Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Adriatik dənizindən Asiyaya qədər uzanan coğrafiyada...

Adriatik dənizindən Asiyaya qədər uzanan coğrafiyada...

10.06.2023 [10:00]

Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir

Türkiyədə keçirilən seçkilərin nəticələri TDT-da inteqrasiyanın güclənəcəyinə inamı daha da artırıb

Qardaş Türkiyədə həyəcanlı seçki dönəmi arxada qaldı. Tam əminliklə deyə bilərik ki, iki mərhələdə baş tutan bu seçkilərlə Türkiyə bütün dünyaya demokratiya və seçki mədəniyyəti dərsi verdi. Seçkilərdə Türkiyə cəmiyyəti yenə də son 20 ildə qardaş ölkənin siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə qazandığı böyük uğurların memarı olan Prezident Rəcəb Tayyib Ərdoğana inamını ifadə edərək onu yenidən dövlət başçısı seçdi. Artıq Azərbaycanda da çox sevilən və böyük hörmət bəslənilən R.T.Ərdoğanın andiçmə mərasimi baş tutub və o, ölkəsinin yeni hökumətini formalaşdırıb.

Türkiyədə keçirilən seçkilərin nəticələri, burada yeni hökumətin formalaşdırılması yalnız bu ölkənin özündə həyəcanla gözlənilmirdi. Belə bir maraq və həyəcan həmçinin Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələrdə, o cümlədən də Azərbaycanda yaşanırdı ki, bu da təsadüfi deyil.

Tarixdən gələn bağlılıq

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla Zirvə görüşləri uğurla baş tutub.

Təşkilatın katibliyi İstanbulda yerləşir. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub və səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir.

Dünyada yarandığı vaxtdan az sonra tarixin arxivinə qovuşan təşkilatların sayı çox olub. Bu da ilk növbədə onunla bağlı olub ki, həmin təşkilatlar saxta ideyalar əsasında yaradılıb, onların təməlində təbii amillər dayanmayıb. Türkdilli ölkələrin birliyini mümkün və zəruri edən fundamental amillərin sayı isə kifayət qədər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması, coğrafi bağlılıq, din, etiqad vəhdəti kimi amilləri xüsusi qeyd edə bilərik.

Bu kimi fundamental amillərə əsaslanan cəmiyyətlər və dövlətlər yaxınlaşmaq niyyətlərini nümayiş etdiriblər və birlik baş tutub, hazırda da yeni bağlarla möhkəmlənməkdə davam edir. Deyilənlərdən də göründüyü kimi, Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.

Ərdoğanın nüfuzu, Türkiyənin artan rolu

Qeyd etdiyimiz kimi, Türkiyədə keçirilən son seçkilər bütün Türkdilli ölkələrdə böyük həssaslıqla izlənilib.  Bunu şərtləndirən iki mühüm məqamı qeyd edə bilərik.

- Birinci məqam şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu, liderlik keyfiyyətləri ilə bağlıdır. Qardaş ölkənin dövlət başçısı bütün prezidentlik dönəmlərində Türkdilli ölkələr arasında birliyin, müxtəlif sahələrdə inteqrasiyanın genişlənməsinə davamlı çağırışlar edib. TDT-nin funksional quruma çevrilməsində və beynəlxalq nüfuzunun möhkəmlənməsində onun böyük rolu olub. “Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 2023-cü ilin martında Ankarada baş tutan fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Qardaş ölkənin dövlət başçısı belə bir qənaətini ifadə edib ki, Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada Türk dövlətlərinin çox geniş əməkdaşlıq imkanları var. Onun sözlərinə görə, tarixi inkişafların Türk dünyasının yolunu açdığı fürsət pəncərələrini düzgün qiymətləndirmək lazımdır. Siyasi həmrəylikdən tutmuş, enerji və nəqliyyatın başçılıq etdiyi iqtisadi əməkdaşlığa qədər hər sahədə onu mənfəətə çevirmək imkanımız var. “Qardaş ölkələrin nisbətən qısa müstəqillik dövründə əldə etdikləri nailiyyətləri ümumi gələcəyimiz üçün çox vacib hesab edirəm. Bu nəhəng potensial təşkilatımızın təsir dairəsinin ölçüsünə işarə edir. Hər Zirvə görüşü ilə biz bu təsirin miqyasını və əsasını daha da gücləndiririk”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkdilli ölkələrdə yüksək dəyərləndirilən ikinci mühüm məqam isə Türkiyənin TDT-da drayver, lokomativ qismində çıxış etməsi ilə bağlıdır. Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətcə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Əlamətdar haldır ki, regionda qardaş ölkənin önəmi, rolu getdikcə artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Qardaş ölkənin müdafiə sənayesi hazırda bütün dünya tərəfindən qəbul edilir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.

Qardaş ölkənin iqtisadi, siyasi, hərbi gücü bütün Türkdilli ölkələrin özünəinam hissini gücləndirir. Bütün bu kimi amillərə görə də Türkiyədə keçirilən seçkilər böyük Türk coğrafiyasında diqqətlə izlənilir və Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi arzulanırdı. TDT-da birləşən ölkələr Türkiyənin hazırkı siyasi kursunun perspektivdə də davam etdirilməsinin tərəfdarıdırlar. Təsadüfi deyildir ki, yenidən dövlət başçısı seçilən R.T.Ərdoğanın inaqurasiya mərasiminə əksər Türkdilli ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri qatıldılar. Azərbaycan Prezidenti İlham Əliyev Öz ənənəsinə sadiq qalaraq Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibəti ilə ilk təbrik edən dövlət başçısı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva R.T. Ərdoğanın andiçmə mərasiminə qatılaraq bütün Türk xalqının sevincinə şərik oldular.

İqtisadi inteqrasiya perspektivləri

Gələcəkdə TDT-nin funksionallığının artması dövlətlərin siyasi iradəsi ilə yanaşı, həm də üzv ölkələrin iqtisadi potensialının səfərbər edilməsindən, koordinasiyalı fəaliyyətin həyata keçirilməsindən çox asılıdır. Təsadüfi deyildir ki, Ankara  Sammitində qəbul olunan Bəyannamədə TDT-yə üzv dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması alqışlanıb. Bu sənədin imzalanması Türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiya qoyuluşunun artmasına güclü impuls verəcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı bu təşəbbüslə  2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı çıxış etmişdi və Özünün mövqeyini əsaslandırmışdı. Zaman Azərbaycan Prezidentinin strateji baxışlarının uzaq hədəflərə hesablandığını bir daha təsdiqlədi.

Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.3 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

TDT-da təmsil olunan ölkələr arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığı genişləndirmək imkanları kifayət qədər genişdir. Bu sahədə ən perspektivli istiqamətlərdən biri enerji əməkdaşlığıdır. İndiyədək Azərbaycan və Türkiyə tərəfdaş ölkələrlə birlikdə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinə nail olublar. Bu gün qeyd olunan transmilli enerji infrastrukturundan, həmçinin Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr də bəhrələnirlər. Qazaxıstan neftinin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması və Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunması uğurla davam edir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

Son illərdə Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində böyük artımların müşahidə edilməsi də məmnunluq doğurur.  2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. 2022-ci ildə bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. O cümlədən Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə, Türkmənistan ilə 5.1 dəfə, Özbəkistan ilə 64.0 faiz, Qırğızıstan ilə 17.0 faiz artıb. Ötən il qardaş Türkiyə ilə ticarət dövriyyəmiz  6.0 milyard dollara yaxınlaşıb. Xatırladaq ki, 2021-ci ildə bu göstərici 4 milyard 661 milyon dollar civarında idi.

Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin genişlənməsinə yeni imkanlar açacaq.  Hazırkı geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması qarşılıqlı ticarət dövriyyəsinin, eləcə də daşımaların artması üçün mühüm əhəmiyyət daşıyır.  Bu, əslində ölkələr və şirkətlər üçün yeni imkanların yaranması anlamına gəlir. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Müvafiq saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Pilot layihə sadələşdirilmiş gömrük dəhlizin praktiki reallaşdırılmasının təmin olunmasına xidmət göstərəcək.

Böyük Türk coğrafiyasının bərpası

Zamanında Türk coğrafiyası bir tamlıq təşkil edib. Ancaq sonradan məkrli qüvvələr istəklərinə çataraq tarixi Türk coğrafiyasının parçalanmasına nail olublar. Söhbət Qərbi Zəngəzurun Ermənistana verilməsindən gedir. Bir vaxtlar yüklər Mərkəzi Asiyadakı Türkdilli ölkələrdən Xəzər vasitəsilə Azərbaycana, buradan isə Qərbi Zəngəzurdan keçməklə Türkiyəyə çatdırılırdı. Türk dünyasına qısqanclıqla yanaşan imperialist güc mərkəzləri Qərbi Zəngəzurun Ermənistana verilməsinə nail olmaqla yalnız ümumtürk coğrafiyasını parçalamadılar, həm də Türkdilli ölkələrin dünyaya çıxış imkanlarını məhdudlaşdırdılar.

44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlar, həmçinin tarixi Türk coğrafiyasının bərpası üçün də geniş perspektivlər açıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına nail olacaq. Hazırda respublikamızın ərazisində Zəngəzur dəhlizinin avtomobil və dəmir yolu seqmentləri üzrə işlər sürətlə davam etdirilir.  Zəngəzur dəhlizi Türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxaracaq. Qeyd edək ki, gələcəkdə Zəngəzur dəhlizinin respublikamızın ərazisində qolları inşa olunacaq. Beləliklə də, Şərq-Qərb, Şimal-Cənub, Orta və Zəngəzur dəhlizləri optimal marşrutlarla bir-biri ilə inteqrasiya olunacaq. Azərbaycanın böyük investisiya qoyuluşu hesabına yaratdığı yol-nəqliyyat-logistika infrastrukturu, o cümlədən müasir hava və dəniz donanmaları, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə inşa olunan dəniz limanının yükaşırma imkanlarının ildə 15 milyon tondan 25 milyon tonadək artırılması, Ələtdə Azad İqtisadi Zonanın yaradılması daşımaların intensivliyini və səmərəliliyini artıracaq. Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın və Türkdilli ölkələrin deyil, böyük iqtisadiyyata malik uzaq Çinin və Avropa dövlətlərinin də maraq dairəsindədir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31