Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib

Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib

13.01.2015 [09:29]

Prezident İlham Əliyev: ...Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır
Məlum olduğu kimi, son illərdə qlobal miqyasda bir sıra arzuolunmaz proseslər müşahidə edilməkdədir. Belə ki, bir neçə il bundan öncə dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi kataklizmlərlə müşayiət olundu. Ötən ilin sonlarından etibarən dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə karbohidrogen ehtiyatları ilə zəngin olan və ixracının əsasında neft və neft məhsulları dayanan ölkələri ciddi sınaq qarşısında qoydu. Bununla belə, Azərbaycan iqtisadiyyatı kənar təsirlərə böyük dayanıqlılıq nümayiş etdirir. Qlobal maliyyə-iqtisadi böhran illərində ölkəmizin sürətli sosial-iqtisadi inkişaf tempi nəinki zəiflədi, əksinə, respublikanın iqtisadiyyatı daha da genişləndi.
Məlumat üçün bildirək ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan 2014-cü ili də uğurlu iqtisadi göstəricilərlə başa vurub. Azərbaycan artıq tarixə dönən 2014-cü ildə də dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb, respublikamızda makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, əvvəlcədən nəzərdə tutulan infrastruktur layihələri, sosial proqramlar tam şəkildə reallaşdırılıb. Yeri gəlmişkən, cari il yanvarın 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı dünyada baş verən mənfi proseslərə baxmayaraq, ölkəmizin təhlükəsizliyinin təmin edildiyini və respublikamızın ötən ildə də öz sürətli inkişaf tempini saxladığını diqqətə çatdıraraq vurğulayıb: “Ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilmişdir”.
Azərbaycan 2014-cü ildə ÜDM istehsalında kifayət qədər yüksək artıma nail olub
Ümumi daxili məhsulun artması hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amildir. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar verir. Son 11 ildə dünya ölkələri üzrə ÜDM-in artım dinamikasında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, haqqında bəhs olunan dövrdə ölkəmizin iqtisadiyyatı davamlı olaraq genişlənib və öz potensialını daha da artırıb. Sevindirici haldır ki, bu cəhətdən ötən il də istisna olmayıb. Bütövlükdə dünya üçün çətin keçən 2014-cü ildə ölkəmizin iqtisadi inkişaf dinamikasını saxlaması Azərbaycanın qlobal risklərə həssas olmadığını bariz şəkildə nümayiş etdirir. Məlumdur ki, dünyadakı mənfi tendensiyaların fonunda ayrı-ayrı ölkələrdə ÜDM nəinki zəif artır, hətta bir sıra hallarda bu sahədə geriləmə müşahidə edilir. Azərbaycan isə qlobal risklərin artdığı, neftin qiymətinin aşağı düşdüyü 2014-cü ildə ÜDM istehsalında kifayət qədər yüksək artıma nail olub. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında Prezident İlham Əliyev ötəl il Azərbaycanda ÜDM-in artmasını məmnunluqla vurğulayaraq bunu bütün dünya ölkələri üzrə ən yaxşı göstəricilərdən biri kimi səciyyələndirib: “Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür”.
Ölkə iqtisadiyyatının genişlənməsi nəticəsində son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, əhalinin gəlirləri artıb, ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə enib. Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında Prezident İlham Əliyevin vurğuladığı kimi: “İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir”.
Beləliklə, davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.
Ölkəmizin iqtisadi sahədə uğurları beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapıb. Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasında Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun 2014-cü ildə Azərbaycan iqtisadiyyatını dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görməsini tarixi nailiyyət kimi dəyərləndirib: “Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir”.
Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir
Qlobal risklər, o cümlədən də dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması ilk növbədə ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasəti ilə bağlıdır. Məlumdur ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Tarixən neft istehsalı və emalı respublikamızın iqtisadiyyatında xüsusi yer tutub və ənənələr indi də qalmaqdadır. Bununla belə, həyata keçirilən islahatlar, ələlxüsus da qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi sayəsində Azərbaycan iqtisadiyyatının çoxqütblülüyü təmin olunub. Həyata keçirilən uğurlu diversifikasiya siyasəti, neft gəlirlərinin məqsədyönlü şəkildə innovativ sənaye quruculuğuna, aqrar sektorun inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafına güzəştli maliyyə təminatı göstərilməsi, zəruri infrastruktur qurulması və bu kimi tədbirlər nəticəsində son 5 ildə ölkə iqtisadiyyatının artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə yüksəlib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında neft-qaz amilini Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək üçün bir vasitə kimi səciyyələndirib, əsas vəzifənin isə iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan ibarət olduğunu bir daha nəzərə çatdırıb: “Ümumi daxili məhsulumuzda qeyri-neft sektoru üstünlük təşkil edir. Gələcəkdə neft amilinin ümumi daxili məhsulumuzda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaqdır. Bu, bizim vəzifəmizdir. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir. Bu, inkişaf etmək, dayanıqlı və çoxşaxəli iqtisadiyyat qurmaq üçün bir vasitədir. Biz bu vasitədən səmərəli şəkildə istifadə edirik”.
Dövlət başçısı həmçinin bildirib ki, gələcəkdə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi daha da artacaq: “Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1209 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30