Qarabağa həyat qayıdır
26.05.2023 [10:40]
Prezident: Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq!
Mübariz FEYİZLİ
Vətən müharibəsi böyük Zəfərlə başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni səhifə açılıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə hədəflərimiz dəyişib. Hazırda 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır.
Azərbaycanın məsuliyyəti və gücü
Təxminən 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan ermənilər ağlasığmaz vəhşiliklər törədiblər. 11 min kvadratkilometr ərazidə hər şey qəddarcasına dağıdılıb, sıradan çıxardılıb. 44 günlük müharibədən sonra həmin ərazilərə bu yerlərin əsl sahibləri qayıdıblar. Müharibədə Qələbəmizi sinirə bilməyən ermənilər iddia edirdilər ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına nail ola bilməyəcək. Belə mülahizələr söyləməklə onlar ilk növbədə özlərinin mənfur xislətlərini ortaya qoyurdular. İşğalçılar ərazilərimizdə hər şeyə nifrətlə yanaşıblar, ancaq söküb dağıtmaqla, sərvətlərimizi qanunsuz mənimsəməklə məşğul olublar. Torpaqlarını işğaldan azad edən Azərbaycan isə bu yerləri dirçəltmək məsuliyyəti daşıyırdı. Xalqımız 30 il düşmən tapdağında qalan yurd yerlərinə qayıtmağı hər gün, hər saat arzulayıb. Ərazilərimizi viran qoyan düşmənə nifrətimiz nə qədər böyükdürsə, yurd yerlərimizi dirçəltmək, o yerlərə həyatı qaytarmaq istəyimiz də bir o qədər güclüdür. Qarşımızda Müzəffər Liderimiz var. O, böyük inamla deyir ki, biz Qarabağı dünyanın ən gözəl guşəsinə çevirəcəyik . Çeviririk də. Müharibənin başa çatmasından cəmi iki il yarım vaxt ötüb. Reallaşdırılan layihələrin sayı isə təsəvvür edilməz qədər çoxdur.
Müharibəni Azərbaycan öz resursları ilə apardı və qalib gəldi. Postmüharibə mərhələsində işğaldan azad edilmiş ərazilərin bərpasını da ölkəmiz öz potensialına əsaslanmaqla həyata keçirir. Dünya praktikasında geniş yayılmış təcrübədir: Müharibələrin dağıntılarını aradan qaldırmaqdan ötrü beynəlxalq koalisiyalar yaradılır, donor təşkilatlar köməyə tələsirlər. Respublikamıza belə yardımlar gəlmir. Müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş böyük ərazilərin bərpasına başlamağı ancaq Azərbaycan kimi güclü dövlətlər bacara bilərlər. Bu gün bəhs olunan ərazilərdə reallaşdırılan layihələr ölkəmizin qüdrətini, geniş iqtisadi və maliyyə imkanlarını bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şuşadan xalqa etdiyi müraciətində bu cəhətə xüsusi diqqət çəkərək vurğulayıb: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq!”.
İndiyədək Qarabağın bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait ayrılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı ötən il ərazilərin bərpasına yönəldilən vəsaitlər barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən, ümumilikdə, 4311,0 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. 2023-cü ilin ilin dövlət büdcəsində isə işğaldan azad olunan ərazilərdə abadlıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Planlı şəkildə aparılan infrastruktur quruculuğu
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur quruculuğu, şəhər və kəndlərin inşası sistemli və planlı şəkildə həyata keçiriləcək, burada hər hansı özfəaliyyətə qətiyyən yol verilməyəcək. Sözügedən ərazilərdə bütün layihələr də məhz bu prinsip gözlənilməklə reallaşdırılır.
İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır.
Digər bir amilə də diqqət yetirək. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər dağlıq relyefə malikdir. Yol olmadığına görə Kəlbəcərin, Laçının bir sıra yaşayış məntəqələrinə qış aylarında getmək mümkün deyil. Bərpa proqramı çərçivəsində layihələndirilən yeni yollar işğaldan azad olunmuş ərazilərə qış aylarında da rahat gediş-gəlişi təmin edəcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə çəkilən yollar həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır.
İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı da kifayət qədər çoxdur. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə üç hava limanı yaradılır. Onlardan ikisi Füzulidə və Zəngilanda olmaqla istifadəyə verilib. Laçında inşa olunan sayca üçüncü beynəlxalq səviyyəli hava limanının inşası da sürətlə davam edir.
Digər təyinatlı infrastruktur obyektlərinin tikintisi ilə də bağlı statistika kifayət qədər zəngindir. Bütövlükdə, ayrılan vəsaitlər hesabına Ağdam, Füzuli və Laçın rayonlarında yollar və körpülər salınıb, su anbarları və su elektrik stansiyaları tikilir. Tərtərçayın kanallarında təmizləmə işləri davam edir. Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün hazırlıq işləri görülür. Yaxın zamanda Qarabağ və Şərqi Zəngəzurda geniş sahələri təmiz içməli su ilə təmin edəcək Həkəri su anbarının və müvafiq su kəmərlərinin tikintisinə başlamaq planlaşdırılır.
İnfrastruktur quruculuğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti səfərləri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar. Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Yaşayış məntəqələrinin bərpası
Ötən il Böyük Qayıdışın ilk müjdəsi verildi - Zəngilan rayonunda yeni yanaşmalar əsasında bərpa olunan Ağalı kəndinə sakinlər köçürüldü. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Kəndin sakinləri doğma yurdlarına qayıtdıqları üçün özlərini xoşbəxt hiss edirlər.
İşğaldan azad edilmiş digər ərazilərdə də yaşayış məntəqələrinin bərpası geniş vüsət alıb. Yaxın vaxtlarda Laçına köç gözlənilir. Ağdamda müsir tipli yaşayış məntəqələri yaradılır. Mədəniyyət paytaxtımız olan Şuşa da yenidən qurulur. Mayın 9-da Prezident İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub. Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin də təməlqoyma mərasimi keçirilib.
Heydər Əliyev Fondunun mühüm töhfələri
İşğaldan azad olunmuş ərazilərin bərpasında birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri də kifayət qədər böyükdür. Fond işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub.
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Şuşada Heydər Əliyev fondu tərəfindən bərpa olunan bir neçə tarixi abidənin əsaslı bərpadan sonra açılışı baş tutub. Məsələn, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında da iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.
Mir Möhsün Nəvvab Qarabağinin ermənilər tərəfindən dağıdılmış məzarı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur. Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada anadan olub, orada yaşayıb-yaradıb və 1918-ci ildə vəfat edib. Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında da iştirak ediblər. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
