Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır

2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır

23.07.2009 [09:34]

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
İclası giriş nitqi ilə açan Prezident İlham Əliyev bir ilə yaxındır ki, qlobal maliyyə böhranı ilə əlaqədar dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığını xatırladaraq bildirib ki, ölkəmizdə görülən tədbirlər, o cümlədən son illərdə aparılan islahatlar nəticəsində bu böhranın Azərbaycana təsiri minimuma endirilib: “Azərbaycan iqtisadiyyatı uzun illər uğurla inkişaf edir, iqtisadiyyatımız çoxşaxəlidir və bu, əsas amildir ki, bizi bu çətin sınaqda qoruya bilmişdir.
Təxminən bir ilə yaxındır ki, dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşanır. Azərbaycanda isə iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə, neft-qaz sektorunun inkişafı və bu sahədə görülən işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli istifadə etdik və iqtisadiyyatımızın digər sektorlarının inkişafı üçün əməli-praktik işlər görülmüşdür. İlin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edir, bütün sosial proqramlar həyata keçirilir. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. ünvanlı sosial yardımı alan insanların sayı 800 minə çatmışdır və orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir. Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir. Əgər nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, onda görərik ki, real gəlirlər təxminən 15-16 faiz təşkil edir. Orta əmək haqqı bu il təxminən 15 faiz artmışdır. Yəni bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir. Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir.
Regionların inkişafında ümidverici meyillər davam edir. Baxmayaraq ki, son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə də davam edir. ötən altı ayda Azərbaycanda 35 min yeni iş yerləri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır. Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir”.
İlin ötən altı ayında nəqliyyat sektorunda da proqramların icra edildiyini bildirən Prezident İlham Əliyev deyib ki, bu, Azərbaycanda nəqliyyat infrastrukturunun yeniləşməsinə xidmət edir: “Nəqliyyat sektorunda birinci altı ayda bütün nəzərdə tutulmuş proqramlar icra edilmişdir. Azərbaycanın nəqliyyat infrastrukturu - istər avtomobil yolları, istərsə də hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu yeniləşir, müasirləşir və bütün dünya standartlarına cavab verir. Metro tikintisinə böyük vəsait qoyulur. Bütün bunları biz ona görə edirik ki, Azərbaycanın imkanlarını daha da artıraq, insanların rahat yaşaması üçün əlavə tədbirlər görək. Bir sözlə, demək olar ki, birinci altı ayda bütün nəzərdə tutulmuş vəzifələr öz həllini tapıbdır. Baxmayaraq ki, bir daha demək istəyirəm, dünyada yaşanan böhran və eyni zamanda, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində təbii olaraq bizim gəlirlərimiz azalıbdır. 2009-cu ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdu. Ancaq reallıq onu göstərir ki, orta hesabla təxminən 40-50 dollar civarındadır. Buna baxmayaraq, bizim kifayət qədər imkanlarımız var, resurslarımız var. Biz son illər ərzində özümüzü böyük dərəcədə gücləndirə bilmişik və belə olan halda, təbii ki, Azərbaycan bu böhrandan da üzüağ çıxacaqdır”.
Dövlətimizin başçısı həmçinin ordu quruculuğunun da diqqət mərkəzində olduğunu vurğulayıb: “Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi parad keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın”.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirildiyini bildirib, bu məsələdə ölkəmizin mövqeyinin birmənalı olduğunu və beynəlxalq hüquqa söykəndiyini bir daha vurğulayıb: “Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Dağlıq Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar. Budur bizim prinsipial mövqeyimiz və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. ümid edirəm ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını, - həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını, - təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Biz, əlbəttə, çox istəyirik və çalışırıq ki, nə qədər mümkünsə, məsələ tez öz həllini tapsın ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu razılaşma  birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir. Hesab edirəm ki, danışıqlar masasında mövcud olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər”.
Azərbaycanın gələcək inkişaf perspektivlərinin yüksək olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, biz öz işlərimizi planlı şəkildə görürük və belə olan halda, istənilən məsələ öz həllini tapa bilər: “Biz növbəti altı ayda da səmərəli işimizi davam etdirməliyik. Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməlidir. Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq və əminəm ki, bu, beynəlxalq əlaqələrdə yeganə mümkün olan prinsipdir. Azərbaycanın gələcək inkişaf perspektivləri çox müsbətdir. Bir daha demək istəyirəm ki, biz öz işimizi sistemli, planlı şəkildə aparırıq və belə olan halda, əlbəttə ki, istənilən məsələ öz həllini tapa bilər”.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri İsmət Abasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları barədə məlumat veriblər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.


Paylaş:
Baxılıb: 1131 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31