdə çox qalmadıq, cəmi 20 gün. Amma bitmək bilməyən ömür kimi uzun idi o dəhşətli günlər. Ana-atamın meyitlərini ala bilmədik. Bakıya gələndən sonra bildik, meşədə qaldığımız o günlərdə canımıza nə qədər zərbələr dəyib. Yaralarımızı sarıdılar. Üzdə olan yaralarımız sağaldı, amma içimizdəki dərd sağalmadı.
Düz 30 ildir ki, mən və bacı qardaşlarım İlqarı axtarırıq. Əsirlikdən gəlmiş adamlardan soruşmuşuq, Ermənistana getmiş gürcülərdən, ruslardan soruşmuşuq. Kimsə heç nə bilmir. İlqar yaraşıqlı, sağlam bir gənc idi. Amma danışa bilmirdi. Qərib diyarlarda dilsiz qardaşımın başına nələr gəlib kim bilir. Bəlkə də sağdır, özünü tanıda bilmir dili yoxdur deyə.
Xocalı elə bir yara, elə bir dərddir ki, onu 1000 il də keçsə, unutmaq olmaz. Mən o gecə insan oğlunun nə qədər qaniçən bir varlıq olmasına şahidlik etdim. İlqar kimi kəndimizdən 20 qız-gəlin də itkin düşdü. Soraq ala bilmədik. Düşündükcə insanın başında tükləri biz- biz olur. Getsin o günlər, bir də gəlməsin. Mən 23 yaşımda cəhənnəmi görmüş, qocalmış qadınam”,- deyə danışır Xocalı faciəsinin şahidi.
Bu da bir tale, bu da bir acı. İnsan unudur. Əslində yaxşı ki, unudur. Acımızı aylarla, illərlə eyni şiddətdə hiss etsək, yaşamaq mümkün olmazdı. Ruqiyyə xanım gözləyir, yüzlərlə əsiri, itkini olan ailələrin üzvü kimi o da yanaraq, qovrularaq gözləyir. Amma ümid kimi, ayrılığın da sonu yoxmuş...
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10

