Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yeni Azərbaycan” qəzeti ətrafında bəzi düşüncələr...

“Yeni Azərbaycan” qəzeti ətrafında bəzi düşüncələr...

05.02.2024 [16:59]

Qəzetin Baş redaktoru Alqış Həsənoğluya açıq məktub 

Çox hörmətli Alqış müəllim! Mən Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi olaraq ölkəmizin aparıcı qəzetlərinin əksəriyyətini izləməkdəyəm. Bu, həm mənim özümün informasiyamı artırmaq üçün, həm də tələbələrimi medianın praktik yaradıcılıq dünyası ilə tanış etmək üçün vacib bir işdir. 

Mən tipoloji xarakteri ilə Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetini yaranışından izləyən bir müəllim – oxucuyam. 

“Yeni Azərbaycan”a sizin rəhbərliyinizin birinci dövründə mən bu qəzetin müəllifləri sırasında olmuşam və o zamandan bu qəzetin fəaliyyətinə yaxından bələdəm. Vaxtınızı çox almadan deyim ki, sizə bu məktubu ünvanlamağımın əsas səbəbi növbədənkənar Prezident seçkiləri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından sonra təbliğat işində göstərdiyiniz peşəkarlıqla bağlıdır. 

Alqış müəllim! 1992-ci ildə yüz min zillətlə qazandığımızın müstəqillik çağına qədəm qoyan kimi jurnalistikamız sovet senzura rejimindən qurtularaq Qərbdə çoxdan formalaşmış prinsipləri – dəqiqlik, vicdanlılıq, qərəzsizlik prinsiplərini tətbiq etməyi yaradıcılıq üçün vacib saydıq. Lakin bir az keçdi və bizə tam aydın oldu ki, Qərb jurnalistikası bizə təbliğ etdiyi azad media formatından özü çox uzaqdır və onun özü birbaşa ideoloji təbliğatla məşğuldur. Yaxşı ki, biz Fransa, Almaniya “biz deyəni edin, biz edəni etməyin” prinsipini tez anladıq. 

Belə bir dövrdə Azərbaycanın Heydər Əliyev tərəfindən formalaşmış azad mətbuat konsepsiyasını tamamilə qəbul edən qəzetlərimiz sırasında o zaman sizin rəhbərlik etdiyiniz “Yeni Azərbaycan” qəzeti ön sırada dayandı. Bu qəzet orqanı olduğu Patiyanın fəaliyyətini klassik jurnalistikamızın klassik ənənələrinə söykənən yüksək peşəkarlıqla işıqlandırmağa başladı. Mən qəzetinizin Yeni Azərbaycan Partiyasına sədaqətinin bütün mövzu istiqamətlərini izləməkdəyəm. Növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının yeganə namizədi İlham Əliyevin bütün fəaliyyət istiqamətləri qəzetinizin aparıcı mövzusu oldu. Yanvarın 15-dən başlanan təbliğat kampaniyası dövründə “Yeni Azərbaycan” öz partiyasının namizədi İlham Əliyevin 20 illik titanik fəaliyyətinin hər bir anını fenomenal hadisə kimi oxucularına bir daha öz səhifələrində xatırlatdı. Qəzetinizin bu fəaliyyətini Qalib liderimizə ümumxalq sevgisinin ifadəsi kimi qiymətləndirməkdəyik. Seçki kampaniyası dövründəki hər nömrənizi “xüsusi buraxılış” kimi qəbul etmişik. Lakin fevralın 3-dəki nömrənizi jurnalistikanın elmi-praktik tələbləri baxımından əsl “xüsusi buraxılış” hesab edirəm. Qəzetimizin bu nömrəsi İlham Əliyevin 20 illik fəaliyyətinin mükəmməl salnaməsidir. Bu salnamə bu günün və sabahın tarixçilərinə bir yaddaş rəmzi daşıyacaq. 

Fevralın 3-də oxuculara təqdim olunan bu nömrə öz tərtibatından tutmuş janr seçiminə, hər bir yazı müəllifinə öz fikrini sərbəst ifadə etmək imkanından tutmuş bu yazıların aydın dil və üslub keyfiyyətlərinə, informasiya aydınlığından tutmuş publisistikasının  bütün peşəkarlıq keyfiyyətlərinə və s. faktlara görə çox maraqlı bir nümunədir. 

Əlbəttə, mənə hər şeydən əvvəl müəllif kontingenti maraqlıdır. Bu müəlliflər sırasında qardaş Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik palatasının vitse-spikeri, İnsan Haqları üzrə Milli Mərkəzin direktoru, akademik A.X.Saidovun “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın uğurları və nailiyyətləri” sərlövhəli araşdırması oldu. Bu elmi-publisistik araşdırma məni təkcə peşəkarlığı ilə deyil, həm də və daha çox bu özbək akademikin Azərbaycana sevgisi oldu. Akademik Saidov Azərbaycana sevgi ilə qələmə aldığı bu yazısı ilə jurnalistikanın ən çox zəhmət tələb edən araşdırma janrının mükəmməl nümunəsini yaratmışdır. 

Müəllif İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycanın on fundamental uğurunun elmi təhlilini təqdim edir və bu uğurları o qədər dəqiq ümumiləşdirə bilir ki, hətta bu 20 ilə nabələd oxucu da İlham Əliyevin bir prezident kimi titanik Liderlik fəaliyyətini aydın görə bilir. Bu araşdırma birbaşa Azərbaycan-Özbəkistan əlaqələrinin daha da inkişafına xidmət edir. 

Əzizimiz Alqış müəllim! Həmişə olduğu kimi, qəzetimizin bu nömrəsində də janr müxtəlifliyi onu daha oxunaqlı etmişdir. Milli Məclisin deputatı Ağalar Vəliyevlə, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova ilə, Milli Məclisin deputatı, professor Kəmalə Əliyeva və başqaları ilə müsahibələr səhifələrə xüsusi rəng verir. Maraq doğuran belə bir cəhət də var ki, istər ayrı-ayrı müəlliflərin, istərsə də redaksiya əməkdaşlarının müraciət etdiyi tanınmış şəxslərin hər birinin İlham Əliyev haqqında içdən gələn ürək sözləri xalqımızın öz Liderinə sevgisinin ifadəsidir. 

Yuxarıda nömrənin janr rəngarəngliyini qeyd etdim. Bu sırada müasir media məkanında xüsusi yeri olan esse janrının mükəmməl bir formatı məni çox duyğulandırdı. Bu, sizin şəxsən özünüzün qələmə aldığınız “Himnimizin 3-cü bəndi... İlham Əliyev kimdir?” sərlövhəli essenizdir. Bu yazıda çox maraqlı bir tapıntı var. Yazıdakı tapıntı İlham Əliyevin kim olduğunu müəllifin himnimizin 3-cü bəndi ilə əlaqələndirməsidir: 

“Namusunu hifz etməyə, 

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır”

Və müəllif bundan sonra belə bir fikir irəli sürür: “Zənnimcə, elə onun ən dəqiq, ən mükəmməl obrazı budur”.

Bütün səmimiyyətimlə deyirəm ki, bu essedə İlham Əliyevin bütöv bir obrazı var və bütöv bu obrazı yaradan essenin hər sətri bir tezis kimi özündən sonra neçə-neçə bədii, publisistik əsərə mövzu verir. 

Seçki kampaniyası ilə bağlı ayrı-ayrı rayonlarda YAP nümayəndələrinin təşkil etdikləri görüşlərdən reportajların hər birində İlham Əliyevin seçkidə mütləq qələbə qazanacağına ümidlər də səhifələrdə özünə yer tapıb. 

Mən bu yerdə mənə doğma olan Bakı Dövlət Universitetinin professoru İradə Hüseynovanın “Böyük qələbələrə aparan qüdrətli Lider” publisistik yazısını da xüsusi qeyd etmək istərdim. Professor İradə Hüseynova yaradıcılığının böyük bir qismini Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini işıqlandırmağa həsr etmişdir. Onun bu sahədə çoxsaylı monoqrafiya və məqalələrində olduğu kimi bu yazısı da Liderimizin Vətənə sevgi fəaliyyətinin ifadəsidir. 

... Və sonda. Çox hörmətli Alqış müəllim! Qəzetimizin bu nömrəsindəki adlı-sanlı müəlliflər sırasında mənim müqəddəs Universitetimin – BDU-nun bir magistrantının da yazısı yer alıb. “İlk səs” adlı bir az kövrək, bir az da duyğulu bu essedə mənim rəhbərlik etdiyim Milli Mətbuat tarixi kafedrasının magistrantı Günel Abbasın prezident seçkilərini necə həvəslə gözlədiyi qələmə alınıb. 

Bütün istiqamətləri ilə jurnalistikanın qəzetçilik ənənəsinə söykənən bu nömrədən sonra bir daha belə bir qənaətə gəldim ki, media sistemində qəzeti heç bir media platforması əvəz edə bilməz. İşiniz uğurlu, qəzetinizin ömrü uzun olsun. 

Cahangir Məmmədli, 

BDU Milli Mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor.

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29