Tikanı özünə batan gül
15.11.2025 [09:51]
Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsi haqqında
əvvəli ötən sayımızda
Zaman ötüb dövran dəyişdikcə təzə nəsillər köhnələrin yerinə gəlir. Şagirdləri yaşa dolub Emilidən həmişəlik ayrılır, öz uşaqlarının qayğısına qalmağa gedirlər. Son şagirdin arxasınca örtülən qapı bir də heç kəsin üzünə açılmır. Şəhərdə rüsumsuz poçt xidməti yaradılanda təkcə miss Emili öz qapısına üstündə nömrə olan metal lövhə vurulmasına, poçt qutusu asılmasına razılıq vermir. Hər səhər əlində zənbil bazarlığa gedən zəncinin saçları da camaatın gözləri önündə ağarır, beli yavaş-yavaş bükülür. Hər ilin sonunda miss Emili rəsmi vergi kağızı alır, bir həftə sonra elə aldığı kimi də kağızı geri göndərir. Arabir onu alt mərtəbənin hansısa pəncərəsində görənlər olur: belə vaxtlarda lal-dinməz, tam hərəkətsiz oturan miss Emili daşdan yonulma bütü andırır, onun kimisə görüb-görmədiyi də dürüst anlaşılmır:
“Bax, o elə bu cür - dərkolunmaz, inkaredilməz büt kimi - hamımızın öyrəşib isinişdiyimiz, hamımıza məhrəm olan heyrətamiz görkəmindəcə bir nəsildən o birinə adlayırdı. İndi də budur, canını tapşırdı; neçə vaxtdı naxoşlayıb yorğan-döşəyə düşən, toz basmış alaqaranlıq otaqda xəstə canıyla əlləşən zavallı qadın gör neçə müddətdi ki, bir tək qocalıb-qartımış, əldən-dildən düşmüş xidmətçi zəncinin umuduna qalmışdı.
Əslində, onun heç xəstələndiyini də doğru-dürüst bilən bir allah bəndəsi yoxdu; biz zəncidən bir söz qoparmaq, nəsə öyrənmək ümidini çoxdan itirmiş, üstəlik bu vəziyyətlə barışmışdıq - bu məxluq bir kimsəylə kəlmə kəsmir, ömür-billah ağzını açıb dillənmirdi; çox güman, heç miss Emili ilə də danışmırdı, bəlkə elə bundandı ki, səsi pas atıb xır-xır xırıldayırdı.
Miss Emili alt mərtəbədəki otaqların birində, qoz ağacından qayırılma iri, ağır miçətkənli çarpayıda keçinmişdi; onun ağ saçlı başı uzun illər gün işığı dəymədiyindən sapsarı saralıb kif atan köhnə balışın arasında itib batmışdı”.
***
Miss Emilinin ölüm xəbərini eşidib tələm-tələsik özünü yetirən qadınları zənci qulluqçu giriş qapısının ağzında qarşılayıb içəri buraxır, sonra özü dal qapıdan həyətə çıxıb həmişəlik qeyb olur. Emilinin əmisi qızları da özlərini yetirirlər, ertəsi gün bütün şəhər dəfnə axışır: “Miss Emilinin cənazəsi alınma güllərin əhatəsindəydi; tabutun baş tərəfinə atasının dərin fikrə qərq olmuş zərli portreti qoyulmuşdu, şəhər xanımları da cənazə ətrafında sıx dövrə vurub hüznlə xısınlaşırdılar. Evin qənşərindəki artırmada, çəmənlikdə oturan ixtiyar qocaların bəziləri səliqəylə yuyulub-ütülənmiş konfederat ordu formasındaydılar, söhbətlərindən belə məlum olurdu ki, miss Emili onların yaşıdıymış, guya cavanlıqda hələ onunla rəqs də eləmişdilər; hətta aralarında mərhuməyə xüsusi nəvaziş göstərən, sevgisini izhar eləyən də tapıldı...”
Dəfndən sonra evin ikinci mərtəbəsindəki qırx neçə ildən bəri insan ayağı dəyməmiş otağın qapısını sındırırlar:
“Sərt zərbənin təsiriylə neçə illərdən bəri yığılıb qalmış tozu ərşə qalxan otaq sanki bəylə gəlinin zifaf gecəsi üçün hazırlanmış, buna uyğun mebellə təchiz olunmuşdu. Havada qəbir üfunəti vardı. Nazik toz layı hər tərəfi basmışdı: çəhrayı abajurlu lampa, çəhrayı taxtın rəngi bozarmış qırçınları, bər-bəzək stolu, masa üzərində bir-birinə qarışmış büllur ətir şüşələri - hamısı toz içindəydi; tutqun gümüşü rəngli üzqırxan ləvazimatının üzərindəki yazılar da seçilməz olmuşdu. Elə oradaca qalstuk və yaxalıq gözə dəyirdi; onları sanki indicə çıxarıb ora qoymuşdun, amma qaldıranda yerində tozdan apaydın seçilən aypara şəkilli izləri qaldı. Stulun söykənəcəyindən isə kostyum asılmışdı; döşəmədə bir cüt kişi çəkməsi, böyründə də corablar vardı.
Kişi özü isə çarpayıda uzanmışdı.
Biz nəfəsimizi qısıb cınqırımızı da çıxarmadan xeyli müddət beləcə durub, donuq bir istehzayla qorxunc tərzdə üzümüzə diş ağardan kəlləyə tamaşaya elədik. Ölü kimisə qucaqlamış kimi uzanmışdı, lakin sevgi nəvazişlərindən daha uzunömürlü olan, bütün əyər-əskiklərə sığal çəkib tumarlayan əbədi yuxu zavallının sevgilisini ondan qoparmışdı; bir vaxtlar gecəköynəyi olmuş cındasıyla üstü örtülən qalıqları isə illərlə uyuyub qaldığı bu çarpayıya əriyib qarışmışdı.
Kişinin özü də, böyründəki balış da hamar kül qatının altında itib batmışdı.
Yalnız bu zaman biz ikinci yastığın üzərində yüngül baş izini sezdik. Kimsə irəli əyilib barmağının ucunu ehmalca balışa toxunduranda biz bu gözəgörünməz külün kəsif iyindən udquna-udquna bir az qabağa durub, bunun bozumtul rəngə çalan bir çəngə uzun qadın teli olduğunu gördük”.
Folknerin “Emili sizin üçün ideal qadın obrazıdırmı?” sualına verdiyi cavabın yarısını yazının ilk abzasında sitat gətirmişdim. Cavabın qalan yarısı belədir: “...Bu itki Emili üçün hər şeyin sonu demək idi, çünki belədə qocalıqdan, tənhalıqdan savayı zavallıya heç nə qalmırdı. Neçə ki əlində nəsə vardı, o bu “olanı” itirmək istəmirdi, var gücüylə çalışırdı nəyin bahasına olursa olsun, onu tutub saxlasın. Əlbəttə, bu, pisdir, hətta çox pisdir, amma yenə də mənim Emiliyə ürəyim yanır. Bilmirəm, belə bir qadın mənim ürəyimcə olardımı? Bəlkə olmazın əzablara, iztirablara məruz qalan, taleyin məhv elədiyi insanlar adamı qorxudan kimi belə bir qadın da məni qorxudardı...”
***
Eynən Yevgeniya Qrande kimi miss Emilinin də gələcəyə yolu bağlıdır - onun yolunu bir özgəsi yox, öz atası bağlayıb. O, atasının dəmir əlləriylə, qəzəbli qamçısıyla keşiyini çəkdiyi keçmişində yaşayır, qız o qaranlıq keçmişin girovudur. Onun şəxsi varlığının min bir çaları, həyatının rəngləri fələk kimi üstünə qanad gərmiş atasının heybətli kölgəsində solub görünməz olub. Emili gələcəyə tilov atmaqdansa keçmişin qarmağına keçib, canındakı şirəli toxumları həyat dirriyinin ləklərinə əkməkdənsə özü yenidən toxuma dönüb əzəli halına - atasının belinə qayıdıb. Bu toxum daha yararsızdır, heç vaxt cücərməyəcək...
Emilinin faciəsini Amerikanın şimalıyla cənubu arasındakı sosial-əxlaqi münaqişənin rəmzi kimi anlamaq, onun taleyini belə bir ictimai-siyasi qarşıdurma kontekstində yozmaq yarımçıq izah olar. Mənim yanaşmam kiməsə mötəbər görünməyə bilər, müəllifin özünün verdiyi izaha isə inanmamaq haqqımız yoxdur. Miss Emilinin Amerikanın cənubunu, Homer Berronun isə şimalı simvolizə elədiyi haqda oxucu sualına Folkner belə cavab verir:
davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

