Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tariximizin Əştərək səhifəsi

Tariximizin Əştərək səhifəsi

28.02.2023 [10:32]

Qərbi Azərbaycanın ən qədim regionlarından biri də Əştərək bölgəsidir. Əştərək rayonu cənubdan Zəngibasar, cənub qərbdən Üçmüədzin, qərbdən Ələyəz dağı, şimaldan Abaran, şərqdən Axta (Hrazdan) regionları ilə həmsərhəddir. Əştərək rayonunun ən maraqlı və ən məhşur, müqəddəs kəndlərindən birində mən, Cəfər Əsəd oğlu Cəfərov 1931-ci ildə Hamamlı kəndində anadan olmuşam. 1944-cü ildə Hamamlı kənd 7 illik məktəbini bitirdikdən sonra 1945-ci ildə İrəvan pedaqoji məktəbinə daxil olmuşam. 1948-ci ildə həmin məktəbi bitirdikdən sonra Hamamlı kənd məktəbinə müəllim təyin edilmişəm. 1949-cu ildə Hamamlı kənd əhalisi Azərbaycanın Salyan bölgəsinə deportasiya olunana, yəni, 1949-cu ilin dekabrına kimi kəndimizdə müəllim işləmişəm. Hamamlı kəndi çox axarlı-baxarlı bir kənd idi. Onun havasının saflığını, suyunun, balının, meyvəsinin, yağının adamı məst edən ətrini indi də hiss edirəm. Hamamlı kəndinin füsunkar təbiəti barədə görkəmli alim, akademik Budaq Budaqov yazır: “Hamamlı kəndi elə bil ki, dağların daş qəfəsinin mərkəzində yaranmışdı. İlahinin yaratdığı bu qeyri-adi gözəllik Hamamlıda yaşayan əhalinin qanına, onların zəkasına və təfəkkürünə qarışmışdı. Hamamlıda hər şey insanla təbiətin vəhdətindən xəbər verirdi”. Yeri gəlmişkən, qeyd edim ki, Hamamlı kəndi xalqımızın qeyrətli oğlu, görkəmli ictimai- siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin şəxsində tarixə düşmüşdür. Böyük şəxsiyyət Əziz Əliyev 1897-ci ildə bu kənddə anadan olmuşdur. Təvazökarlıqdan kənar olsa da, deyim ki, bizim ailə ilə onların ailəsi Daşdəmirlilər tayfasına mənsub idilər. Çox təəssüf ki, belə bir müqəddəs məkan hələ ki, yad əllərdədir.

Əştərək Qərbi Azərbaycanın indiki Ermənistanın həm də ən mərkəzi rayonlarından biridir. İrəvandan 20 km məsafədə yerləşir. Əştərək rayonu 1930-cu ildə təşkil olunmuşdu. Bu rayona 50 kənd daxil edilmişdi. Bunlardan 36-sı azərbaycanlı kəndi olmuşdur. Bunlar aşağıdakılardır:

1.Avan-30

2.Aylanlı-215

3.Aylı-Xaraba-100

4.Əkərək-720

5.Ənirsək-214

6.Haxış-920

7.Əşirəbad-281

8.Qaraçalar-360

9.Qaraçörən-494

10.Qızıltəmir-0

11.Qızılxaraba-57

12.Qoytul-273

13.Qoş-220

14.Qoşabulaq-203

15.Yaqublu-213

16.Karvansaray-140

17.Kələşam-417

18.Kəlaşkənd-473

19.Kiçikkənd-382

20.Cadqıran-807

21.Kotanlı-203

22.Kürdalı-260

23.Maqda-268

24.Nəzirivan-613

25.Erqov-271

26.Parpi-77

27.Patrınç-640

28.Persi-338

29.Sərimsəvəng-248

30.Talış-452

31.Tığıt-488

32.Təhkiyə-599

33.Tül Nəbi-536

34.Üşü-1359

35.Ucan-300

36.Hamamlı-611

Bu siyahı tarixçi alim, jurnalist İsrafil Məmmədovun “Tariximiz, torpağımız, taleyimiz” (2002) adlı əsərindən götürülmüşdür. Siyahı 1914-cü ildə olan əhalinin sayını da göstərir. Onu da qeyd edim ki, İsrafil Məmmədovun tərtib etdiyi  bu siyahı da öz növbəsində Zaven Korkodyanın “1831-1931-ci illərdə sovet Ermənistanının əhalisi” adlı kitabına əsaslanmışdır. Bu siyahıda o kəndlər verilmişdir ki, siyahı tərtib olunanda orada azərbaycanlılar yaşamışdır. Amma bu regionda elə kəndlər də vardı ki, vaxtilə azərbaycanlılara məxsus olmuş, siyahı tərtib olunan dövrdə, yəni, XIX əsrin sonunda artıq azərbaycanlılar olmamış, erməniləşdirilərək erməni kəndlərinə çevrilmişdir. Bunlara aşağıdakı kəndləri göstərmək olar. Əştərək, Yağaverd, Üşəyən, Muğni, Kərpi (Karbi), İlançalan, Xənəvəng, Pirəyən, Ağavnatun və Franknos. Bu kəndlərin də azərbaycanlılara məxsus olmasını tarixi sənədlər və onların adları da təsdiq edir. Belə ki, Əştərəyin özü,Yağaverd və Ağavnatun kəndlərinin XVl-XVll əsrlərdə azərbaycanlılara məxsus olduğu  barədə görkəmli tarixçi alim Süleyman Məmmədovun “Qaynaqların sözü birdir”(“Azərbaycan” jurnalı, 1989, N9) əsərində oxuyuruq: “Semion İrəvanlının XVIl yüzillikdə   Ermənistanda yaşayan Azərbaycan tayfaları haqqında verdiyi məlumat diqqəti cəlb edir. ... Qriqor Katalikosun  vaxtında Əştərək, Ağavnatun, Yağaverd kəndlərinin bütün mülkləri ilə birlikdə müsəlmanlara mənsub olması barədə verdiyi məlumatın xüsusi əhəmiyyəti vardır”. (Süleyman Məmmədov göstərilən əsər, səh 164). Eləcə də  Üşəyən (Oşakan) kəndi barədə qeyd edilir: “XV yüzillikdə Oşakan (Üşəyən) kəndinin Azərbaycanlılara mənsub olmasını 1489-cu il oktyabrın 13-də ərəbcə yazılmış qədim Oşakan kupçisi təsdiq edir”. Həmçinin Əştərək rayonunda Muğni adında kəndin mövcudluğu barədə qiymətli tarixi məlumat vardır: “XV yüzillikdə olduğu kimi həmin dövrdə də Franknos və Muğni kəndləri azərbaycanlılara məxsus idi (Bax S.Məmmədov göstərilən əsəri səh 167).

Son dövrlərə qədər, indinin özündə də erməni kəndi hesab olunan Kərpi (ermənilər ona Qarbi deyir) vaxtilə azərbaycanlılara məxsus olması onunla əsaslandırıla bilər ki, İrəvan xanlığı dövründə Qarbibasar adlanan, başdan-başa azərbaycanlı məskəni olan mahalın əsas kəndlərindən biri də Kərpi (Qarbi) kəndi olmuşdur. Qarbibasar və Kərpi (Qarbi) toponimlərinin eyni kökdən olması heç bir şübhə doğurmur. Süleyman Məmmədov da özünün çox maraqlı olan “Qaynaqların sözü birdir” əsərində yer adlarının-toponimlərin haqqında danışarkən ərazi bölgüsü əsas götürülərək azərbaycanlılara aid olan İrəvan, Abaran vilayətləri, Vaqarşapat (Eçmüədzin ərazisi) regionları sırasında Karpi vilayətini də vermişdir. (S.Məmmədov göstərilən əsəri səh 169). İsrafil Məmmədovun verdiyi siyahıya daxil olmayan İlənçalan, Xənəvəng və Pirəyən kədlərinin adları-toponimləri də göstərir ki, bunlar da azərbaycanlılara məxsus olmuşdur. Belə olmasa idi, ermənilər nə üçün bu kəndlərin adlarını dəyişərək, İlənçalana-Ardaşavan, Xənəvəngə-Ohanavan, Pirəyənə-Buyrakan adlarını vermişlər? Beləliklə, 1930-cu ildə Əştərək rayonu təşkil olunduqdan sonra göstərdiyimiz 9 kəndi də siyahıya əlavə etsək, Əştərək rayonuna daxil edilən 50 kənddən 45-i azərbaycanlılara məxsus idi. Qalan 5 kənd barədə də mübahisə etmək mümkündür.

Əştərək rayonu təşkil olunana, yəni, 1930-cu ilə qədər bu sadaladığımız kəndlər İrəvan xanlığı dövründə Qərbibasar mahalına, 1849-cu ildə İrəvan Quberniyası yaradıldıqda əksər kəndlər Eçmüədzin qəzasına, az bir hissəsi Abaran mahalına aid idi. Bu qeyd etdiklərimizdən belə bir nəticəyə gələ bilərik ki, Əştərək regionuna daxil olan əksər kəndlər Azərbaycana məxsus idi. İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən, 1827-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər rus türk müharibələri dövründə xaraba qalan azərbaycanlı kəndlərində müxtəlif ölkələrdən gətirilmiş ermənilər yerləşdirilmişdi. Bu ərazilər Əştərək rayonuna qatılan azərbaycanlı kəndləri idi. Azərbaycanlılar sıxışdırılaraq bir çox kəndlər erməniləşdirildikdən, 1905, 1915-ci illərdə ermənilər havadarlarının köməyi ilə azərbaycanlıları xeyli qırdıqdan və bir çox azərbaycanlıları didərgin saldıqdan sonra Əştərək rayonunda 15000 azərbaycanlı qalmışdır. 17-ci əsrdə yaşamış Simeon İrəvanlının “Cambr” adlı əsərində Ermənistanda yaşayan azərbaycanlıların məskənləri barədə qiymətli məlumatlar var.(Bax: Simeon İrəvanlı “Cambr” 1958).

1918-1920 -ci illər qırğını zamanı 15000 azərbaycanlıdan öldürülən öldürülmüş, sağ qalanları isə müxtəlif ölkələrə-Türkiyəyə, İrana, Azərbaycana və başqa ölkələrə sığınmağa məcbur olmuşlar. 1918-1920-ci illərdə ermənilər xüsusilə Haxış və Təhkiyə kəndlərinin əhalisini amansızcasına qırmışlar. Amma bəzi kəndlərdə məsələn Üşü kəndində ermənilərə qarşı güclü müqavimət də göstərilmişdir. Bu kəndin ağsaqqallarından olan Məmmədbağır kişi söhbət edirdi ki,” kəndə xəbər gəldi ki, Haxışla Təhkiyəni ermənilər qılıncdan keçirdi. Bu gün sabah bizim kəndə hücum edəcəklər. Kəndin ağsaqqalları belə qərara gəldilər ki, arvad-uşağı kəndin ortasındakı məscidə yığsınlar. Əli tüfəng tutan kişilər isə kəndin həndəvərində özlərinə səngər qursunlar və elə də edirlər. Ermənilər kəndə hücum edəndə çoxlu itki verirlər, hətta bir erməni generalı da həmin döyüşdə məhv edilir. Amma hərbi sursat tükənmək üzrə olur. Salamat qalanlar belə məsləhət edirlər ki, iki üç nəfər ermənilərə qara versinlər, iki nəfər əhalini yaxınlıqdakı meşəyə qaçırtsınlar və elə də edirlər.

Hamamlı kəndinin faciəsi belə olur ki, payızın son ayında xəbər çatır ki, yaz ağzı qar əriyən kimi sizin kəndə də hücum olacaq. Qışda bizim kəndə həddən çox-iki metrə yaxın qar yağardı. Tapdanmış cığırdan çıxanda qara batıb qalardıq. Ona görə ermənilər qışda kəndə hücum edə bilmirdilər. Kənd camaatı belə qərara gəlirlər  ki, qar yağdıqca tapdalayıb bərkidərək, özlərinə cığır açsınlar ki, qar əriməmiş kənddən bir gecə çıxıb qaçsınlar. Belə də edirlər. Qar əriməyə başlayar başlamaz kənddən çıxırlar və özlərinin yüngül, qiymətli əşyalarını ulağı olan ulağa, atı olan ata, öküzü olan öküzə yükləyib bir gecə yola düşürlər. Dərə və təpə ilə gedərək Zəngibasarın Mehmandar kəndinə gəlirlər. Bir neçə aydan sonra əvvəlcə Türkiyəyə, oradan da İrana keçirlər. Xoy, Mərənddən keçərək İranın Ərəblər kəndinə gəlirlər. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kommunistlərin yalan vədlərinə inanaraq qaçqınlıq dövründə az-çox salamat qalanlar öz doğma yurdlarına geri dönürlər. Vaxtilə, Əştərək rayonunun ən azı 15000 mindən çox azərbaycanlı əhalisindən cəmi 1230 nəfəri geri dönə bilmişdir. Bizim Hamamlı kəndindən 611 nəfərdən cəmi 43 nəfər geri dönə bilmişdir. Bir neçə ailə Parpi, Kürdalı, Nəzirəvan, Sərimsəvəng, Qaraçörən, Təhkiyə, Cadqıran kəndlərinə qayıda bilir. Qaçqınlıqdan geri dönənlər isə öz evlərində gəlmə ermənilərin məskunlaşdığını görürlər. Əlacsız qalan azərbaycanlılar kəndin kənarında daxmalar tikib orada yaşamağa məcbur olurlar.

Öz doğma yurdlarına qayıdan (az sayda azərbaycanlı) əhali 1930-cu illər repressiyasını, 1941-1945-ci illər vətən müharibəsi illərini, 1945-1949-cu illər müharibədən çıxmış ölkənin yoxsulluq illərini çətinliklə başa vuran əhali bir balaca özünə gələr-gəlməz göy guruldadı, şimşək çaxdı, əvvəldə qeyd etdiyimiz kimi belə bir ağıla gəlməz məlumat yayıldı ki, azərbaycanlıların Azərbaycanın aran rayonlarına köçürülməsi barədə Mikoyan-Stalin sövdələşməsi nəticəsində sərəncam verilmişdir. Az bir müddət içərisində əhaliyə köç biletləri paylandı. Kəndlərə Sudabekr maşınları göndərildi. Əhalini İrəvan dəmiryol vağzalına töküb yük vaqonlarına mindirib Azərbaycana gətirdilər. Sərimsəvəng, Cadqıran, Parpi kənd əhalisini Mirbəşir, Nəzirəvan əhalisini Kürdəmir, Hamamlı və Kürdalı kəndini Salyan rayonlarına, Təhkiyə kəndinin camaatını isə Xaldana köçürdülər. Bunların hamısı mənim gözümün qabağında olmuşdur.

Cəfər Cəfərov,

filologiya elmləri doktoru, professor

Prezident təqaüdçüsü, Əməkdar müəllim

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28