Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Müharibənin bir insanlıq tərəfi də var...

Müharibənin bir insanlıq tərəfi də var...

02.12.2021 [10:37]

Mübariz ABDULLAYEV

Azərbaycan cəmiyyəti humanistdir. Xalqımız tarixdən gələn ənənələrə sadiqlik nümayiş etdirərək ən müxtəlif məsələlərə münasibətdə bir qayda olaraq xoş məram sərgiləyir. Elə cəmiyyətin bu ovqatı dövlətin siyasəti ilə üst-üstə düşür. Müşahidələr apardıqda humanizm prinsiplərinin Azərbaycanın dövlət siyasətindən qırmızı xətt kimi keçdiyi aydın şəkildə görünür. Ölkəmizin ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində humanizm ənənələrinə sadiqlik nümayiş etdirməsi bu baxımdan xüsusi vurğulanmalıdır.

Bəli, müharibənin üzü çox sərtdir. Dövlətlər arasında yaranan konfliktlər diplomatik müstəvidə çözülməlidir, bu mümkün olmadıqda, təbii ki, silahlar işə salınır, ordular üz-üzə dayanır. Ancaq müharibənin bir insanlıq tərəfi də var. Heç bir halda yol vermək olmaz ki, müharibələr zamanı sivil insanlar, uşaqlar, yaşlılar, qadınlar hədəfə çevrilsinlər. Yeri gəlmişkən, bunu həm də beynəlxalq konvensiyalar diktə edir. 1949-cu ildə qəbul edilən Cenevrə konvensiyalarında və sonradan bu sənədlərə əlavə olunan protokollarda döyüşlərdə əsir düşən, yaralanan hərbçilərlə, eləcə də mülki şəxslərlə rəftarla, onların qorunması ilə bağlı konkret müddəalar yer alıb.

Azərbaycan da Cenevrə konvensiyalarına qoşulan ölkələr sırasında yer alır. Ermənistanın başladığı və üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasəti respublikamız üçün böyük humanitar fəsadlara yol açmışdı. Belə ki, beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin 20 faizi işğal altına düşmüş və bir milyondan artıq soydaşımız qaçqınlıq, köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. Azərbaycan bu humanitar fəlakəti dəf etməyi - doğma ev-eşiklərindən didərgin salınan insanları yerləşdirməyi, onların ərzaq və mənzil təminatı kimi mühüm məsələləri öz gücünə həll etməyi bacardı. Respublikamız bu müddət ərzində bir dəfə də olsun humanizm prinsiplərindən kənara çəkilmədi. Bəli, Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünün pozulması faktı ilə barışmadı. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı qətiyyətlə bildirirdi ki, Azərbaycan ərazi bütövlüyünü istənilən yolla təmin edəcək. Bu, müharibə çağırışı deyildi. Torpaq itkilərinə baxmayaraq, danışıqlar prosesində fəallıq göstərməsi, bu danışıqları həmişə substantiv nəticələrə yönəltməyə ardıcıl səylər göstərməsi Azərbaycanın sülhə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Gəlin xatırlayaq: Prezident İlham Əliyev “yeni ərazilər uğrunda yeni müharibələr” iddiaları səsləndirən işğalçı Ermənistanı dayandırmaq üçün dəfələrlə BMT-ni və digər beynəlxalq təşkilatları işğalçı dövlətin yeni aqressiya cəhdlərinin qarşısını almağa çağırmışdı. Azərbaycan rəhbərliyinin bu sülhpərvər çağırışları eşidilmədi və Ermənistanın növbəti təxribatları müharibənin başlamasına rəvac verdi.

İşğalçı Ermənistan üç onillik ərzində öz nəzarəti altında saxladığı Azərbaycan torpaqlarında ağlasığmaz vandalizm əməlləri törədib. Sözügedən ərazilərdə bütün mülki infrastruktur, yaşayış evləri, tarixi mədəni-dini abidələr dağıdılıb, şəhər və kəndlər xarabalığa çevrilib. İşğal dövründə ermənilər tərəfindən təbii sərvətlərimizə qarşı ekoloji terror törədilib. Müharibə dövründə də biz Ermənistana məxsus hərbi birləşmələrin oxşar ssenariləri təkrarladıqlarının şahidi olduq. Bəllidir ki, ermənilər heç vaxt açıq döyüşlərdə hansısa bir uğura imza atmayıblar. Onlar döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini münaqişə bölgəsindən aralıda yerləşən yaşayış məntəqələrini dağıdıcı silahlardan atəşə tutmaqla çıxmağa çalışırdılar. Gəncənin, Bərdənin, Tərtərin və digər yaşayış məntəqələrimizin ardıcıl intensiv atəşə məruz qalması erməni vandalizminə əyani nümunədir. Və yaxud götürək Ermənistanın minalanmış ərazilərin xəritələrini verməmək üçün müxtəlif bəhanələr uydurmasını. Hələ də işğaldan azad olunmuş ərazilərdə hərbçilər və mülki insanlar mina təhlükəsindən əziyyət çəkirlər və həyatlarını itirirlər. Müharibənin başa çatmasından sonra Ermənistanın minalanmış ərazilərin xəritələrini gizlətməsi və yaxud Azərbaycana saxta xəritələr təqdim etməsi sağlam məntiqə sığmır. 

Azərbaycanın Silahlı Qüvvələri müharibəni humanizm prinsiplərinə riayət etməklə apardı. Hərbçilərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qəti göstəriş almışdılar: mülki infrastruktur, dinc sakinlər heç bir halda hədəfə çevrilməməlidirlər. Ali Baş Komandanın bu tapşırığına əməl edən Ordumuz 44 gün ərzində hərbi əməliyyatları sırf döyüş meydanında apardı və şanlı Zəfər çaldı. Dövlət başçımız noyabrın 26-da keçirilən üçtərəfli görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycanın Vətən müharibəsi günlərində və postkonflikt mərhələsində humanitar prinsiplərə sadiq qaldığını diqqətə çatdıraraq bildirib ki, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. “Azərbaycan həmişə, - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan və Ermənistan qonşu dövlətlərdir. Biz istəsək də, istəməsək də, qonşuluq şəraitində yaşamalıyıq. Buna görə də Azərbaycan Ermənistanla çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq, gələcəyə baxmaq  əzmi nümayiş etdirir. Ermənistan da belə mövqedən çıxış etsə, ambisiyalarından, revanşist xülyalarından çəkinsə, regionda sülhü, təhlükəsizliyi, insanların normal yaşayışını təmin etmək mümkün olar.

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31