Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Tikanı özünə batan gül

Tikanı özünə batan gül

18.11.2025 [09:58]

Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsi haqqında

əvvəli ötən saylarımızda

“Heç bir insan havadan asılı vəziyyətdə mövcud deyil - hər kəs keçmişinə söykənir, hamı öz keçmişinin, həm də gələcəyinin məhsuludur. Cənubla şimal arasındakı mübarizə, heç şübhəsiz, mənim bunu nə qədər dərk etməyimdən asılı olmayaraq mənəvi irsimin, qazandığım təcrübənin mühüm bir hissəsini təşkil eləyir. Yazıçı içində olduğu mühitdən, adamlardan danışır, bunlar barədə bildiklərini söyləyir. Əgər kişinin şimalı, onu öldürən qadınınsa cənubu təmsil etməsi barədə simvolika varsa, mən burada belə yanaşma və rəmzlərin olmadığını deyə bilmərəm. Amma bu, müəllifin bilə-bilə göstərdiyi şüurlu bir cəhd deyil. Yazıçı öz qarşısına belə bir məqsəd qoymur ki, bax, mən indi xarakterlərdən birinin şimalı, o birininsə cənubu təmsil edəcəyi bir hekayə yazmaq niyyətindəyəm. Buradakı münaqişə daha çox şimalla cənub arasında yox, bəlkə də Allahla Şeytan arasında gedən bir münaqişədir. Münaqişənin kökü isə miss Emilinin özündədir: o bilir ki, öldürmək olmaz; o belə tərbiyənin yiyəsidir ki, oynaş saxlamaq yolverilməzdir; oynaş saxlamaq yox, ərə getmək lazımdır. O öz mühitinin bütün adətlərini, qanunlarını, son nəticədə isə bəndəni öldürməyi qadağan eləyən Allahın buyurduğu qanunu pozub. Emili şər iş tutduğunu bilir və öz şəxsi həyatını məhv edir. Amma başqa cür olması da mümkün idi: qadın oynaşını öldürüb təzəsini tapar, istifadə eləyəndən sonra onu da öldürə bilərdi. Əvəzində miss Emili günahını yumaq yolunu seçir...”

Deyilənlərə bircə bunu artırmaq istərdim ki, yazıçı, əlbəttə, obrazlarını hansısa coğrafi-bioloji-antropoloji, dini-milli-kulturoloji, ictimai-siyasi-psixoloji mentallıqların simvolu, sosial konstrukt kimi yaradıb, ideyaların içinə bolluca həyat havası da üfürə bilər - bu tipli böyük əsərlər ədəbiyyat tarixində boldur. Ancaq bu məsələdə çox diqqətli olmalısan ki, sosial fonu sosial problematikadan ayıra biləsən. Stendalın, Balzakın, Dikkensin, Hüqonun, Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun, Zolyanın, Mopassanın, Çexovun, Kafkanın, Tomas Mannın... əsərlərinə, elə həmin Folknerin “Ayı” povestinə münasibətdə biz bu cür vulqar-sosioloji yanaşmanın çox şahidi olmuşuq. Məsələn, Tomas Mannın “Buddenbroklar” romanıyla “Sehirli dağ” romanını, yaxud İsa Hüseynovun “Teleqram” əsəriylə “Məhşər” əsərini eyni arşınla ölçüb eyni tərəzidə çəkə bilməzsən. Əyarlar, meyarlar başqadır. Sosial ədəbiyyatın öz arşını, psixoloji ədəbiyyatın öz meyarı, fəlsəfi ədəbiyyatın da öz tərəzisi var. Meyarlar dəyişik düşəndə ortaya yanlış nəticələr çıxır.

***

Miss Emilinin faciəsi də ilk növbədə sosial-psixoloji yox, məhz fərdi-psixoloji xarakter daşıyır. Hekayədə nə qədər qabarıq görünsə də, ictimai münasibətlər burada yalnız dekorasiya, fon rolunu oynayır, problematikanın özü isə sosial yox, məhz psixoloji qaynaqlardan qidalanır. Ona qalsa, Yevgeniya Qrandeylə Emili Qrirsonun zamanı da, məkanı da, mühiti, mənşəyi, sosial statusu, mentaliteti də bir-birindən nə qədər uzaq, nə qədər fərqlidir! Ancaq talelər necə də bir-birinə bənzəyir! Eynən Yevgeniya kimi Emilinin də faciəsi atası hətta öləndən sonra belə onun əsarətindən çıxa bilməməyində, həyatda bir fərd kimi, müstəqillik bir yana, azacıq muxtariyyət də qazanmamağındadır.

Yevgeniya kimi Emili də rahibədir - atasının rahibəsi; ata obrazı ondan ötrü də Allah obrazıyla eyniləşib, hətta tabutunun başında da atasının şəkli durur, tabutda uzananda belə ata nəzəri onun üstündən çəkilmir. Atasının sağlığında qəsrə, qalaya bənzəyən zəhmli evləri atası öləndən sonra qaranlıq, tozlu monastıra, günah məbədinə çevrilir. Deyən-gülən, yeyən-içən şimallı donjuan belə bir asketik mühitdə bənd ala bilməz. Klassik Şərq ədəbiyyatından tanıdığımız rindü-zahid qarşıdurması burada tamam başqa tarixi kontekstdə, fərqli mental mühitdə, təzə libasda özünü yenidən xatırladır.

Bir yandan da miss Emili cəsədini torpağa qaytarmaq istəmədiyi atasından sonra başsız, kompassız qalmış həyatını təkbaşına çəkib apara bilmir, insan cəngəlliyində azıb səmtini itirmək qorxusuyla yaşayır. Öz şəhərindən özünə həmdəm seçməyə qüruru yol vermir, həqarətlə baxdığı insanların gözündə xarizmasını zədələməkdən qorxur, bu səbəbdən onun keçmiş-keçənindən xəbərsiz yad oğlunun qarşısına ağ varaq kimi sərilib həyatına yeni səhifədən davam eləmək istəyir. Homer Berron Qrirsonların məbədində ata bütünün boş qalmış yerini doldurmalıdır, hətta onun əlində şəstlə tutduğu qamçı da əzazil ataya məxsus o qəzəbli qırmancın varisidir.

Fəqət şimaldan gəlmiş həyat ovçusu qənimət axtarmaqdaykən özü qənimətə çevrilir - cütləşmə zamanı dişi hörümçəyin tora salıb yediyi, zövqü-səfa dəmində aqibətindən xəbərsiz erkək hörümçək kimi; yaxud da gücünün yetmədiyi iri balığa caynaq batırıb öz ovunun yedəyində suya qərq olan alıcı quş kimi. Emili yankini öldürməklə onun bütün varlığını mənimsəyib özününküləşdirmək, ona tapınmaq istəyir, nəticədə qıza arzuladığı varlığın yalnız yoxluğu qalır - bir qalaq toz, bir qucaq da sür-sümük o yoxluğun simvoludur.

Həmin simvollara biz sonralar özünü Folknerin şagirdlərindən sayan Markesin yaradıcılığında da rast gələcəyik - ərini öldürəndən sonra evindən çölə çıxmayan Rebekanın hörümçək toruyla suvanmış tozlu otağında, anasını torpağa gömməyib sümüklərini yatağının yanında saxlayan patriarxın qanlı sarayında...

Burada qəribə heç nə yoxdur - ədəbiyyat bildiklərimizi xatırlamaq, xatırlatmaq sənətidir. Yaxın illərdə iki yüz yaşlı Yevgeniyanın, yüz yaşlı Emilinin bir kiçik bacısı da dünyaya gəlsə, buna heyrətlənmək yox, yalnız sevinmək olar. Necə deyərlər, söz vaxtına çəkər, dünya şöhrətli bu talesiz qızların iki sıfırlı yubileyinə daha bir şey qalmayıb. Zaman ayrı zaman olsa da, insan yenə həmin insandır - həmin sevgi, həmin qorxu, həmin ehtiras.

F.Uğurlu

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30