Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanın müasir inkişaf tarixi Milli Qurtuluş Günündən başlayır

Azərbaycanın müasir inkişaf tarixi Milli Qurtuluş Günündən başlayır

12.06.2026 [22:56]

Elşən Alıyev

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Müasir Azərbaycan dövlətinin tarixində elə günlər var ki, onlar yalnız təqvim hadisəsi deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi dəyərləndirilir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi günlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi, siyasi sabitliyin bərpa olunduğu, müstəqilliyin qorunduğu və gələcək inkişafın təməlinin qoyulduğu əlamətdar tarixdir.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mürəkkəb ictimai-siyasi vəziyyət yaranmışdı. Hakimiyyət uğrunda çəkişmələr, idarəetmədə səriştəsizlik, qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi, separatçılıq meyillərinin güclənməsi və sosial-iqtisadi böhran Azərbaycanı dərin uçuruma sürükləyirdi. Dövlət idarəetmə sistemi faktiki olaraq iflic vəziyyətə düşmüş, ölkədə anarxiya və xaos hökm sürməyə başlamışdı.

1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin yanlış qərarları, siyasi təcrübəsizlik və dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar vəziyyəti daha da ağırlaşdırdı. Hakimiyyət daxilində qruplaşmalar yaranmış, vəzifə uğrunda mübarizə dövlət maraqlarını arxa plana keçirmişdi. Cəbhədə ardıcıl uğursuzluqlar baş verir, torpaqlarımız işğal olunurdu. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı ölkədəki siyasi böhranın daha da dərinləşdiyini göstərirdi. O dövrdə Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi, parçalanma və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlətçiliyin taleyi ciddi təhlükə altında idi.

Belə bir ağır şəraitdə xalq çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsində, qətiyyətində və liderlik keyfiyyətlərində görürdü. Azərbaycan cəmiyyətində artıq ümumi fikir formalaşmışdı ki, ölkəni düşdüyü fəlakətli vəziyyətdən yalnız Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyununda Gəncədə baş vermiş hadisələr və ölkədə yaranmış siyasi böhran dövlətçiliyi məhv olmaq həddinə çatdırmışdı. Mövcud hakimiyyət vəziyyətə nəzarət edə bilmədiyini anlayaraq Heydər Əliyevə müraciət etməyə məcbur oldu.

1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Ulu Öndər Bakıya qayıtdı. Bu qayıdış təkcə siyasi hadisə deyil, Azərbaycan dövlətçiliyinin xilası idi. O günlərdə böyük risklərə baxmayaraq, Heydər Əliyev dərhal Gəncəyə yollanaraq vəziyyətin sabitləşdirilməsi istiqamətində qəti addımlar atdı. Onun siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi və xalq arasında malik olduğu böyük nüfuz qısa müddətdə ölkədə sabitliyin bərpasına imkan yaratdı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Məhz bu gün Azərbaycanın müstəqilliyinin qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və sabit inkişaf strategiyasının əsasının qoyuldu. Ulu Öndər həmin gün Ali Sovetin iclasında çıxış edərək dövlət müstəqilliyinin qorunmasını özünün əsas vəzifəsi elan etdi. Onun siyasi hakimiyyətə qayıdışı ilə ölkədə xaosun və anarxiyanın qarşısı alındı, dövlət idarəçiliyi bərpa edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, sabitlik təmin olundu.

Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ başladı. İlk növbədə ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı və dövlət qurumlarının fəaliyyəti bərpa olundu. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi. Nizami ordu quruculuğuna başlanıldı, iqtisadi islahatların əsası qoyuldu. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” adlanan beynəlxalq neft sazişi ölkənin iqtisadi inkişafının yeni mərhələsini başlatdı. Xarici investisiyaların cəlb edilməsi, enerji strategiyasının formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın gələcək yüksəlişinin əsasını təşkil etdi.

Ümummilli Lider Heydər Əliyev ölkədə milli həmrəyliyin təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Məhz Ulu Öndər rəhbərliyi ilə vətəndaş birliyi möhkəmləndirildi, cəmiyyətin müxtəlif təbəqələri ümumi məqsədlər ətrafında birləşdirildi. Dövlətçilik prinsipləri formalaşdırıldı və müasir Azərbaycanın siyasi sisteminin təməli yaradıldı. 1997-ci ildə Milli Məclisin qərarı ilə 15 iyun tarixi rəsmi dövlət bayramı – Milli Qurtuluş Günü elan edildi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyin tam bərpası Milli Qurtuluşdan başlanan yolun ən böyük nailiyyətləri oldu. Bu tarixi uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının əhəmiyyətini bir daha təsdiqlədi. Ulu Öndərin illər əvvəl ifadə etdiyi Şuşaya qayıdış arzusu gerçəkləşdi. Bu gün azad edilmiş ərazilərimizdə Üçrəngli Dövlət Bayrağı qürurla dalğalanır.

Milli Qurtuluş Günü həm də dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir. Bu tarix sübut etdi ki, xalqın taleyi təhlükə qarşısında qalanda milli birlik, siyasi iradə və güclü liderlik həlledici rol oynayır. 15 İyun Azərbaycan tarixində dövlətçiliyin qorunduğu, müstəqilliyin xilas edildiyi və gələcək inkişafın möhkəm təməllərinin qoyulduğu tarix kimi əbədi yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən qurtuldu, sabitlik və tərəqqi yoluna qədəm qoydu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Milli Qurtuluşdan başlanan yol böyük Zəfərə, tam suverenliyə və yeni inkişaf mərhələsinə aparan yol kimi tarixə həkk olunub. Milli Qurtuluş Günü xalqımızın yaddaşında dövlətçiliyin xilası, milli birliyin təntənəsi və müstəqilliyimizin əbədiliyinin təntənəsi kimi daim yaşayacaqdır.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30