Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünyanın diqqətini çəkən Azərbaycan modeli: Tarazlı inkişaf

Dünyanın diqqətini çəkən Azərbaycan modeli: Tarazlı inkişaf

09.08.2023 [10:20]

Regionların inkişafı diqqət mərkəzindədir

QAZAX

Hazırda dünyanın mənzərəsi daha çox dərəcədə kataklizmlərlə səciyyələnir. Xüsusilə də ayrı-ayrı ölkələrin mənfi xarici təsirlər nəticəsində inkişafla bağlı ciddi problemlərlə üzləşdiklərinin şahidi oluruq. Bir sıra hallarda iqtisadiyyatın investisiya təminatı dayandırılır, layihələr ixtisara salınır, hətta sosial sfera, əməkhaqqı və pensiya fondları üçün vəsaitlər azaldılır.

Dünyadakı belə azuolunmaz mənzərə fonunda Azərbaycan tamam fərqli bir rakrusdan diqqət çəkir. Ölkəmiz Prezident İlham Əliyevin müxtəlif auditoriyalarda dəfələrlə məmnunluq hissi ilə vurğuladığı kimi, inkişaf və sabitlik adası kimi fərqlənir.

Bütün ölkə boyunca tarazlı inkişaf hədəfi

Azərbaycanın güclü dövlətə çevrilməsini, rəqabət imkanlarının atmasını şərtləndirən əsas amillərdən biri strateji xəttin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Respublikamız dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Bütün ölkə boyunca tarazlı inkişafın təmin edilməsi beynəlxalq səviyyədə böyük maraqla izlənilən bu modelin ən səciyyəvi cəhətlərindən biri kimi dəyərləndirilə bilər. Regional inkişaf  Azərbaycan dövlətinin son 20 ildə xüsusi diqqət yetirdiyi istiqamətlərdən biridir. Məlumdur ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı dövrdə əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına, orada “Böyük Qayıdış” məqsədi üçün münbit şərait yaradılmasına yönəldilib. Bununla belə, paralel şəkildə ölkənin digər bölgələrinin inkişafı da Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, respublikamızda inkişaf bütün ölkə boyunca təmin olunur. Bu strategiyanın müəllifi isə Prezident İlham Əliyevdir. 2004-cü ildən bəri ölkəmiz Onun siyasi iradəsi ilə inkişafın fərqli modelinin tətbiqinə başlayıb. Başqa sözlə desək, paytaxtın və regionların  tarazlı inkişafının təmin olunması strateji məqsəd kimi qarşıya qoyulub və son 20 ildə bu hədəfə doğru inamlı addımlar atılıb. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda yeni Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.

Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı strateji baxışları, həmçinin digər sənədlərdə də öz əksini tapıb. Dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində üçüncü hədəf kimi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu və bu hədəfin vacib elementi kimi paytaxt və regionların tarazlı inkişafı müəyyən edilib. Sənəddə uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm vəzifə kimi qarşıya qoyulub. Burada qeyd olunur ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Həm regional inkişaf proqralarında, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün ölkə boyunca böyük miqyaslı işlər görülür.

Prezidentin şəxsi nümunəsi

Regional inkişaf proqramlarının uğurlu icrasını şərtlndirən ən mühüm amil, heç şübhəsiz ki, Prezident İlham Əliyevin şəxsi nümunəsidir. Onun şəxsi nümunəsi respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir. 

Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Onun və digər ranqlı bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.

Son 20 ilin təcrübəsi bunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.

Elə rayonlar var ki,dövlət başçısı ora 10 dəfədən çox səfər edib. Bu, diqqətin, qayğının ifadəsidir və özünün yaxşı nəticələrini verir. Bu günlərdə Dövlətimizin başçısı daha 4 bölgədə, o cümlədən də Qazaxda səfərdə olub. Ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edən, önünə gül dəstəsi qoyan dövlətimizin başçısı rayonda bir sıra açılışıara qatılıb.

45 min sakin yeni su və kanalizasiya layihəsindən bəhrələnəcək

Regional inkişaf proqramları çərçivəsində görülən işlərin böyük qismi bölgələrdə müxtəlif təyinatlı infrastruktur quruculuğunu əhatə edir. Bütün ölkə boyunca reallaşdırılan layihələrin nəticəsidir ki, Azərbaycan qısa müddətdə infrastruktur təinatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlət başçısının Qazax rayonuna səfəri də yeni infrastruktur obyeklərinin istifadəyə verilməsi ilə yadda qalıb. Prezidenti İlham Əliyev avqustun 7-də Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib. Layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

“Qazax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 subartezian quyusu qazılıb və 7,8 kilometr uzunluğunda artezianlararası su xətti çəkilib. Su mənbəyindən Qazax şəhərinə 8,9 kilometr uzunluğunda magistral su kəməri inşa olunub. Şəhər yaxınlığında hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı tikilib.

Layihənin icrası nəticəsində rayonun Ağköynək və Qarapapaq kəndlərinin şəhərə bitişik hissəsi də su ilə təmin edilib. Bu layihə çərçivəsində yeni yaradılmış su mənbəyi hesabına gələcəkdə həmin kəndlərin digər hissəsinə, eləcə də Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, layihədən 45 min sakin faydalanacaq. 

Magistral və daxili yolların yenilənməsi

Regional inkişaf proqramları çərçivəsində ölkə ərazisində yol infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həm respublikamızdan keçən beynəlxalq dəhlizlər boyunca magistral yollar, həm də daxili yollar müasir standartlar səviyyəsində yenidən qurulur. Prezident İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Açılış mərasimində bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb. Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək.

Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində, həmçinin yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib. Bu avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Uzunluğu 19 kilometr olan Qarapapaq-Çaylı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Qazax rayonu ərazisində üç yaşayış məntəqəsini birləşdirən bu yolun yenidən qurulması nəticəsində 14 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Yeni istehsal güclərinin yaradılması

Bölgələrin iqtisadi potensialından istifadə olunması, yeni iş yerlərinin yaradılması regional inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Qazaxda dövlət başçısının iştirakı ilə  “Venzana” mebel fabrikinin istifadəyə verilməsi buun daha bir təsdiqidir. Fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.

Bildirildiyi kimi, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir. Gələcəkdə müəssisənin genişləndirilməsi nəzərdə tutulub. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.

Sərhəd zastavaları möhkəmləndirilir

Qalib Azərbaycan postmüharibə mərhələsində ordu quruculuğunu, o cümlədən də sərhəd qarnizonlarının maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bildirdiyi kimi, indi Azərbaycan Ordusu müharibədən əvvəlkindən daha güclüdür. Eyni zamanda, dövlət sərhədlərinin etibarlı şəkildə qorunması məqsədilə imkanlar genişləndirilir. Prezident İlham Əliyev avqustun 7-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən ibarət əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi texnikaların saxlanması üçün avtomobil parkı, avtomobil yuma və yanacaqdoldurma məntəqələri, silah, ərzaq və əşya-geyim anbarları, içməli su anbarı, qazanxana binası mövcuddur. Burada xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

ADA Universitetinin nəcib təşəbbüsü

Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində daha bir mühüm tədbirə qatılıb. Belə ki, dövlətimizin başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

Azərbaycan ziyalılarının böyük və çox sanballı pleyadası məhz Qazax Müəllimlər Seminariyasında formalaşıb. Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə, 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.

1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bildirildiyi kimi, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə, ümumilikdə, 127 tələbə təhsil alacaq.

ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır.

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31