Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Cəsus şar” əməliyyatı...

“Cəsus şar” əməliyyatı...

07.02.2023 [10:57]

Pekin “dirijabl”ın kəşfiyyat məqsədli olmadığını iddia edir

ABŞ üzərində uçan Çin casus şarı axır ki, Pentaqon tərəfindən vuruldu. Çin tərəfi bir neçə gün idi ki, hava şarının casus şarı deyil, sadəcə “hava şarı” olduğunu iddia etsə də, nəticə dəyişmədi - şar prezident Baydenin göstərişi ilə vurularaq okeana salınıb. Xarici mətbuatın yazdığına görə, bununla bağlı prezident Co Bayden jurnalistlərin suallarını cavablandırarkən deyib. Dövlət başçısı əmrin çərşənbə günü verildiyini, sadəcə icra üçün ən uyğun yerin və anın gözlənildiyini bildirib. Şarın vurulub okeana salınması əməliyyatı zamanı Cənubi Karolina bölgəsindən bütün uçuşlar dayandırılıb. Pentaqon hələ əməliyyatla bağlı açıqlama verməsə də, ABŞ Konqresinin üzvlərinin bir çoxu Çinin casus şarı ilə bağlı addımına lazımi cavabın verilməsi tələbi ilə çıxış edib. Hətta məsələnin ABŞ-ın suverenliyi məsələsinə çevrilməsi ilə bağlı müzakirələr belə aparılıb. “Reuters” xəbər agentliyinin fotoqrafı bildirib ki, reaktiv təyyarə şara yaxınlaşaraq onu vurub və çəkiliş zamanı heç bir partlayış görüntüsü olmayıb, daha sonra şar düşməyə başlayıb. Bildirilir ki, şarın vurulduğu an və onun düşməsi Mirtl sahili ərazisindən görünür. “Reuters”in fotoqrafı şarın çəkilişi zamanı iki hərbi təyyarənin olduğunu bildirib.

Xatırladaq ki, Çin administrasiyası hava şarının casusluq üçün nəzərdə tutulmadığını, meteoroloji ölçmələr üçün istifadə edildiyini və təsadüfən ABŞ-a istiqamətləndiyini iddia edirdi. Rəsmi Pekin bildirirdi ki, ABŞ-ın Çinə məxsus casus hava şarının Birləşmiş Ştatların üzərindən keçməsi ilə bağlı yaydığı məlumatı yoxlamağa çalışır - xarici işlər nazirliyinin sözçüsü Mao Ning faktlar aydın olana qədər hər kəsi sakit olmağa çağırmışdı. O, həmçinin əlavə etmişdi ki, “Çin məsuliyyətli ölkədir və həmişə beynəlxalq hüquqa ciddi əməl edir. Bizim heç bir suveren ölkənin ərazisini və ya hava məkanını pozmaq niyyətimiz yoxdur”.

Çin Xarici İşlər Nazirliyi bildirmişdi ki, “şar Çindən gəlib və mülki məqsəd daşıyır, xüsusən də meteoroloji zond tədqiqatlar üçün istifadə olunur. Güclü külək nəticəsində şar idarəetməni itirərək təyin olunmuş kursdan kənara çıxıb”. Çin Xarici İşlər Nazirliyi fövqəladə vəziyyət nəticəsində meteoroloji tədqiqat qurğusunun ABŞ hava məkanına keçməsindən təəssüfləndiyini bildirib.

ABŞ-ın narahatlığı isə hava şarının “müşahidə” üçün seçdiyi ərazilər idi. Belə ki, hava şarı çərşənbə günü qitələrarası ballistik raketlərin yerləşdiyi və idarə edildiyi, ABŞ Hərbi Hava Qüvvələrinin üç bazasından birinin yerləşdiyi Montana ştatının şimal-qərbində “görünmüşdü”. Pentaqon rəsmilərinin bildirdiyinə görə, “casus şarı” Çindən Alyaskanın Aleut adaları və Kanadanın şimal-qərbi vasitəsilə ABŞ-a girib. Kanada tərəfi də öz növbəsində bildirmişdi ki, yüksək hündürlükdə uçan müşahidə şarını izləmək üçün ABŞ-la birgə işləyir.

Qeyd edək ki, Montana üzərindəki hava şarı ABŞ-da aşkar edilən Çinə məxsus ilk casus şarı deyilmiş. Lakin adı çəkilməyən ordu rəsmisi bildirib ki, bu, əvvəlkindən daha uzun müddət havada qalır.

Blinkenin səfəri təxirə salındı -Pentaqon təhlükəsizliyi əsas götürür

“Casus şar” əməliyyatı isə Çin ilə ABŞ arasında yeni siyasi gərginliyə yol aça bilər. Qeyd edək ki, bu məsələdən öncə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri nəzərdə tutulurdu. Hətta səfərin yaxın günlərdə reallaşacağı ilə bağlı xəbərlər də yayılırdı. Son dövrlərdə Tayvan məsələsində “susqunluğun” səbəbi də məhz bu səfərlə əlaqələndirilirdi.

Artıq ABŞ Dövlət Departamenti hava şarı insidentinə görə dövlət katibi Entoni Blinkenin Çinə planlaşdırılan səfərinin təxirə salındığını təsdiqləyib. Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Pentaqonun sözçüsü Patrick Rayder brifinqində ölkə ərazisində yüksək hündürlükdə Çinə məxsus kəşfiyyat şarının aşkarlandığını və onu izlədiklərini bildirərək deyib: “Biz ÇXR-in təəssüf hissi duyduqları barədə bəyanatını nəzərə aldıq, lakin bu şarın bizim hava məkanında olması suverenliyin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bunun baş verməsi isə qəbuledilməzdir... Departamentdəki tərəfdaşlarla, eləcə də Konqreslə məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, hazırda katib Blinkenin Çinə səfəri üçün şərait uyğun deyil”.

Qərblə SSRİ arasındakı mübarizənin “hava şarı” tərəfləri...

Hava şarı casusluğu ilə bağlı apardığımız araşdırmada məlum oldu ki, bu “metod”dan hələ II Dünya müharibəsi dövründə də istifadə edilib. Eyni zamanda, Soyuq müharibə dövründə “Azad Dünya” tərəfindən buraxılan cəsus şarları ikinci dərəcəli psixoloji müharibə statusu daşıyırdı. Bu yolla broşür təbliğatı və istehlak malları (ehtimal ki, kommunist dövlətlərində satışı sərbəst olmayan istehlak malları) mövcud ərazilərə “daşınır” və atılırdı. Sonradan isə bu şarlar daha müasir forma almağa başladı. Belə ki, cəsus peyklərin yaranması Soyuq müharibənin başa çatması ilə birlikdə casus şarlarını da “köhnəltdi”. Amma tam sıradan çıxarmadı.

Hazırda yüksək hündürlükdə videomüşahidə üçün “pilotsuz dirijabllardan” istifadə olunur. Avadanlığa ərazilərin gecə-gündüz monitorinqinə imkan verən bort kameraları daxildir. ABŞ-nın dirijablının aerodinamik analoqu ilə müqayisədə aşkar üstünlüklərindən biri pilotsuz avtomobildə texniki nasazlıq baş verdikdə dirijablların dərhal yerə düşmə meyilinin olmamasıdır. Beləliklə, bu kimi yeni növ şarlar daha rahat şəkildə kəşfiyyat müşahidəsi apara bilir. Bu tendensiya PUA-lar üçün xüsusilə faydalıdır.

ABŞ-ın da hava şarlarının “istehsalında” xüsusi fəallığını qeyd etmək olar. Pentaqon tərəfindən dirijablların inkişafı iki istiqamətdə həyata keçirilir. Bir tərəfdən kiçik ucuz hava şarları və taktiki dirijabllar yaradılır, digər tərəfdən strateji stratosfer dirijabllarının layihələndirilməsi istiqamətində işlər aparılır. 2005-ci ilin əvvəlində ABŞ ordusu tərəfindən Arizona poliqonunda 320 km məsafədə yerüstü xidmətlərlə əlaqə saxlamağa imkan verən Combat SkySat Phase 1 mini-balonunun sınaqdan keçirildiyi elan edildi. Telekommunikasiya şirkəti olan Globetel, təxminən 800.000 km sahədə rabitəni dəstəkləmək və ya dinləmək üçün göyərtəsində telekommunikasiya platforması olan Stratellite dirijablının sınaq uçuşu üçün ABŞ Federal Aviasiya Administrasiyasına ərizə təqdim etmişdi.

Pentaqon İraqda sınaqdan keçirmişdi...

Təxmin edilir ki, yeni hava gəmiləri metodologiyası amerikalılar tərəfindən hazırlanan Gələcək Döyüş Sistemləri proqramında da yer alacaq - məhz yüksək tutumlu dirijablların köməyi ilə ABŞ hərbi toqquşmaların olduğu yerlərə texnika ötürməyi planlaşdırır. 2005-ci ildə Pentaqonun Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) 500-dən 1000 tona qədər faydalı yük daşıyan “Morj” super ağır nəqliyyat dirijablının yaradılması proqramının işlənib hazırlandığını elan etdi. Uçuş məsafəsi təxminən 22 min km idi - bu məsafəni bir həftə ərzində qət etməli idi. Amma bu proqram 2006-cı ildə məhdudlaşdırıldı. DARPA, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin sifarişi ilə stratosferin yuxarı sərhədində, yəni təqribən 80 km hündürlükdə fəaliyyət göstərə bilən kəşfiyyat balonunun hazırlanması ilə bağlı araşdırmalar aparıb. Əslində bu, aparat suborbital aparat kimi nəzərdə tutulur.

2005-ci ilin fevralında Pentaqon İraqda 180 km radiusda bölmələrlə əlaqə saxlamağa imkan verən avadanlıqla təchiz edilmiş MARTS (Marine Airborne Re-Transmission Systems) hava şarını da sınaqdan keçirmişdi. Bu hava şarı isə 90 km/saat sürətə çatan küləklərə dözə bilir və yerə qulluq etmədən iki həftə havada asılır.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31