Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Apteklərdə dərman qıtlığı - Səbəb nədir?

Apteklərdə dərman qıtlığı - Səbəb nədir?

19.01.2023 [10:57]

Yeganə BAYRAMOVA

Son zamanlar apteklərdə bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı şikayətlər artıb. Vətəndaşlar xüsusilə uşaqlar üçün qızdırma salan preparatları və siropları tapmaqda çətinlik çəkirlər. Kəskin respirator virusların yayıldığı bir zamanda bu cür sıxıntının yaranması cəmiyyətdə haqlı narazılıqlara səbəb olur.

Ən çox təlabat “Nurofen”ədir

Valideyn Vəfa Hacıyeva uşaqlar üçün istədiyi qızdırma salan preparatları tapa bilmədiyini söyləyib: “Siroplar lazımdır. Məsələn, “Panadol”, “Nurofen”, “İbufen” tapılmır. Mənim ən çox istifadə etdiyim “Nurofen”dir. Sentyabrdan bu günə qədər nə zaman axtarmışam, tapılmayıb. Çoxlu sayda aptekdən maraqlanmışam. Dərman depolarından soruşmuşam, yoxdur. Bu günlərdə ehtiyat üçün almaq istədim, öyrəndim ki, bəzi apteklərə az sayda gəlir, lakin gəlməyi ilə bitməyi bir olur. Əvəzində İtaliya, Hindistan istehsalı dərmanlar təklif olunur, ancaq onlara da etibar etmirəm. Xatırlayıram ki, bir dəfə, deyəsən, elə Hindistanda uşaq dərmandan zəhərlənib ölmüşdü. Buna görə də qorxuram”.

Valideyn Aqil Vəliyev: “Uşağımın 3 yaşı var. Keçən həftə xəstələnmişdi. Qızdırma salan siropları tapa bilmədim. Hətta mənim dərman anbarında tanışım var. Xırdalan qəsəbəsində bir aptekdə tapa bildik, amma mən Sabunçu qəsəbəsində yaşayıram, necə gedim?”

Valideyn Günel Osmanova: “Dekabrda övladlarım xəstələnmişdi. Həkim məsləhəti ilə “Nurofen” verməli idik. Yeni Günəşli qəsəbəsində yaşayırıq. Evin yanında Əhmədlidə, başqa yaxın ərazilərdə də axtardıq, tapa bilmədik. Məcbur olub təcili yardıma müraciət etdik. Gecə vaxtı körpələrə sistem qoşuldu. Siropu tapa bilsəydim, məncə buna ehtiyac qalmazdı”.

Suraxanı rayonundakı apteklərdən birinin əməkdaşı qeyd edib ki, tələbat daha çox “Nurofen”ədir, lakin bu, alışqanlıqla bağlıdır: “Vətəndaşlar ilk öncə “Nurofen”i soruşurlar. Halbuki başqa siroplar da var: “Paraferin”, “Tempanor”, “Panadol”. Maraqlıdır ki, bu siropları istəmirlər. “Nurofen” artıq iki həftədir ki, gəlmir. Çatışmazlıq daimi olmur, ancaq bəzi aylarda belə durumlar ola bilir”.

Bahalaşma nə ilə əlaqədardır?

Qeyd edək ki, dərman qıtlığının Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğu istisna edilmir, çünki Azərbaycana dərman preparatları əsasən Rusiyadan idxal edilirdi. Gürcüstan dərman bazarındakı boşluğu Türkiyədən idxal hesabına doldurmağı bacardı. Ölkənin baş naziri İrakli Qaribaşvili açıqlamasında bildirmişdi ki, Türkiyədən keyfiyyətli və baha olmayan təxminən, 200 dərmanı 60-70 faiz ucuz almaq istiqamətində tədbirlər görülür. Hazırda ölkəmizdə bəzi dərmanların qıtlığının hökm sürdüyünü nəzərə alsaq, bu durum həmin dərmanların və ya əvəzləyici preparatların bahalaşmasına şərait yaradır. Maraqlıdır, Türkiyədən alınan hər hansı dərman nə üçün apteklərimizdə ən azı 3-5 dəfə baha qiymətə satılır?

Səhiyyə Nazirliyindən qeyd olunan açıqlamaya görə, dünyadakı qlobal proseslərin enerji daşıyıcılarının qiymətinin artmasına, logistika xərclərinin və xammalın qiymətinin qalxmasına səbəb olur. Nəticə etibarilə bu proseslər dərman vasitələrinin qiymətinə də təsir göstərir. Nazirlikdən eyni zamanda, qeyd edilib ki, qlobal təchizat zəncirində qırılmalar müşahidə olunduğundan, mövcud faktor dünyada ərzaq qiymətlərinin də bahalaşmasını doğurur. Bu, Azərbaycana da təsir göstərir. Nazirlik belə olan halda dərmanların qiymətinin də dəyişməz qalmasının mümkünsüzlüyü qənaətinə gəlir: “Müharibə, logistik marşrutların dəyişməsi istehsal xərclərini artırır və müəyyən qədər bahalaşmaya səbəb olur”.

Alternativ dərmanlar tövsiyə edilir, amma...

Həkimlər də son vaxtlar çatışmazlıq olduğunu bildirirlər. Pediatr Ramilə Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında uşaqlar üçün qızdırma salan siropların çatışmadığını təsdiq edib: “Bu, təkcə indiki zamanların problemi deyil. Xeyli müddətdir bununla bağlı şikayətlər var. Ən çox istifadə olunan “Nurofen”, “İbufen”, “Panadol” tərkibli preparatlar satışda yoxdur. Alternativləri məsləhət görürük, amma valideynlər ən çox istifadə olunanları tapmaqda çətinlik çəkirlər. Problem son 4-5 ayda yaranıb. Mövsümi xəstəliklər yayıldığına görə xüsusilə hərarətsalıcı dərmanlara tələbat artıb. “Parasetamol” tərkibli “Supofen”, “Tylol”, “Sefekon” şamları, “İbuprofen” tərkibli “Kendo” damcı, “Paidofebril” tapılmır. Alternativ preparatlar tövsiyə etsək də, reallıq budur ki, sıxıntı böyükdür”.

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov zaman-zaman yaşanan bu problemlə bağlı müzakirələrin aparıldığını demişdi: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil, çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Problemin qarşısı qısa zamanda alınmalıdır”.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28