Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Memar Fuad Seyidzadəni xatırlayarkən

Memar Fuad Seyidzadəni xatırlayarkən

18.06.2022 [10:25]

Qəzaya düşür, Heydər Əliyevin tapşırığı ilə hadisə yerindən helikopterlə Bakıya gətirilir...

Uzaq gəncliyimizin unudulmaz dostu... Yaddaşlara həkk olan insan... Əsl kişi ləyaqətli və nəcabətli insan... Böyüklə böyük, kiçiklə kiçik... Bakının ən yaraşıqlı, dəblə geyinən, sayılıb-seçilən cavanlarından biri... Musiqinin, fəlsəfənin, ədəbiyyatın, kino sənətinin dərin bilicisi... Qardaşımdan yaxşısı yox idi...

Görkəmli memar, rəssam, qayğıkeş övlad, qardaş, həyat yoldaşı və ata, gözəl dost, xeyirxah insan Fuad Seyidzadə yaddaşlarda belə qalıb.

Fuad Seyidzadə 1938-ci il iyunun 16-da Bakıda ziyalı ailəsində anadan olub. Atası Bağır Seyidzadə dövrün ictimai-siyasi və mədəniyyət xadimlərindən biri, istedadlı jurnalist və tərcüməçi idi. Müxtəlif məsul vəzifələrdə çalışmış Bağır Seyidzadə Azərbaycanın ilk kinematoqrafiya nazirlərindən biri (ilk nazir Rəsul Rza, ikincisi B.Seyidzadə) olub. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazır: “Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu. Atası kimi Fuad da eyni nəcib xasiyyətə malik idi”.

Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə ilk dəfə Təbrizdə gedən Fuad sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Ə.Əzimzadə adına rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakültəsinə qəbul olub. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsil alıb, Politexnik İnstitutunda təhsilini davam etdirib. Tələbə ikən beynəlxalq müsabiqələrdə iştirak edib, çəkdiyi rəsmlər müxtəlif mükafatlara layiq görülüb. Onun “Sumqayıt - peyk şəhər” layihəsi Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə təltif edilib. Bu uğur institut üçün böyük hadisə idi. Ali məktəbi bitirəndən sonra təyinatla “Azərdövlətlayihə” İnstitutunda işləyib. Az sonra isə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzdində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik edib, istedadlı mütəxəssisləri ətrafına toplayıb. Arzusu bu büronu geniş profilli layihə institutuna çevirmək idi. O dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə İçərişəhərin ərazisi məhz Fuad Seyidzadənin rəhbəri olduğu büroya həvalə olunub. Bakı şəhərinin dizaynı ilə də bu büro məşğul idi.

Əməkdar memar Rasim Əliyev (1934-2021) yazırdı: “Keçmiş SSRİ-nin bir çox şəhərlərində tikilən mehmanxana və restoranlar məhz Fuad Seyidzadənin layihələri əsasında həyata keçirilmişdi. Heydər Əliyev Fuadı çox sevirdi. Biz əvvəlki mənzilimizdə yaşayanda Heydər Əliyev bizə tez-tez gəlirdi. Fuadı da bizdə görmüşdü. O, istedadlı insanları çox sevirdi. Sonrakı illərdə həmişə Fuad Seyidzadəyə diqqət və qayğı göstərirdi”.

Azərbaycan memarlığının inkişafında səmərəli xidmətləri olan Fuad Seyidzadə qeyri-adi istedada, yüksək bədii zövqə, yaradıcı təxəyyülə malik idi. Xalq rəssamı Tahir Salahov (1928-2021): “Fuad Seyidzadə çox əsrlik Azərbaycan memarlığına məkanın, həcmin və müstəvinin müasir tərzdə dərk olunması anlayışını gətirdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yoxlayaraq onları ahəngdar şəkildə və ümumilikdə qızıl hissənin klassik nisbətləri ilə birləşdirdi”.

Gənc memar layihələrində novatorluğa, yeni ideyalara meyil göstərərək klassik, milli, modern üslubların vəhdətinə nail olmağa çalışırdı. O zaman SSRİ-nin bütün respublikalarında evlər eynitipli layihə üzrə tikilirdi. Bu standartlardan çıxmaq üçün memarlar çox çətinlikləri dəf etməli idilər. Fuad Seyidzadə belə bir şəraitdə memarlıq sənətinə gəlmişdi. Bakıda mikrorayonların layihələndirilməsini hazırlayan ilk memarlardan biri Fuad Seyidzadə olub. Onu hələ institut illərindən tanıyan Həsən Həsənov yazır: “Fuadın əsas məqsədi bu idi ki, evlər məhəllə-məhəllə tikilsin, hər məhəllənin öz servis sistemi olsun, məktəbi, uşaq bağçası, mağazası, məişət xidməti olsun və sakinlər özlərini rahat hiss etsinlər. Mikrorayonlar bu qayda ilə tikilirdi. Əfsuslar olsun ki, bu, sona qədər davam etmədi”.

Fuad Seyidzadə rəssamlarla, heykəltəraşlarla birgə çoxlu işlər görür, axtarışlarını davam etdirirdi. II Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirmək üçün Sevastopolda ucaldılmış Sapundağ abidə kompleksi heykəltəraş Ömər Eldarovla birgə işin məhsuludur. Sankt-Peterburqda tikilmiş “Bakı” restoranı (Oleq İbrahimovla birgə), habelə heykəltəraş Tokay Məmmədovla memar-dizayner kimi həyata keçirdiyi layihələr zəngin sənət duyumunun ifadəsidir. Tokay Məmmədovun (1927-2018) xatirələrindən: “Fuad çox incə təbiətli, yüksək zövqlü, mən deyərdim ki, təbii zövqlü insan idi. Məsələn, bəzi insanlar mütləq musiqi duyumuna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi. Bu, çox vacib məqamdır”.

Dünya memarlığının nailiyyətlərini dərindən bilən F.Seyidzadənin layihələri orijinallığı ilə seçilirdi. Xalq rəssamı, tanınmış heykəltəraş Fuad Salayev yazır: “O, “köhnə Bakı”ya vurulsa da, paytaxtın yeni simasını yaratmaq ideyalarına can atan memar idi. Yeni düşüncəli insan idi: yüksək zövq, məkanın orijinal, “təzə” görünüşü. Yeni fikirlərlə coşub-daşırdı. Qərbə və Şərqə səfərlərində gözəlliyə heyran olurdu. Bakını da yeni, gözəl meydanlarla, küçələrlə, müasir yollarla görmək arzusunda idi”.

Azərbaycanın rayonlarında tikilən qonaq evləri, Bakıda funikulyor qarşısındakı meydan (heykəltarəşlar Q.Sücəddinov və A.Mustafayevlə birgə), Rəsul Rzanın, Tahir Salahovun, İran səfirinin bağ evləri F.Seyidzadənin zəngin təxəyyülündən xəbər verirdi. Sənət dünyasındakı ilk addımları elə mətin və uğurlu olmuşdu ki, yaşlı həmkarları da gənc memarın nailiyyətlərindən qürur duyurdular.

Ümumiyyətlə, Fuad Seyidzadə hərtərəfli istedada malik insan idi. Bu istedad isə onda çox erkən özünü göstərmişdi. O, uşaqlıqdan rəssamlığı çox sevib və bu sahədə ilk dərslərini atasından alıb. Hələ orta məktəbdə çəkdiyi rəsmləri Xalq rəssamı Mikayıl Abdullayev bəyənib, onun rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Onun rəsmlərində həyat gerçəkliyi əlvanlığı ilə əks olunmaqla yanaşı, duyğu və düşüncələri də rənglərin dili ilə ifadə olunub. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib. O, Bağır Seyidzadəyə təkid edirmiş ki, oğlu dirijorluq sənətinin arxasınca getsin. Fuad Seyidzadə Qərbin dahi bəstəkarlarının - Motsartın, Baxın, Listin əsərlərini sevə-sevə ifa edirdi. O, 60-cı illərdə xüsusilə dəbdə olan caz musiqisinin vurğunu idi, lakin qəlbində ən böyük yeri yenə də muğam və xalq mahnılarımıza ayırırdı. Ürəyinə yatdığı mahnıları fortepianoda gözəl improvizə ilə ifa edirdi. Xatirələrdən məlum olur ki, Fuad görkəmli cazmen Vaqif Mustafazadə ilə də dostluq edib. Xalq yazıçısı Elçin: “Vaqif o zaman “Araz” kinoteatrındakı orkestrdə piano çalırdı. Fuadla kinoteatra gedib, Vaqifi gözləyə-gözləyə konsertə qulaq asırdıq, sonra da şəhərə gəzməyə çıxırdıq. Bəzən “Yeni Avropa” mehmanxanasının (indiki “Lukoyl” ofisi) ikinci mərtəbəsində restoranın yanındakı bufetə girirdik. 1960-1970-ci illərdə Ələsgər dayının o bufeti Bakıda ədəbiyyat, sənət adamlarının xudmani bir klubuna çevrilmişdi”.

Bəstəkar Aqşin Əlizadə (1937-2014): “O vaxtlar Fuad üçün bir mahnı yazmışdım. Təcrübəm az idi, mahnını axıra çatdıra bilməmişdim. Mahnının sonunu Fuad özü tamamladı. Sonralar həmişə mənə baxıb gülə-gülə o mahnını oxuyardı. Mənə də ləzzət eləyərdi”.

Fuad Seyidzadə yaddaşlarda, həmçinin çox xeyirxah insan kimi qalıb. Həmişə gülümsəyərdi, ucadan danışmazdı - bütün bunlar onun ziyalılığından, yüksək intellekt sahibi olmağından, tərbiyəsindən irəli gəlirdi. Böyük-kiçiyin yerini bilməsi, özünəməxsus cazibəli xüsusiyyətə malik olması Fuadı hamıya sevdirirdi. Görkəmli kinorejissor Eldar Quliyev (1941-2021): “O, həm də necə deyərlər, “böyüklə böyük, kiçiklə kiçik” idi. Onu sevirdilər, ona hörmətlə yanaşırdılar, onun fikirlərini yaşlı nəsil də nəzərə alırdı. Mən bilirəm ki, Mikayıl Useynov, atam Tofiq Quliyev ona necə hörmət və məhəbbət bəsləyirdilər”.

Gənc memar elə bir mənalı və parlaq ömür sürüb ki, haqqında söylənilən xatirələr həm də həmin dövrün gəncliyi barədə zəngin təsəvvür yaradır. Xalq şairi, dramaturq Vaqif Səmədoğlunun (1939-2015) xatirələrindən: “60-cı illərin ikinci yarısında, 70-ci illərdə gənclər arasında çox böyük iş aparılırdı. Gənclər klubu yaradılmışdı, gənclərin görüşləri keçirilirdi. Bütün bu məsələlərdə ən fəal iştirak edən isə Fuad Seyidzadə idi. Bu görüşlər o qədər maraqlı, o qədər sərbəst şəraitdə keçirdi ki, saatdan xəbər tutmurduq. Çox qəribədir ki, professionallar ola-ola, professional rejissorlar, yazıçılar, ssenaristlər ola-ola bu klubdakı görüşlərin, toplantıların ssenaristi də, rejissoru da memar Fuad Seyidzadə olurdu”.

Xalq yazıçısı Elçin: “60-cı illərdə Bakının “Torqovı” küçəsi indiki mobil telefonların, internetin işini daha istiqanlı görürdü, gənclər arasında daha məhrəm və mehriban ünsiyyət yaradırdı. “Torqovı” axşamlar orada gəzməyə çıxanların və hamısının da heç olmasa sifətdən bir-birini tanıdığı cavanların sosial mənşəyindən asılı olmayaraq, Bakının kübar sifətinin göstəricisi idi... Fuad Bakının ən yaraşıqlı, dəblə geyinən, sayılıb-seçilən cavanlarından biri idi və o zaman - 60-cı illərin əvvəllərində Bakının ən gözəl qızı ilə görüşürdü və bu da “Torqovı” ab-havasına, “Torqovı” aurasına xüsusi kolorit verən faktlardan biri idi”. Xatirələrdən o da məlum olur ki, ötən əsrin 60-cı illərində yaradıcılığın bir çox sahələrində yeni ab-hava başlanmışdı. Həmin illərin istedadlı gəncləri yenilik həvəsi ilə yaşayıb-yaradırdılar. Onların yenilik axtarışı ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq sahələrində dəyərli əsərlərin yaradılması ilə nəticələndi.

Memar, rəssam, musiqişünas, fəlsəfənin, ədəbiyyatın, kino sənətinin dərin bilicisi... Bütün bunların ucalığında dayanan isə Fuad Seyidzadənin işıqlı şəxsiyyəti idi. Xalq rəssamı Toğrul Nərimanbəyovun (1930-2013) xatirələrindən: “O zaman mən böyük tarixi əsəri tamamladım və azərbaycanlı qəhrəmanın təsviri üçün mənə müasir obraz lazım idi. Mənim prinsipim belədir: əgər tarixi şəxsiyyəti çəkirəmsə, onda mən həmin obrazda müasir konkret insana əsaslanmalıyam. Məhz Fuad öz görkəmində və daxili aləmində məqsədyönlülüyü və romantikanı cəmləyirdi və mən öz qəhrəmanımı onun timsalında seçdim”.

Xalq artisti Fərhad Bədəlbəyli, memarlar Yusif Qədimov, Rüfət Şərifov, Adil Muxtarov, Rafiq Behbudov, heykəltəraş Qorxmaz Sücəddinov və başqalarının xatirələrində Fuad Seyidzadə cavan, ciddi baxışlı, düşüncəli və işıqlı siması ilə dəyişməz qaldı.

Valideynlərini çox sevən Fuad ailədə qayğıkeş övlad, qardaş, ər və ata idi. O deyirdi: “Atamız ağlımız, anamız qəlbimizdir”. Bağır Seyidzadə və Qeys xanım övladlarını həm sevir, həm də onların bilik qazanması üçün tələbkarlıq göstərirdilər. Bu ailədə valideynlər arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Bağır Seyidzadə deyirdi ki, mənim dayağım mənim xanımımdır. Bütün bunların övladların tərbiyəsinə, həyat tərzinə çox böyük təsiri olub. Bacısı Dilarə xanıma məktubları Fuadın zəngin mənəviyyatından, həyata nikbin baxışından xəbər verir: “Orada mənim bütün dostlarıma məsləhət gör ki, əgər işləri qaydasında getməsə əyləşsinlər, şirin çay içsinlər və ikinci oktavanın re-diyez notunu aşmadan 3-4 saat sakitcə söhbət etsinlər. Qoy onların şüarı belə olsun: əgər yaşından, xasiyyətindən, dünyagörüşündən asılı olmayaraq bütün insanlar hər bir hərəkətdən əvvəl əyləşsələr, fikirləşsələr, səmimi söhbət etsələr, hövsələsiz olmasalar və insana o qədər də xas olmayan rəzil duyğuları bir kənara qoyub ona daha çox xas olan nəciblik və qarşılıqlı hörmət hissini rəhbər tutsalar, onlar xoşbəxt olacaq. Belə yaşamaq düzgün olacaq”. Bu fikirlər, eyni zamanda, yazıb-yaratmaq qabiliyyətinin göstəricisidir. Axı onun atası Bağır Seyidzadə görkəmli jurnalist, sözün qədir-qiymətini bilən gözəl tərcüməçi idi.

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə üçün Fuad həm qardaş, həm dost, ən başlıcası, ideal idi: “Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissiyyatlı, duyğulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffətimin içində həmişə onun işıqlı sifətini yada salıram. Oğlu Ülvi eynən özüdür. Hələ balaca nəvələri, adını daşıyan Mir Fuadı, Mir Musanı sinəmə sıxanda keçirdiyim hissləri ifadə edə bilmirəm. Elə bil onda dünyamı işıq bürüyür. Qaranlıqlar yox olur. Fuad o qədər nurlu əməl sahibi idi ki, aramızda olmasa da, həmişə o işığı parlayan görürəm”.

Ülvi Seyidzadə isə atasını tanıyan insanlardan “Adam da atasına bu dərəcədə oxşayar?!” sualını tez-tez eşidir. O deyir: “Atam Fuad Seyidzadə həyatdan çox erkən köçdü. Onun cəmi 34 yaşı var idi. O, mənə, yeganə övladına zəngin irs - xeyirxah işləri ilə qazandığı ad və nurlu xatirə qoyub: atamı tanıyanların hamısı onun yaxşı dost və böyük estet olduğunu söyləyir”

Azərbaycan mədəniyyətində, memarlığında, təsviri sənətində orijinal dəst-xə?ti ilə əbədiləşən görkəmli sənətkar haqqında xatirələrdən bu qənaətə gəlmək olur ki, Fuad Seyidzadənin ömrü qısa olsa da, yaradıcılığının miqyası çox geniş idi. Sinəsində coşan arzuları onu çox zirvələrə aparacaqdı. Lakin bütün arzular və ümidlər bir yay günü qırılır - 1972-ci il avqustun 6-da şənbə günü Nabranda istirahət edən oğlu Ülviyə baş çəkməyə gedərkən Xaçmaz yolunda Fuad qəzaya düşür. Heydər Əliyevin tapşırığı ilə hadisə yerindən helikopterlə Bakıya gətirilir, həkimlərin bütün səylərinə baxmayaraq, avqustun 14-də dünyasını dəyişir.

“Fuad gənc yaşlarında faciəli şəkildə həlak olmasaydı, o, şəhərimiz, ölkəmiz üçün neçə-neçə binalar, istedadlı işlər yaradardı”, - fikrini isə onu tanıyanların hamısı təəssüflə söyləyir.

Keçən əsrin 60-70-ci illərində tikilən eynitipli binaları xoşlamayan Fuad Seyidzadə Bakıda inşa olunan müasir, hündür, çoxmərtəbəli binaları görsə idi, qəlbi fərəhlə dolardı. Fuad Seyidzadə Azərbaycanı çox sevirdi. O, bütün yaradıcı fəaliyyətində Azərbaycanı təbliğ edir, Vətənə, doğma yurda məhəbbətini əks etdirirdi. Fuad Seyidzadə Azərbaycanı azad və yüksək inkişaf edən diyar kimi görməyi arzulayırdı. Bu gün Azərbaycan müstəqil, yüksək səviyyədə inkişaf edən, inamla addımlayan dövlətdir. Arzu edirik ki, Fuad Seyidzadənin oğlu və nəvələri xoşbəxt və firavan yaşasınlar.

Qeyd: bu yazının hazırlanmasında “Fuad Seyidzadə xatirələr karvanında” kitabından istifadə olunub.

Paylaş:
Baxılıb: 121 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31