Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 3 ayda üçüncü zəng...

3 ayda üçüncü zəng...

22.06.2024 [09:50]

ABŞ yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəkləyir...

Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Azərbaycan və apardığı siyasət bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə, dünya siyasətinin aparıcı dövlətlərinin rəhbərləri mühüm regional aktora çevrilmiş Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə qurulmasını arzulayır. Məsələn, ABŞ dövləti bu kimi məramını tez-tez ortaya qoyur - bu ölkənin dövlət katibi Antoni Blinkenin son bir ilə yaxın müddətdə 10, son 3 ayda isə 3 dəfə Prezident İlham Əliyevə zəng etməsi bu fikri təsdliqləyir. 

Ermənistan ərazi iddialarına son qoymalıdır...

İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. 

Prezident İlham Əliyev regionda sülhün təmin edildiyini, sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini vurğulayıb. ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib.

ABŞ Dövlət katibinin mövqeyi, fikirləri bir faktı növbəti dəfə göz önünə gətirir - Azərbaycanın sülhpərvər mövqeyi daim bütün dünya tərəfindən təqdir olunur. Xüsusilə, son ikitərəfli müstəvidə təmasların artması və ortadakı nəticələr, müəyyən ərazilər üzrə delimitasiyanın aparılması onu göstərir ki, Azərbaycanın əzmi ilə başlayan proses nəticə verməkdədir. Sadəcə olaraq, prosesin daha uğurlu və davamlı sülhlə nəticələnməsi üçün İrəvanın siyasi iradəsinə ehtiyac var - Ermənistan Azərbaycan torpaqlarına əsassız iddiasından rəsmən əl çəkməlidir. Bunun üçün isə ortadakı şərt hər kəsə bəllidir - Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında yer alan “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar ləğv edilməlidir. Bu “məqam” Ermənistanın hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına əsassız iddiasını özündə əks etdirir. Bu isə yolverilməzdir.

Ölkələr arasındakı konstruktiv əməkdaşlıq...

Telefon danışığı zamanı Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini deyib. Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.

Prezident İlham Əliyev enerji sahəsində ölkələrimiz arasında çoxillik uğurlu əməkdaşlığa toxunub, iqlim dəyişikliyi və COP29-a hazırlıq prosesi çərçivəsində ölkələrimizin nümayəndə heyətləri arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib və COP29-un uğurla nəticələnməsi üçün ABŞ-ın dəstək niyyətinə görə təşəkkür edib. Dövlətimizin başçısı Azərbaycanın da ABŞ ilə əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib.

Göründüyü kimi, bu, Azərbaycanın ABŞ tərəfindən regionun əsas güc mərkəzi kimi qəbul edilməsinin təsdiqidir. Ortada olduqca mühüm səbəblər və arqumentlər var. Uzun illərdir çoxşaxəli əlaqələrə söykənən Azərbaycan-ABŞ münasibətlərində istər təhlükəsizlik seqmenti, istərsə də inklüziv əməkdaşlıq seqmenti mühüm şərtlər kimi çıxış edir. Çünki Azərbaycan bütün dünyada güvənilən, etibarlı tərəfdaş kimi şöhrət qazanıb. ABŞ-ın Azərbaycana yaxın tərəfdaş qismində münasibətlərə yeni təkan verməsi arzusunun ən əsas amillərindən biri Azərbaycanın hətta ən ağır günlərində belə beynəlxalq hüquqa, beynəlxalq ədalət prinsipinə əsaslanmasıdır. 

Bütün bu detallar həm də yeni mərhələdə Amerika Birləşmiş Ştatları kimi mühüm geosiyasi gücün Azərbaycanın yürütdüyü enerji siyasətini dəstəkləməsinin, regionda yaradılmış yeni enerji xəritəsində Azərbaycanın rolunu yüksək qiymətləndirməsinin təsdiqidir. Ölkəmizin yürütdüyü “yaşıl enerji” siyasəti və bu istiqamətdə ortaya qoyduğu səylər ABŞ-ın diqqətini cəlb edir - “yaşıl enerji” ideyası həm də Azərbaycanla əməkdaşlığın yeni mərhələsi sayılır, strateji baxışları özündə ifadə edir. Bu isə yeni dövr üçün mühüm amildir. 

Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çatıb

Prezident İlham Əliyev telefon danışığı zamanı artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib. Danışıq əsnasında ölkələrimiz arasında ali səviyyədə məktub mübadilələri, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən məmnunluq ifadə edilib, həmçinin insan hüquqları və demokratiya, ölkələrin daxili qanunlarının aliliyinə hörmət kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bəli, artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut etdi ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31