Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müstəqil Dövlətçiliyimizin Hüquqi Bünövrəsi

Müstəqil Dövlətçiliyimizin Hüquqi Bünövrəsi

12.11.2025 [15:18]

12 noyabr tarixi müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsində xüsusi yer tutur. Həmin gün xalqımız müstəqil dövlət quruculuğunun hüquqi, siyasi və ideoloji əsaslarını müəyyən edən Əsas Qanununu – Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edib. Ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu sənəd ölkənin demokratik inkişafına, insan hüquq və azadlıqlarının təmininə və müstəqil dövlət idarəçiliyinin formalaşmasına hüquqi zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya milli dövlətçilik ənənələrini və ümumbəşəri dəyərləri birləşdirərək hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas istiqamətverici sənədinə çevrildi. Prezident İlham Əliyevin sözləri ilə desək, bu Konstitusiya həm mütərəqqi milli dəyərlərə, həm də ümumbəşəri prinsiplərə əsaslanaraq bu günün reallıqlarını və ölkənin inkişaf perspektivlərini özündə əks etdirir.

Azərbaycanın konstitusiya quruluşunun formalaşması uzun və mürəkkəb tarixi mərhələlərdən keçib. 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə macal tapmasa da, azadlıq və müstəqillik ideallarının əsasını qoydu. Sovet dövründə qəbul edilən 1921, 1927, 1937 və 1978-ci illər Konstitusiyaları sovet ideologiyasına əsaslansa da, milli maraqlarımızı tam şəkildə ifadə etmirdi. Bununla belə, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mühüm bir yenilik gətirdi – Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, milli şüurun və suveren düşüncənin hüquqi ifadəsi idi və sonrakı illərdə müstəqil dövlət quruculuğu üçün ideoloji əsas yaratdı. 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, həmin dövrdəki siyasi gərginlik bu məqsədin həyata keçirilməsinə imkan vermədi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə sabitlik təmin olundu və hüquqi dövlət quruculuğuna başlanıldı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyası müstəqil Azərbaycanın Əsas Qanununun layihəsini hazırladı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olundu. Seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi və 27 noyabr 1995-ci ildə Konstitusiya qüvvəyə mindi. Bu hadisə dövlətçiliyimizin tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər vurğulayırdı ki, elə bir Konstitusiya qəbul edilməlidir ki, o, müstəqil Azərbaycanın uzunmüddətli sabitliyini və demokratik inkişafını təmin edən tarixi sənəd olsun. Bu prinsip əsasında qəbul edilən Konstitusiya hakimiyyət bölgüsünü – qanunverici, icra və məhkəmə qollarının qarşılıqlı balansını müəyyən etdi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi təsbit etdi. Onun 48 maddəsi birbaşa insan hüquqlarına həsr olunub ki, bu da sənədin demokratik mahiyyətini və beynəlxalq hüquq normalarına uyğunluğunu nümayiş etdirir. Konstitusiya Azərbaycanda yaşayan bütün vətəndaşların dilindən, dinindən və mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsbit edir.

Müstəqil dövlətimizin Əsas Qanunu hüquqi dövlət anlayışının tərkib hissəsi kimi konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasını da nəzərdə tuturdu. 1997-ci ildə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsi və 1998-ci ildə bu orqanın fəaliyyətə başlaması ilə Azərbaycanda hüquqi nəzarət sistemi formalaşdı. Heydər Əliyevin imzaladığı fərmanla bu qurumun müstəqilliyi təmin edildi və hüquqi dövlət prinsipinin mühüm dayaqlarından birinə çevrildi.

İctimai-siyasi inkişafla bağlı Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə mühüm dəyişikliklər edildi. Bu islahatlar idarəetmənin təkmilləşdirilməsinə, insan hüquqlarının daha səmərəli təmininə və dövlətin sosial funksiyalarının gücləndirilməsinə yönəldi. 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyində çevik və müasir modelin tətbiqinə şərait yaratdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarda təmin edildi. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Həmin sərəncam və tədbirlər planı dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoydu. 2025-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 30 illiyi tamam olur. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı bu sənədin dövlətçilik tariximizdəki əvəzsiz roluna verilən yüksək qiymətdir.

Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin təntənəsidir. O, xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Konstitusiyanın əsas prinsiplərinə – qanunun aliliyinə, insan hüquqlarına, dövlət suverenliyinə və milli maraqlara əsaslanan siyasət ardıcıl şəkildə həyata keçirilir. Bu prinsiplər gələcək nəsillər üçün sabitlik, ədalət və azadlığın təminatıdır.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30