Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Reklam bazarında vəziyyət necədir?

Reklam bazarında vəziyyət necədir?

25.08.2022 [07:47]

Dünyada və Azərbaycanda reklam

Yeganə BAYRAMOVA

Dünya ölkələrindəki şirkətlər gəlirlərinin bir qismini reklama yatırırlar. Reklama qoyulan həmin pullar şirkətlərin bir növ gələcək investisiyaları sayılır. Bu baxımdan dünya ölkələrindəki məhsulun satış bazarı da yüksəkdir. Azərbaycanda da oxşar bir vəziyyətin yaranması arzuediləndir. Ancaq Azərbaycandakı reklam bazarı qonşu ölkələrlə müqayisədə zəif inkişaf edib. Ölkəmizdə bir çox reklam agentlikləri olsa da, bu sahədə görülən işlər qənaətbəxş deyil. Bir çox ölkədə Reklam Şurası yaradılır. Ekspertlər hesab edirlər ki, reklamın inkişafı üçün bir nəfərin çalışması yetərli deyil, bu, bir komanda işidir. Yəni ki, reklam verən, reklam agentliyi, reklam istehsalçısı pradakşnlar, reklam yayıcısı olan media birlikdə işləməlidir.

Nəticələr paylaşılmır

Reklam şirkətlərimizin ən zəif xüsusiyyətlərindən biri də reklam kampaniyalarından sonra öz agentliyi ilə reklamın nəticələrini müzakirə etməməsi, nəticələrin paylaşıla bilən hissəsini paylaşmamasıdır. Bu, agentlik üçün böyük motivasiya ola bilər.

Reklamların dili

Məlumdur ki, reklamlar artıq hər yerdədir: televiziya vasitəsilə evimizin içinə daxil olur, radioda, qəzetlərdə, küçələrdə, afişalarda, plakatlarda, bukletlərdə, etiketlərdə, internetdə, virtual aləmdə və s. qarşımıza çıxır. Lakin küçə və prospektlərdə hər an reklam mətnlərindəki norma pozuntuları ilə qarşılaşmaq olur. Reklamlarda daha çox orfoqrafik, leksik və qrammatik normalar pozulur. Müşahidələr sübut edir ki, Azərbaycanın xüsusilə efir məkanında nümayiş etdirilən reklamlar xaricdən ölkəmizə idxal edilən məhsulları əhatə edir. Onların dilimizə tərcüməsi isə ürəkaçan deyil. Reklam mətnlərində açar sözlər və ifadələr bir çox hallarda düzgün seçilmir. Reklamlardakı alınma sözlər isə heç bir səbəb olmadan bəzən orijinalda olduğu kimi yazılır. Xüsusilə, Bakının mərkəzində firma, mağaza, restoran, bar və s. adları əcnəbi dillərdə yazılır, Azərbaycan dilində heç bir qarşılığı olmadan paytaxtın küçələrini “bəzəyir”, bununla da dil qanunları pozulur. Bəzən də ana dilində olan adlar “ə” hərfinin “e” hərfinə çevrilməsi ilə yazılır: “Mermer”, “Gözellik salonu”, “Perde evi” və s.

Əslində reklam dili necə olmalıdır?

Reklam dili - xüsusi bir sahə kimi kütləvi kommunikasiyanın müasir elm çərçivəsində öyrənilməsidir. Bu məsələlər bir sıra müasir elmlərin qarşılıqlı əlaqəsində - linqvistika, sosiologiya, psixologiya və iqtisadiyyatda öyrənilir: “Reklamların dilini iki xüsusiyyətinə görə öyrənmək lazımdır: İnformasiyavericiliyinə və inandırdığına, sübut etdiyinə görə. Bu xüsusiyyətlərinə görə, reklam dili cəmiyyətdə kommunikativ funksiyanı yerinə yetirir. Qısalıq və lakoniklik reklam üçün mühüm xüsusiyyətlərdəndir. Dil oyunu və kommunikativ məkan reklam dilinin əlverişli təyinidir. Reklamların dilinə dilin xüsusi strukturu kimi baxmaq, onun qanunları çərçivəsində, bəzən də ümumdil normalarının bu mətnlərdə pozulması faktı kimi nəzər salmaq lazımdır. Reklam mətnlərinin əsas kommunikativ məqsədi reklam məhsullarının, xidmətlərinin seçilməsidir. Bu, mətnlərdə verbal (sözlü) və qeyri-verbal (sözsüz) komponentlərdən istifadə olunmasıdır.

Dünya ölkələrində reklam

Ən böyük reklam agentlikləri Amerikada təşəkkül tapıb və dünyaya yayılıb. Amerika reklamları, ilk növbədə, amerikansayağı həyat tərzini əks etdirir. İnsanların yaşam sərbəstliyi, insan haqları, biznesdə bərabər start şansları, istehlak mədəniyyətinin yüksək olması, hər kəsin qazanmaq və xərcləmək şansına sahibliyi, şəxsi inkişaf, xəyallar qurmaq, öz istəklərinə çatmaq, aktiv həyat tərzi sürmək, özünə güvənmək, liderlik, hamıdan fərqlənmək, öz həyat, geyim, yaşam tərzi ilə seçilməyə can atmaq...

Fransızlarda reklam daha çox kreativə meyillidir, estetizm üstünlük təşkil edir. İngilislərdə isə reklam daha çox müdrik yumora və kreativ özünəməxsusluğa dayanıqlıdır.

Skandinavlar televizora az baxırlar. Onlarda reklam çox məhdud rol oynayır. Amma ispanları televizordan ayırmaq müşküldür. Odur ki, ispan reklamında bir istilik və nəvaziş ruhu vardır. Şərq və Qərb reklamçılıq ənənələri də ciddi fərqlənir. İspanlarda rəqs və musiqi önəmlidir, almanlarda fundamentallıq ön plana çıxır. Qərb düşüncə tərzi məntiqi və analitikdir, subyektin dünya üzərində hökmranlığına can atır, hakimiyyət, iradə, fəallıq, təşəbbüskarlıq onun mayasında dayanır.

Braziliyada və ümumiyyətlə Cənubi Amerikada daha çox rəqs, günəş və okean genişliyi diqqəti cəlb edir. Hollandiyada reklam dəqiqliyə, təmizliyə, sistemliliyə çağırır, alman düşüncəsinə yaxındır, irland reklamı isə kreativə az meyllidir, bir az metal soyuqluğunu xatırladır.

Rusiya reklamı daha çox öyrədici və informativdir. Afrika reklamları isə kreativə meyillıdir, daha çox duyğulara mesaj verir. Avstraliya əslində Cənubi Amerika iqliminə yaxın olsa da burada emosiyaların çoşqusunu görməzsiniz, daha çox Qərb praqmatizminə yaxın olduğu müşahidə edilir. Asiya reklamı fəlsəfi təməllərə dayanıqlıdır. Dünyanın bütövlüyünə, mənəvi dərinliyə xitab edir.

Tayland reklamları çox ciddi kreativ dəyərə sahibdir. Yaponiyada obrazlılıq, müdriklik önəmlidir. Gündoğar ölkədə reklamda yarpaq xışıltısında belə bir fəlsəfi mahiyyət tapacaq və obrazlılıq qabarıq göstəriləcəkdir. Hindistan reklamında incə milli köklər və dərin tarixi ənənələr ön plana çıxır. Bu ölkədə çap məhsulları ilə reklam audio-video daşıyıcılarından daha üstündür və populyar olması ilə seçilir.

Çində də reklamın özəllikləri Şərq stilistikasına sadiqdir. Təbii ki, bir məqalədə bütün dünyanın reklam özəlliklərini əks etdirmək mümkün deyildir.

6 ayda 100 min reklam

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, agentlik 2022-ci ilin 6 ayında 100 minə yaxın reklam üçün icazə verib: “Həmin icazəli reklamlar arasında bilbordlar, bir də mağaza və obyektlərin üzərindəki reklamlar var. Lakin metro və digər ictimai nəqliyyatda, daxili məkanlarda, məsələn, hansısa marketlərin içərisində olan reklam ADRA-nın səlahiyyətində deyil. Agentlik yalnız açıq məkanda olan reklamlara nəzarət edir. İcazə prosesi isə belədir ki, sahibkar asan imza ilə sistemə daxil olur və avtomatik olaraq elektron icazə alır. İlk 6 ayda 100 min reklam üçün agentliyə 25 minə yaxın müraciət olub”.

Monitorinqlər

E.Mahirin sözlərinə görə, reklam bazarındakı monitorinqlərin aparılması üçün ADRA-nın xüsusi monitorinq şöbəsi var: “Fiziki olaraq bu şöbənin əməkdaşları açıq havada olan reklamlara baxış keçirirlər. Həmin əməkdaşlar açıq havada olan reklamların “Reklam haqqında” qanunun 4-cü maddəsi ilə uyğunluğunu yoxlayırlar. Əgər reklam həmin müddəalara tərsdirsə, ilk öncə reklamın sökülməsini yaxud demontaj edilməsini söyləyirlər. Ancaq sahibkar bəzən reklamı dəyişməyəcəyini bildirir. Bu zaman son hədd olur ki, reklam əməkdaşlar tərəfindən kustar üsulla sökülsün. Düzdür, bu ən sonuncu üsuldur, ancaq əvvəlcə çalışırıq ki, maarifləndirmə yolu ilə qanunvericiliyin tələblərini onlara da başa salaq”.

E.Mahir qeyd edib ki, ADRA-nın yaşadığı ən böyük problemlərdən biri icazəsiz reklamlardır: “İcazəsiz reklamlar da təbii ki, müəllif hüquqlarından yayınmaya gətirib çıxarır. Məsələn, hansısa sahibkar başqa birinin reklamından istifadə edərək onu öz mağazasına uyğunlaşdırır. Əlbəttə, bu da yolverilməzdir”.

Elektron əşyaların reklamı daha çoxdur

“Bazarda daha çox hansı reklamlara üstünlük verilir?” sualına gəlincə, şöbə müdiri vurğulayıb ki, hazırda elektron məişət əşyalarının reklamı çoxluq təşkil edir: “Bunun da əsas səbəbi rəqabət mühitinin olmasıdır. Monitor reklamlar da üstünlük təşkil edir. Lakin bu cür reklamlar regionlarda çox azdır, sadəcə Gəncədə və Sumqayıtda var. Reklamların böyük hissəsi isə Bakıda cəmləşib. Təbii ki, bu da əhali sayının çox olması ilə əlaqəlidir.

Pandemiya dövrünə qədər istirahət mərkəzlərinin, otellərin reklamları 3-cü sırada idi. Lakin pandemiya bu tendensiyanı dəyişib, artıq üçüncü sırada deyil. Ümumilikdə isə ticarətlə bağlı reklamlar daha çoxdur. Azərbaycan reklam bazarında ən böyük üstünlük TV, eyni zamanda, internet üzərindəki digital reklamlardır. Ən az təlabat isə çap materialları olan reklamlardır. Əvvəllər açıq məkan reklamları daha az idisə, indi çap materialları getdikcə onlaynlaşdığı üçün bu reklamların həcmi azalır”.

Reklam bazarının reklama ehtiyacı var

Reklam şirkətlərinin birində çalışan və adının çəkilməsini istəməyən mütəxəssis “Yeni Azərbaycan”a bildirib ki, indi reklama aidiyyəti olmayanlar reklam hazırlayırlar: “Sahibkarlıq fəaliyyətilə məşğul olmağa başlamaq su içmək qədər asanlaşıb. Hərə bir şirkət yaradıb deyir reklam hazırlayıram. Toyuq məhsullarını reklam etmək üçün qatıqdan-süddən başlayırlar. Qeyri-peşəkarlıq baş alıb gedir bu sahədə. Reklamların dili, məzmunu, səviyyəsi bərbad haldadır. Reklamçıların yetişməsi üçün təhsil verən ocaq olmalıdır. Bunu təşkil etmək heç də çətin deyil. Məsələn, ayrı-ayrı universitetlər nəzdində də bu sahədə mütəxəssis hazırlamaq olar. Məsələn, Bakı Dövlət Universiteti jurnalist yetişdirərkən onlara reklam işini də öyrətməlidir. Təhsil elə qurulmalıdır ki, jurnalistikanın 60-70 faizi reklam bazarına yönləndirilməlidir. Reklam sahəsində ölkədə coperayter yoxdur ki, onlar həm jurnalist kimi sloqan yaza, həm də reklamın dizaynını verə bilərlər, bunlar dünyada ən yüksək maaş alan peşə sahibləridir. Lakin bizdə bu mütəxəssislər yetişdirilmir. Bu gün bir çox ixtisasları bitirən tələbələrdən reklam işində istifadə etmək olar, lakin nə həmin tələbələrin bazardan, nə də bazarın tələbələrdən xəbəri var”.

Mütəxəssis qeyd edib ki, Türkiyədə reklam ən sürətlə inkişaf edən sahələrdən biridir: “Məsələn, türk seriallarına və Türkiyə kanallarında yayımlanan müxtəlif verilişlərə diqqət yetirək: Arada bəzən 20-25 dəqiqəlik reklam fasiləsi olur və bu zaman o qədər bir-birindən maraqlı reklamlar verilir ki, kanalı dəyişməyə ehtiyac qalmır. Onu da qeyd edək ki, bir zamanlar Türkiyə sənətçisi Barış Mançonun 30 saniyəlik reklam çarxına 700 min dollar pul verilmişdi, bizdə isə bu 300-1000 manat arası dəyişir. Təxminən 14-15 il bundan əvvəl “Coca-Cola”nın reklamı üçün şirkət Türkiyə üzərindən Azərbaycana 500 min dollar ayırıb, lakin bizdə onun çəkilməsi üçün texniki imkanlar olmadığına görə, reklamın çəkilişi Türkiyəyə verilib, həmin pulu da onlar qazanıblar. Məsələnin pis tərəfi odur ki, bu gün də hələ texniki imkanlar istənilən səviyyədə deyil. Artıq dünya reklamı kino kimi çəkir. Ona baxanda da insan dincəlir. Azərbaycanda reklamların keyfiyyətsizliyinin bir səbəbi də, reklamı çəkənlərin və çəkilənlərin professional olmaması ilə bağlıdır desək, yanılmarıq. Bir sözlə, bu gün Azərbaycanda reklam bazarının reklama ehtiyacı var”.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30