Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şuşadan dünyaya verilən birlik mesajı

Şuşadan dünyaya verilən birlik mesajı

12.06.2026 [16:42]

Dünya siyasətində dövlətlər arasında müxtəlif əməkdaşlıq modelləri mövcuddur. Lakin elə münasibətlər var ki, onlar yalnız siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qardaşlıq bağlarına söykənir. Azərbaycan və Türkiyə arasındakı əlaqələr məhz belə nadir və nümunəvi münasibətlərdən biridir. Əsrlər boyu eyni kökdən gələn, sevinc və kədərini birlikdə yaşayan iki qardaş xalq bu gün də beynəlxalq münasibətlər sistemində bir-birinə ən yaxın müttəfiq dövlətlər kimi çıxış edir. Son illərdə regionda və dünyada baş verən mühüm geosiyasi proseslər fonunda Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənərək strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu baxımdan 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin münasibətlərinin yeni tarixi mərhələsini müəyyən edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin təməlində xalqlarımızın ortaq tarixi, dili, dini, mədəniyyəti və mənəvi dəyərləri dayanır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu fikir zaman keçdikcə yalnız siyasi şüar deyil, dövlətlərarası münasibətlərin əsas fəlsəfəsinə çevrilmişdir. Bu gün Azərbaycan və Türkiyə arasındakı əlaqələr dünyanın ən möhkəm və etibarlı müttəfiqlik nümunələrindən biri kimi qəbul olunur.

Xüsusilə son illərdə iki ölkə arasında siyasi dialoq və strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçıları arasında qarşılıqlı etimad və dostluq münasibətləri ölkələrarası əlaqələrin daha da möhkəmlənməsinə güclü təkan vermişdir. Azərbaycan və Türkiyə regional və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqeyini müdafiə edir, ortaq maraqlardan çıxış edərək vahid mövqe nümayiş etdirirlər. Bu həmrəylik regionda sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər zamanı Türkiyənin nümayiş etdirdiyi qətiyyətli siyasi və mənəvi dəstək iki qardaş ölkə arasındakı münasibətlərin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdi və beynəlxalq ictimaiyyətə çatdırdı. Bu dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildi və qardaşlığımızın növbəti dəfə möhkəm təməllər üzərində qurulduğunu sübut etdi.

Məhz belə bir tarixi şəraitdə 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Qarabağın tacı hesab olunan Şuşada imzalanan bu sənəd təkcə iki dövlət arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərmədi, həm də regionda formalaşan yeni geosiyasi reallıqların mühüm göstəricisinə çevrildi.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəd kimi böyük əhəmiyyət daşıyır. Bəyannamədə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, humanitar, təhsil, elm, mədəniyyət və media sahələrində əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəd gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə yanaşı, iki ölkənin ortaq strateji məqsədlərini də ortaya qoyur.

Bəyannamənin ən mühüm müddəalarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlıdır. Sənədə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı təhdid yaranacağı halda qarşılıqlı məsləhətləşmələr aparılacaq və zəruri dəstək göstəriləcəkdir. Bu müddəa iki ölkə arasında hərbi-strateji əməkdaşlığın daha da gücləndiyini və müttəfiqlik münasibətlərinin konkret hüquqi əsaslara söykəndiyini göstərir.

Enerji sahəsində həyata keçirilən beynəlxalq layihələr də Azərbaycan-Türkiyə əməkdaşlığının uğurlu nəticələrindəndir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və digər strateji layihələr təkcə iki ölkənin deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihələr Azərbaycan və Türkiyənin qlobal enerji bazarındakı mövqelərini daha da möhkəmləndirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da müttəfiqlik münasibətlərinin vacib istiqamətlərindəndir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin açılması perspektivləri regionun iqtisadi potensialının artmasına, beynəlxalq ticarətin genişlənməsinə və Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Bu layihələr Azərbaycan və Türkiyənin geostrateji əhəmiyyətini daha da artırır.

Şuşa Bəyannaməsi eyni zamanda Türk dünyasının birliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında möhkəmlənən müttəfiqlik əlaqələri digər türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də müsbət təsir göstərir. Türk Dövlətləri Təşkilatının inkişafında və türk xalqları arasında inteqrasiya proseslərinin sürətlənməsində Azərbaycan və Türkiyənin birgə fəaliyyəti mühüm rol oynayır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri regionda sabitliyin, inkişafın və təhlükəsizliyin mühüm təminatçılarından biri hesab olunur. Şuşa Bəyannaməsi isə bu münasibətlərin zirvə nöqtəsini təşkil edən tarixi sənəd kimi öz əhəmiyyətini qorumaqdadır. İki qardaş dövlət arasında sarsılmaz dostluq, qardaşlıq və müttəfiqlik əlaqələri gələcəkdə də daha da güclənəcək, xalqlarımızın rifahına, regionun inkişafına və Türk dünyasının birliyinə xidmət edəcəkdir. Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” fəlsəfəsinin siyasi və hüquqi müstəvidə ən parlaq təcəssümü kimi tarixdə daim yaşayacaqdır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 71 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30