Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bütün kəndlər qaytarılmalıdır!

Bütün kəndlər qaytarılmalıdır!

13.01.2024 [10:20]

Mübariz ABDULLAYEV

Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin uğurlu nəticələri sayəsində yaratdığı reallıqlar regionumuzda yeni dönəmin əsasını qoyub - indi bölgədə sülh və etimad mühitinin yaranması üçün heç vaxt olmadığı qədər münbit zəmin formalaşıb. Qalib Azərbaycan o niyyətdədir ki, bu imkandan maksimum dərəcədə  səmərəli istifadə olunsun və regionda müharibə səhifəsi birdəfəlik bağlansın, buraya davamlı sülh gəlsin. Ölkəmiz postmüharibə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi və sülhyaratma prosesində tarixi faktlara və beynəlxalq hüquqa əsaslanmaqla qətiyyətli yanaşma ortaya qoyur. Bunu Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində verdiyi mühüm müsajlar bir daha təsdiqləyir.  Dövlətimizin başçısının müsahibəsində verdiyi mesajlar həmçinin sərhədlərin delimitasiya və demarkasiya edilməsi məsələlərini əhatə edir.

Ərazilərimizin Ermənistana peşkəş edilməsi prosesinin qarşısı necə alındı?

Sərhədlərin delimitasiya və demarkasiya edilməsi postmüharibə dövründə münasibətlərin tənzimlənməsi prosesində qarşıda duran mühüm məsələlər sırasında yer alır. Məsələ ondadır ki, burada ortaya bir sıra suallar çıxır. Müxtəlif manipulyasiyalarla sülhyaratma prosesini əngəlləyən məğlub Ermənistan sərhədlərin müəyyənləşdirilməsində də absurd və ardıcıl olmayan mövqedən çıxış edir. Bir sual ondan ibarətdir ki, Ermənistan 30 illik işğal dövründə nəzarətsizlikdən istifadə etməklə sərhədləri irəli çəkib və 44 günlük müharibədə şanlı Zəfərə imza atan Azərbaycanın öz sərhədlərinə çıxması faktı ilə barışmaq istəmir. Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasının 1975-ci il xəritələrinə əsasən aparılmasını vacib sayır və bəzi ölkələr də bu iddia ilə çıxış edirlər.

Niyə bu gün Ermənistan məhz 1970-ci illərin xəritələrinə istinad edilməsini istəyir? Bəs Azərbaycan üçün hansı xəritələr daha əsasdır? Xüsusilə də  Naxçıvanın Kərki və Qazaxın yeddi kəndi ilə bağlı məsələlər sərhədlərin delimitasiya və demarkasiyası çərçivəsində necə həllini tapacaq? Prezident İlham Əliyev müsahibəsində Azərbaycan cəmiyyətini narahat edən bu kimi suallara aydınlıq gətirərək bildirib ki, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məğlub Ermənistanın sərhdlərin müəyyənləşdirilməsi üçün nə səbəbdən 1970-ci illərin xəritələrinə istinad etmək istəyi heç də xoş niyyətə əsaslanmır. Bunun sadə izahı var. Prezident İlham Əliyev bu barədə tarixi faktlara istinad etməklə açıq danışıb.  Gəlin, xatırlayaq:1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir. Xalqımız əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. AXC-nin İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarı böyük bir tarixi cinayət idi, səhv yox, məhz cinayət. “Birincisi, İrəvanda o vaxt yaşayan azərbaycanlılardan soruşulmadı. İkincisi, nə qaçaqaç idi? Hara tələsirdilər? Yəni, 28 mayda respublika elan olundu, 29 mayda İrəvan Ermənistana verilir. Onun da izahatı heç bir məntiqə sığmır ki, bunu verməklə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox, daha da azğınlaşdı. İrəvandan olan nümayəndələrin - o vaxt Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunmuş nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni, o, böyük tarixi cinayət idi və o, bir başlanğıc idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəli, dənizdən-dənizə Ermənistan yaratmaq xülyaları quran ermənilər dayanmadılar. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq keçmiş sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana verdi. Bu da tarixi faktdır, xəritələr var, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, - bütün Zəngəzur Azərbaycan ərazisidir. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və beləliklə də, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olmuş  100 min kvadratkilometrdən çox ərazilərimiz 86,6 min kvadratkilometrə qədər azaldı. Yalnız Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbərliyinə gəldikdən sonra torpaqlarımızın ermənilərə peşkəş edilməsi prosesinə son qoyuldu. Heydər Əliyev bu məsələdə çox qətiyyətl idi və hər dəfə ermənilərin torpaq iddialarını alt-üst edirdi.

Ya siyasi, ya da xronoloji metodologiya əsas götürülməlidir

Yuxarıda sadalanan faktlar Ermənistanın irəli sürdüyü təkliflərin hansı xəbis niyyətlərdən qaynaqlandığını əyani şəkildə ortaya qoyur. N.Paşinyan və digərləri sanki yaxın tarixi tamam unutdurmaq istəyirlər. İndi internet dövrüdür. Qısa axtarış aparmaqla internet resurslarında həmin faktlar barədə müfəssəl məlumat almaq mümkündür. Prezident İlham Əliyev sərhədlərin müəyyənləşdirilməsi üçün ədalətli yanaşma ortaya qoyaraq iki prinsipə əsaslanmağın zəruri olduğunu diqqətə çatdırıb. Bunlar aşağıdakılardır:

1.Siyasi metodologiya,

2.Xronoloji metodologiya.

Azərbaycan sərhədlərin demarkasiya və delimitasiya edilməsi üçün bu iki metodologiyadan hansısa birindən istifadə olunmasına etiraz etməyəcək. Ölkəmizin mövqeyini bir daha diqqətə çatdıran Prezident İlham

Əliyev vurğulayıb: “Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik.

Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”.

Anklav və anklav olmayan kəndlərimizin işğal altında saxlanması dözülməzdir

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın nəzarəti altındadır. Buraya anklav və anklav olmayan Qazağın 7 və Naxçıvanın Kərki kəndləri daxildir. Qazağın anklav olmayan 4 kəndi qeyd-şərtsiz və zaman itirilmədən geri qaytarılmalıdır. Anklavlara gəldikdə isə, həmin kəndlərlə bağlı ayrıca bir ekspert qrupuun yaradılması və müzakirələrin aparılması məqsədəuyğundur. “Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı”, - deyə Prezident İlham Əliyev bildirib.

Ermənistanın manipulyasiya predmetinə çevirdiyi daha bir məsələyə də aydınlıq gətirmək yerinə düşər. Qarşı tərəf sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələrdə qoşunların güzgü prinsipi ilə geri çəkilməsində israr edir. Belə yanaşmanı Azərbaycan qəbul edə bilməz. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən bir addım da geri çəkilmək niyyətimiz yoxdur. Çünki ilk öncə sərhəd müəyyən edilməlidir. Hazırda Azərbaycan Ordusunun  Ermənistan tərəfindən mübahisə edilən yerləşməsi heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim durduğumuz mövqelərdə, təpələrdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə dövlət başçımızın vurğuladığı kimi, bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir.

Paylaş:
Baxılıb: 277 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31