Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xankəndidən səsli çağırış!

Xankəndidən səsli çağırış!

09.02.2024 [10:10]

Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələri Azərbaycanın iradəsinin və gücünün nümayişidir

Müstəqillik tariximizin daha bir əlamətdar səhifəsini çevirdik. Fevralın 7-ə təyin olunan Prezident seçkiləri yüksək seçici fəallığı şəraitində baş tutdu. Artıq tarixə çevrilən seçkiləri müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. Seçkilərlə bağlı yaşanan ən mühüm və böyük ictimai-siyasi, tarixi önəm daşıyan olay isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs verməsi oldu. Hazırda bununla bağlı həm milli səviyyədə, həm də beynəlxalq miqyasda geniş müzakirələr aparılır. Yanaşmalar da, əlbəttə ki, müxtəlifdir və bir-birindən fərqlənir.

Ölkənin bütün ərazisində keçirilən ilk Prezident seçkiləri

Əvvəla onu qeyd edək ki, 7 fevral seçkiləri çox doğru olaraq tarixi seçkilər kimi dəyərləndirilir ki, bu da təsadüfi deyil.   Azərbaycanda qanunvericiliyə uyğun qaydada prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Mahiyyətinə görə ölkədə keçirilən seçkilərin ən önəmlisi prezident seçkiləridir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından sonra respublikamızda ilk olaraq prezident seçkilərinin keçirilməsi də məhz bu amillə bağlıdır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə ölkəmizdə mahiyyət etibarı ilə bütöv bir mərhələyə yekun vurulub. Başa çatan mərhələdə dövlətin və cəmiyyətin əsas ümummilli ideyası reallaşdırılıb. Yeni mərhələnin isə strateji çağırışları və məqsədləri var. Buna görə də yeni mərhələnin başlanğıcında parlament və yaxud bələdiyyə çeçkilərinin keçirilməsi məqsədəuyğun olmazdı. Fevralın 7-də keçirlən Prezident seçkiləri ilə Qalib Azərbaycanın yeni mərhələsinə qədəm qoyduq. Qarşıda yeni ümummilli hədəflərin reallaşdırılması vəzifəsi dayanır. Bunun anonsunu Prezident İlham Əliyev bir qədər bundan əvvəl yerli televiziya kanallarına verdiyiyi geniş müsahibəsində edib.

7 fevral seçkiləri həm də prezident seçkilərinin ilk dəfə ölkənin bütün ərazisində keçirilməsi ilə əlamətdardır. İş elə gətirdi ki, Azərbaycan müstəqilliyinin elə əvvəlindən işğal faktı ilə üzləşdi. Havadarlarının dəstəyindən bəhrələnən Ermənistan işğalçılıq siyasəti həyata keçirməklə ərazilərimizin 20 faizini öz nəzarəti altına aldı. İşğal nəticəsində təxminən bir milyon soydaşımız doğma yurd yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu səbəbdən  də 450 minə yaxın seçici Azərbaycanın müxtəlif ərazilərində səs vermək məcburiyyətində qalırdı. Ancaq 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi və ilk olaraq 7 fevral Prezident seçkiləri ölkənin bütün ərazisində təşkil olundu. MSK-dan verilən məlumata əsasən, seçki siyahılarına 6 milyon 478 min 623 seçicinin adı salınıb. Seçicilər 6 537 məntəqədə səs veriblər.

Artıq yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərin ilkin nəticələri açıqlanıb. Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. M.Pənahov 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:

Lider namizəd Əliyev İlham Heydər oğlu - 4 milyon 281 min 625 səs (92,05 faiz);

Əliyev Fuad Ağası oğlu - 24 min 799 səs (0,53 faiz);

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 81 min 799 səs (1,76 faiz);

Musayev Elşad Nəbi oğlu - 31 min 33 səs (0,67 faiz);

Mustafa Fazil Qəzənfər oğlu - 92 min 980 səs (2 faiz);

Nurullayev Razi Qulaməli oğlu - 37 min 386 səs (0,80 faiz);

Oruc Zahid Məhərrəm oğlu - 101 min 851 səs (2,19 faiz).

Məzahir Pənahov bildirib ki, beləliklə, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələri ictimaiyyətə təqdim ediləcək. Bundan sonra daxil olan sənədlər araşdırılaraq MSK-nın iclasına çıxarılacaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqlənib qəbul ediləcək. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurularaq protokol təsdiq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.

Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.

MSK-nın sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.

Niyə məhz Xankəndi?

Qeyd etdiyimiz kimi, 7 fevral seçkiləri  Prezident seçkilərinin ilk dəfə ölkənin bütün ərazisində keçirilməsi ilə əlamətdardır. İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə yaradılıb. Həmin məntəqələrdə təxminən 23 minə yaxın seçici səs verib. Hər məntəqəyə 800-900 seçici düşür.

7 fevral seçkilərində bütün Azərbayca xalqı Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələri ilə qürur duydu ki, bu da təsadüfi deyil. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində bir milyondan artıq soydaşımız Qarabağdan, o cümlədən də Xankəndidən zorla çıxarılmışdı. Həmin günləri xatırlayanda adam dəhşətə gəlir. Erməni vandallarının müxtəlif növ silahlarla təhdid etdiyi azərbaycanlılar soyuq qış aylarında əliyalın dağlara, dərələrə, meşələrə səpələndilər. Onların böyük bir qismi soyuqdan donaraq həyatla vidalaşdı və yaxud güllə yağışına tuş gəldi. İnsanlıq normaları ilə bir araya sığmayan bu vəhşilikləri törədən ermənilər isə özlərini dünyaya “mədəni xalq” kimi təqdim etmək üçün miflər düzəldirdilər.

Ancaq Azərbaycan xalqının yaddaşı yurd yerlərinə möhkəm bağlıdır. Biz otuz il ərzində babalarımızın ruhu dolaşan torpaqlarımızı unutmadıq və nə vaxtsa o yerlərə qayıdacağımıza inandıq. Müzəffər Lider İlham Əliyevin apardığı siyasət xalqın inamını və ümidini daha da möhkəmləndirirdi. Nəhayət, 2020-ci ildə Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazanaraq düşməni tam kapitulyasiyaya məruz qoydu. Tariximizdə əbədi qalacaq bu möhtəşəm Zəfər sayəsində ərazi bütövlüyümüz həri-sityasi yolla bərpa olundu. Bununla da soydaşlarımızın yurd yerlərinə geri dönmələrinə imkan yarandı. Artıq işğaldan azad olunan ərazilərə Böyük Qayıdışa başlanıb və proses davamlı olaraq genişlənir.

Fevralın 7-də Prezident İlham Əliyevin və ailə üzvlərinin  səs vermək üçün Xankəndi şəhərini seçmələri isə xüsusi önəm daşıyır. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş  Xankəndidə Azərbaycan bayrağının dalğalanması, gerbimizin asılması, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi adama xəyal kimi görünürdü. Arzularımızı, xəyallarımızı Müzəffər Prezident İlham Əliyev reallaşdırdı. Onun göstərişi ilə 2023-cü il sentyabrın 19-da Qarabağda separatizmin kökünü birdəfəlik kəsmək üçün lokal xarakterli antiterror tədbrləri keçirildi. Ordumuz bu tədbirləri yüksək peşəkarlıqla və humanizm prinsiplərinə əsaslanmaqla reallaşdırdı. Cəmi 23 saat ərzində uğurla tamamlanan antiterror tədbirləri zamanı mülki insanlar və infrastruktur ziyan çəkmədi, yalnız separatçıların qanuni hərbi hədəfləri məhv edildi. Bununla da separatçılar ağ bayraq qaldırdılar. Bir vaxtlar erməni separatçıları rişxəndlə Bakıyadək gələcəklərini bildirirdilər. Bəli, onlar indi Bakıdadırlar. Ancaq özləri gəlməyiblər, həbsə alınaraq gətiriliblər və  dəmir barmaqlıqlar arxasında ittihamlarını gözləyirlər.

Xankəndi ilə bağlı sonrakı proseslər də tariximizin qızıl səhifələrini təşkil edir.  Müzəffər Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq bütün dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşatdı. Xatırladaq ki, 15 oktyabr İlham Əliyev və xalqımız üçün çox əlamətdar bir gün idi - həmin tarixdə Onun ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20-ci ili tamam olmuşdu. Ötən 20 ildə müstəqil Azərbaycan öz Liderinin rəhbərliyi ilə zirvələrə yüksəlib, dünyada söz sahibinə çevrilib, ən əsası isə ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub. 15 oktyabrla 7 fevralı bir-birindən qısa zaman kəsiyi ayırır. 15 oktyabrda Xankəndidə bayrağımız ucaldıldı, gerbimiz asıldı, 7 fevralda isə Müzəffər Liderimiz ailə üzvləri ilə bura gələrək səs verdi. Bunlar qərinələr boyunca minnətdarlıq hissi ilə xatırlanacaq epoxal hadisələrdir.

İlham Əliyev Azərbaycanın Prezidentidir və ölkənin bütün ərazisində səs vermək hüququna malikdir. Bəs dövlət başçısı vətəndaş mövqeyini bilirmək üçün niyə paytaxt Bakıda deyil, məhz Xankəndidə səs verdi? Dövlət başçısı bu dəfə Xankəndidə heç bir çıxış etmədi, müsahibələr vermədi. Ancaq Prezident İlham Əliyevin bu dəfəki seçimi böyük siyasi anlama malikdir. O, tarixi gündə dünyaya, Ermənistandakı revanşislərə və onların Qərbdəki havadarlarına mesajlarını məhz Xankəndi seçimi ilə verdi. Məlumdur ki, məğlub Ermənistandakı revanşist qüvvələr hələ də bədnam “miatsum” xəyyallarını unutmayıblar. Bunun göstəricisidir ki, Ermənistan hərbi büdcəsini artırır, yeni silahlar alır və s. Eyni zamanda, Qərbdəki bəzi dairələr məğlub ölkəni yeni müharibəyə həvəsləndirirlər. Xüsusilə də Fransa yanan odun üstünə yağ tökərək postmüharibə mərhələsində başlayan tənzimləmə və sülhyaratma prosesini dalana istiqamətləndirməyə çalışır. Son vaxtlarda Fransa Senatı, Avropa Şurası Parlament Assambleyası  ölkəmizə qarşı heç bir hüquqi əsası olmayan qətnamələr qəbul ediblər. Açıq-atydın görünür ki, Ermənistandakı revanşist qüvvələr və Qərbdəki qeyd olunan dairələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini sinirə bilmirlər və qisasçılıq hissi ilə alışıb yanırlar. Ancaq belə davranışların heç bir önəmi yoxdur. İqtisadi və siyasi müstəqilliyini tam təmin edən, qərarlarını özü verən, tərəfdaşlarını özü seçən, siyasətini müstəqillik  prinsipləri əsasında quran Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin bərpasını məhz öz gücünə təmin edib. Qələbələrimizi xalqın və dövlətin həmrəyliyi sayəsində özümüz qazanmışıq. Bu qələbələri heç kəs bizə hədiyyə etməyib, əksinə bizə mane olmağa, bizi haqq və ədalət yolumuzdan döndərməyə çalışıblar. Bacarmadılar və bundan sonra da bacarmayacaqlar. Prezident İlham Əliyev fevralın 7-də Xankəndidən verdiyi səssiz mesajla onu ifadə etdi ki, biz işğaldan azad olunmuş ərazilərdəyik, Xankəndidəyik və bu yerlərdə əbədi olacağıq! Dövlətimizin başçısının verdiyi mesajların mənası odur ki, Azərbaycan güclü dövlətdir, milli maraqlarını, konstitusiya quruluşunu qorumağa qadirdir.

Xankəndi tarixi Azərbaycan şəhəridir

Azərbaycan Prezidentinin Xankəndidə səs verməsi həm də tarixin bir daha təsdiqidir. Ermənilərin bu şəhərə iddia etmələrinin heç bir əsası yoxdur. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın xanımı Pəricahan bəyimə hədiyyə olunub.

Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb.  Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər  Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti isə 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzalayıb.

Ötən əsrin səksəninci illərinin sonlarından etibarən keçmiş Dağlıq Qarabağda məlum hadisələr başlayanda separatçıların məkrli planlarına tuş gələnlər sırasında Xankəndidə yaşayan azərbaycanlılar da var idi. Xankəndinin azərbaycanlı sakinlərinə qarşı genişmiqyaslı talanlardan biri 1988-ci ilin 18 sentyabrıında törədilib. Həmin gün ermənilər şəhərdə yaşayan azərbaycanlıların  evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər.  Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırılıb. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olunmuşdu.

1991-ci il dekabrın 28-də azərbaycanlıların yığcam yaşadıqları Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən ələ keçirilməsi ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılmışdı...

Prezident İlham Əliyev isə tarixi ədaləti bərpa edən, erməni saxtakarlığına son qoyan Liderdir. Xankəndi artıq geri qaytarılıb, separatçılardan tam təmizlənib. Azərbaycanlı sakinlərin ora qayıdacaqları gün də uzaqda deyil.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31