Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası açılıb

Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası açılıb

26.06.2009 [12:13]

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər
Dünən Bakıda Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Mehriban xanıma gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev binanın fasadına və ətrafdakı abadlaşdırılmış binalara baxıb.
Dövlətimizin başçısı ambulatoriyanın açılışını bildirən lenti kəsib və səhiyyə ocağı ilə yaxından tanış olub.
Prezident İlham Əliyev və xanımı əvvəlcə ambulatoriyanın yerləşdiyi binanın əvvəlki və indiki vəziyyətini, burada aparılmış təmir və yenidənqurma işlərinin gedişini əks etdirən videogörüntülərə baxıblar.
Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin sifarişçisi olduğu ambulatoriyanın yenidən qurulması layihəsini Türkiyənin “Medikal Mimari Tasarım ve Danışmanlık Tic. Ltd” şirkəti hazırlayıb, yenidənqurma işlərini “Seren İndustrial Construction Services Ltd” MMC həyata keçirib.
Ambulatoriyanın yerləşdiyi bina 1895-ci ildə inşa olunub. Burada ötən ilin martında başlanmış yenidənqurma işləri ən müasir standartlara uyğun aparılıb. Tikintinin ümumi sahəsi 4200 kvadratmetrdir. Əsaslı təmir işləri aparılarkən binanın əvvəlki memarlıq üslubu saxlanılıb, həyata keçirilən tədbirlər zamanı müasir memarlıq üslubuna da geniş yer verilib və hər iki üslub peşəkarlıqla uzlaşdırılıb. üçmərtəbəli binanın yükdaşıyan divarları dəmir-beton konstruksiyalarla gücləndirilib. İnşaat işlərində Türkiyə, ABŞ, Almaniya, İtaliya və digər ölkələrin tikinti materiallarından istifadə olunub. Binada Yaponiya istehsalı olan 2 müasir lift quraşdırılıb.
Ambulatoriyada quraşdırılmış tibbi avadanlıq da dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalıdır.
Foyedə Ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev və xanımı ambulatoriyanın birinci mərtəbəsində əməliyyat bölməsinə baxıblar.
Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi Cəmil Əliyev məlumat verib ki, burada daha çox göz əməliyyatları aparılacaq və xəstələr ambulator şəraitdə 24 saat ərzində evə buraxılacaq. Əməliyyat olunan xəstələr evlərinə ambulatoriyanın avtomobilləri ilə yola salınacaq və onlar evdə də nəzarətdə saxlanılacaqlar. Əməliyyat bölməsində ən müasir avadanlıq, o cümlədən xəstəni tam monitorizə edə bilən anesteziya cihazı, Yaponiya istehsalı olan “Topcon” mikroskopu var. Əməliyyatdan sonra xəstələrin vəziyyəti gözləmə otağındakı monitorla müşahidə altında saxlanılır. Yığcam olmasına baxmayaraq əməliyyat bölməsində bütün normativlərə əməl olunub, sterilləşdirmə, anbar, həkim otaqları, xəstələrin gözləmə zalı var.
Uşaq mərkəzində ümumi pediatriya, endokrinologiya, qastroenterologiya, immunologiya, allerqologiya, hematologiya, nefrologiya, kardiologiya, neonatologiya və təcili yardım xidmətləri fəaliyyət göstərir. Burada peyvənd, yeni doğulmuş uşaqların müayinəsi otaqları var.
Ambulatoriyanın qadın mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, burada süni mayalanma, ginekologiya, mamalıq, prenotal diaqnostika, mammologiya, mammoqrafiya, endokrinologiya və urologiya xidmətləri təklif olunur. Mərkəzin 3 müayinə otağı lazımi avadanlıqla, o cümlədən ABŞ-ın “General Elektric” şirkətinin 4D proqramı yüklənmiş ultrasəs cihazı, ana bətnindəki uşağın ürək döyüntüsünü ölçmək üçün cihaz, rəqəmli mammoqrafiya cihazı ilə təchiz edilib.
Ən müasir avadanlıqla təchiz edilən və tam avtomatlaşdırılan laboratoriyada müxtəlif növ analizlərin aparılması mümkündür. Laboratoriyada yüksək həssaslığa, olduqca böyük test həcminə malik və tibbi heyətin müdaxiləsi olmadan təhlil apara bilən “Vitros 5” biokimya cihazı və digər avadanlıq var.
Burada, həmçinin qan bankı və qanalma məntəqəsi də fəaliyyət göstərir.
Təcili tibbi yardım şöbəsində xəstələrə monitorla nəzarət, əməliyyatdan çıxıb və xroniki xəstələrə evdə hər növ tibbi xidmət, ev şəraitində qanın götürülməsi, rentgen, ultrasəs müayinəsi, exokardioqrafiya, elektrokardioqrafiya xidmətləri təklif olunur. Nəzərdə tutulub ki, bir neçə avtomobillə təchiz edilən təcili tibbi yardım xidməti daha çox evdə xəstələrə xidmət göstərsin. Bunun üçün səyyar rentgen və ultrasəs cihazları var.
Ambulatoriyada tibbi görüntüləmə mərkəzi fəaliyyət göstərir ki, burada sümük densitometriyası, rəqəmli flüroskopiya və rentgenoqrafiya, maqnit-rezonans görüntüləmə cihazı, 32 kəsikli kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi aparılır.
Birinci mərtəbədə bunlardan əlavə, sterilləşdirmə, yardımçı və texniki xidmət otaqları var.
Səhiyyə ocağının ikinci mərtəbəsindəki ürək mərkəzində kardiologiya, elektrokardioqrafiya, exokardioqrafiya, transezofageal exokardioqrafiya, fetal exokardioqrafiya, stress-test xidmətləri göstərilir. “Holter” cihazının köməyi ilə xəstələrin davamlı olaraq 24 saat elektrokardioqramması çıxarılır. Bundan əlavə, xəstənin təzyiqini davamlı olaraq 24 saat ərzində ölçmək üçün cihazlar da var. Bu cihazlar 24 saat ərzində xəstənin bədənindəki dəyişiklikləri yaddaşında saxlayır.
Nevrologiya mərkəzində beyin qan dövranı pozulmalarının, nevroz və baş ağrılarının, osteoxondrozun müalicəsi, spinal əməliyyatlar aparılır, habelə elektroensefaloqrafiya, elektromioqrafiya, psixoterapiya xidmətləri göstərilir.
Ambulatoriyanın terapiya mərkəzi ilə tanışlıq zamanı qeyd olunub ki, burada hematologiya, endokrinologiya, allerqologiya, tibbi onkologiya, dermatologiya, nefrologiya üzrə xidmətlər təklif olunur, daxili xəstəliklərin və ağciyər xəstəliklərinin müayinə və müalicəsi aparılır.
Səhiyyə ocağının stomatologiya kabinetində müayinə zamanı xəstəni monitorla yoxlamaq imkanı olan avadanlıq, rəqəmli rentgen cihazı var. Burada hər xəstə üçün sterilləşdirilmiş ayrıca alətdən istifadə olunur.
Məlumat verilib ki, göz sağlamlığı və xəstəlikləri mərkəzində ultrasonoqrafiya, ultrasəs biometriya xidmətləri, görmə sahəsinin, göz dibinin, çəpgözlüyün kompyuterlə müayinəsi, göz təzyiqinin, kornea qalınlığının ölçülməsi xidmətləri, habelə kornea və qlaukoma xəstəliklərinin müalicəsi, katarakta, göz yaşı kanalları, göz qapağı və konyunktiva əməliyyatları aparılır. Mərkəzdə gözün təzyiqini kontaktsız ölçmək üçün xüsusi cihaz var.
Müayinələrin nəticələri və cavab otağında da xidmət ən müasir səviyyədə təşkil edilib. Bildirilib ki, müayinədən keçən xəstələr haqqında məlumatlar xüsusi sistem vasitəsilə ambulatoriyanın əməkdaşlıq etdiyi dünyanın nüfuzlu tibb mərkəzlərinə, universitetlərinə göndərilir və oradan müvafiq rəy alınır.
Mədə-bağırsaq xəstəlikləri bölümündə monitorla təchiz edilmiş “Olimpys” videoqastroskop və sterilə cihazları quraşdırılıb.
Mobil “Otopront” endoskopik müayinə cihazı ilə təchiz edilmiş qulaq-burun-boğaz xəstəlikləri bölmələrində də ən yüksək səviyyədə müayinə və müalicə aparılır. Urologiya kabinetində ultrasəs cihazı, böyrəyin təzyiqini ölçmək üçün xüsusi avadanlıq var. Müasir avadanlığın quraşdırıldığı fizioterapiya mərkəzi toxuma və oynaq xəstəlikləri, bel-boyun ağrıları olan, insult keçirən, zədə alan xəstələrin müalicəsi və reabilitasiyası üçün nəzərdə tutulub.
Ambulatoriyanın üçüncü mərtəbəsinin sahəsi 324 kvadratmetrdir. Katiblik, inzibati otaqlar, iclas zalı və arxiv bu mərtəbədə yerləşir.
Səhiyyə ocağında tibbi heyət üçün istirahət otaqları, kafe fəaliyyət göstərir.
Ambulatoriyanın ən müasir standartlara cavab verdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, respublikamızın bütün bölgələrində bu cür tibb ocaqları yaradılır, mövcud müalicə müəssisələri yenidən qurulur.
Prezident İlham Əliyev deyib: Bölgədə buna bənzər bir ambulatoriya tapmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, bu tibb müəssisəsi hansı vəziyyətdə idi, - bu barədə filmlərə aşağıda baxdıq, - dağılmış vəziyyətdə idi. Bu gün isə bu tibb müəssisəsi ən müasir standartlara cavab verir. Əsas odur ki, burada xidmət yüksək səviyyədə olsun. Əminəm ki, belə də olacaq.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev səhiyyə sisteminin inkişafına göstərilən qayğıya görə təşəkkür edərək deyib: Cənab Prezident, icazənizlə bir məqamı da qeyd etmək istəyirəm ki, Mərkəzi Klinik Xəstəxananın kollektivi sizin açılışını etdiyiniz bu ambulatoriyada tam 24 saat ərzində xidmət göstərməyə hazır vəziyyətdədir. Bütün gördüyünüz bu şöbələrdə, bölmələrdə biz öz xidmətimizi göstərəcəyik.
Prezident İlham Əliyev: İndi bütövlükdə Azərbaycanda səhiyyə xidmətinin səviyyəsi qalxır. Nəinki Bakıda, bölgələrdə də yeni xəstəxanalar, tibb mərkəzləri açılır. Əlbəttə ki, bu ambulatoriya hazırda ən yüksək standartdır, tikilən, bərpa olunan başqa tibb ocaqları da həm xarici görünüşü, həm də ki, səviyyə baxımından buna uyğun olmalıdır.
Məhz müasir avadanlığın tətbiqi hesabına indi ölkəmizdə ən çətin cərrahi əməliyyatların aparılmasının mümkün olduğunu vurğulayan dövlətimizin başçısı deyib: Mən demişəm, bu avadanlıq, vaxtaşırı dəyişməlidir. çünki dünya səhiyyə sənayesi elədir ki, hər il hansısa yenilik meydana çıxır. Bu gün burada quraşdırılan bütün diaqnostika avadanlığının hamısı ən son modellərdir. Amma iki-üç ildən sonra köhnələcək bu avadanlığı, misal üçün, başqa yerlərə təhvil vermək, bu ambulatoriya üçün yeni, ən müasir avadanlıq gətirmək olar.
Kamran Musayev: Bəli, Cənab Prezident, köhnələcək avadanlığı sizin icazənizlə dəyişdirib yenisini quraşdırarıq. Sizin göstərişinizlə Mərkəzi Klinik Xəstəxananın da bütün avadanlığı yeniləndi. Həqiqətən doqquz ildir ki, fəaliyyət göstərən xəstəxanamızda avadanlığın təzələnməsinə çox böyük ehtiyac yaranmışdı. Cənab Prezident, ona görə də mən sizə öz kollektivimiz adından bir daha minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmət almalıdırlar. çalışırıq ki, bunu etmək üçün bütün infrastruktur yaradılsın. O ki qaldı xidmətin səviyyəsinə, o artıq sizdən asılıdır. Bilirəm ki, bu sahədə böyük uğurlarınız var. İstəyirəm ki, Azərbaycanın bütün bölgələrində ən yüksək tibbi xidmət göstərilsin. Artıq bölgələrdə yaradılan tibb müəssisələrinin açılışından sonra görürük ki, Bakıya axın bir az azalıb. Eyni zamanda, biz tibbi yardıma ehtiyacı olan insanların sayını da müəyyən etdik. İndi bütün bölgələrdə dializ aparatları var. Əvvəllər Bakıya 300-400 kilometr yol gəlməli, getməli idilər. Bəziləri dözmürdü, həyatdan gedirdi. İndi demək olar ki, hər bir bölgədə dializ aparatları insanların ömrünü uzadır.
Prezident İlham Əliyev ambulatoriyada aparılan əsaslı təmir və yenidənqurma işlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, əlavə tapşırıq və tövsiyələrini verib, kollektivə uğurlar arzulayıb.
Sonda dövlətimizin başçısı ambulatoriyanın təcili tibbi yardım maşınlarına baxıb.

Paylaş:
Baxılıb: 1185 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31