QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ MƏTBUAT ORQANI: “LƏK-LƏK”
20.06.2025 [08:57]
Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd Mirfətullayevin naşirliyi ilə çıxan “Lək-lək”in ilk nömrəsinin işıq üzü görməsi xəbəri İrəvan quberniyasında böyük əks-səda verdi, nəşrin sorağı bütün Cənubi Qafqaza yayıldı. “Lək-lək”in nəşrini ilk alqışlayanlardan biri Məmmədəli Sidqi olmuşdur. O, Bakıda yaşamasına baxmayaraq, jurnalın ən fəal oxucularından biri olub. Həyata vəsiqə alan “Lək-lək”in nəşrinə qədər İrəvanda ana dilində qəzetçilik ənənəsi olmasa da, amma çox yetkin yazıçılıq, publisistika ənənəsi var idi. Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mirzə Əlixan Şəmsül Hükəma, Abbas Razi Məmmədzadə, Hacı Seyid Rza Əmirzadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məhəmməd Axundov, Əkbər Əkbərov, Mirzə Cabbar Məmmədzadə, Əkbər Rizayev və başqaları İrəvanda Azərbaycan jurnalistikası və publisistikasının görkəmli nümayəndələri idi. Onların jurnalistlik və publisistik fəaliyyəti nəinki İrəvanda, o cümlədən Cənubi Qafqazda, Şərqdə və müxtəlif ölkələrdə böyük şöhrət tapmışdı.
“Lək-lək”in ilk nömrəsinin işıq üzü görməsi İrəvan ziyalıları və oxucular tərəfindən böyük sevinclə qarşılanmışdı. Jurnalın ilk nömrəsinin son səhifəsində “İdarədən” başlıqlı bir qeyd dərc olunub. Həmin qeyddə göstərilir ki, “bu nömrə üçün hürufat başqa bir kitaba işləndiyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımızdan üzr istəyirik?!”. Jurnalın ilk nömrəsinin cəmi 60 nüsxə ilə işıq üzü görməsi həm də onun maddi-texniki çətinlikləri ilə bağlı idi. Bu barədə jurnalın müdiri Cabbar Əsgərzadənin 2 mart 1914-cü ildə Məmmədəli Sidqiyə ünvanladığı məktubunda da məlumata rast gəlinir: “Əfəndim, hələ ki, “Lək-lək”imiz qanad bağlayıb o cür zülmün elçi quşlarına. Hər halda işıqlı qaralarınızla üzü ağ olmağı təmənna edir. Müzayiqənizi əsirgəyib də necə ki, vədələr vermisdiniz kömək ediniz.
Bir də bu dəfəlik mürəttil və mətbəə cəhətdən görülən bir çox nöqsanları güzəşt ediniz. Hamınıza bir “Lək-lək” Əmircana uçdu”. Həm də bu fikirlərdən aydın olur ki, Cabbar Əsgərzadə “Lək-lək”in ilk nömrəsini Bakı nəşri-maarif cəmiyyətinin tabeliyində olan məktəbdə müəllimlik edən yaxın dostu Məmmədəli Sidqiyə göndərmişdir.
Hələ jurnalın nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə “Lək-lək”in 15 gündən bir çıxacağı haqqında Məmmədəli Sidqiyə yazdığı məktubunda məlumat verir və bildirir ki, “əgər müvəffəq olsaq, sonralar həftədə bir dəfə çıxıb və müsəvvər olacaq”. Jurnalın nömrələrini ardıcıl izlədikdə məlum olur ki, mətbəə problemi və mətbuat müfəttişliyinin əngəli səbəbindən fasilələrlə, iki ayda cəmi 3 nömrəsi çıxmışdı. Bununla əlaqədar “Lək-lək”in müxtəlif nömrələrində bu barədə oxuculara üzrxahlıq yazıları da verilmişdir. Jurnalın üzləşdiyi problemlər aradan qaldırıldıqdan sonra 4-cü nömrəsindən etibarən nəzərdə tutulduğu kimi həftədə bir dəfə nəşr edilmişdi. “Lək-lək”in nəşri İrəvanda Azərbaycan ictimai-siyasi fikir tarixində ciddi bir hadisə olmaqla yanaşı, eyni zamanda ədəbi-mədəni mühitin inkişafında da bir dönüş nöqtəsi oldu. Cabbar Əsgərzadə başda olmaqla dövrün ən yaxşı ədəbi qüvvələri - Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və başqaları “Lək-lək” jurnalının ətrafına toplanmışdı. İrəvanlı molla nəsrəddinçilər digər molla nəsrəddinçilərlə çiyin-çiyinə verib öz fəaliyyətləri ilə jurnalın mövzu dairəsini və ideya-bədii səciyyəsini inkişaf etdirmiş, xeyli zənginləşdirmişlər. Jurnal İrəvanda “Lyus” mətbəəsində nəşr edilirdi. “Lək-lək” də “Molla Nəsrəddin” kimi səkkiz səhifəlikdir. Lakin “Molla Nəsrəddin”də olan rəngli şəkillər onda yoxdur, yalnız birinci səhifəsinin başı şəkillidir. Yalnız ilk səhifəsində səhrada quru sünbüllə yanaşı duran Leylək şəkli verilmişdir ki, hər dəfə də bu təsvir təkrar edilmişdir. Jurnalın 3-cü nömrəsində Orta Asiyanın Mərv şəhərində cəhalətpərəstlər tərəfindən öldürülmüş maarifçi Yusif Heydərzadənin şəklindən başqa heç bir şəkilə rast gəlinmir. Hər nömrəsinin başında “Türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Hər nömrəsinin qiyməti 7 qəpik idi. Jurnalda verilən elanlardan başqa, bütün materialların hamısı satirikdir. Cəmi beş ay sürən ömrü müddətində “Molla Nəsrəddin” platformasına, onun mübarizəsinə sadiq qalan “Lək-lək” çox aydın bir yol tutmuşdur. O hələ ilk nömrəsində öz yolunu müəyyən edərək yazırdı: “...Məsləkimizin əvvəli budur ki, biz “Molla Nəsrəddin” kimi hər kəsin eyibini və iradını açıq söyləyib, onun kimi sadəcə yazıb, ana dili tərəfdarı olmayıb, bəlkə “Şəlalə” kimi lütlərin cibini töküşdürüb ən qiymətli soğatlar çıxardacayıq!
Xanla, bəylə, molla ilə, müqəddəslə, yol kəsənlə, qumarbazla, çaxır içənlərlə heç işimiz olmayacaq...
Müqəddəslərimizin zahiri qiyafələrini yaxşı gördüyümüz kimi yaxşı yazacayıq, daha nə işimiz doşab içindən siçan çıxardaq və mürəbbə deyib hamının ağzını şirin edək.
... Qaldı xanlar, bəylər, ağalar... bunları da allah özü hörmətli yaradıbdır. Borcumuzdur, hörmət eləyək. Onlarda nə qədər hümmərsizlik, rəhmsizlik, cinayətsizlik görsək gözümüz kor, qulağımız kar olacaq. Danışmaq istəsək dilimiz lal olacaq.
Qaldı yol kəsən, dam dələn, adam öldürənlərimizə bunların hörmətləri necə ki, xana, bəyə və mollaya, mömünə vacibdi. Biz də elə...
Və qaldı maarif məsələsi, qızların oxuması, hicabın atılması biz bunlara pasu deyib, özümüzə küfrdən nicat öyrədəcəyik”.
Jurnalın birinci nömrəsində “Baş məqalə” adı altında istehza ilə yazılmış bu məqalə jurnalın tutduğu yolu çox aydın işıqlandırır. Buradan göründüyü kimi “Lək-lək” “Molla Nəsrəddin” yolu ilə getməyi özünə məqsəd təyin etmiş; mövhumata, cəhalətə, qadın əsarətinə, nadanlığa qarşı çıxdığı kimi, mürtəce qüvvələrə qarşı mübarizə aparmağı da özünün əsas qayəsi seçmiş, maarifi, məktəbi, qadın azadlığını təbliğ etmişdir. “Lək-lək” elə ilk nömrəsindəcə oxucularının milli şüurunun inkişafına, qabaqcıl ideyaların təbliğinə əngəl törədən cəhalətpərəst qüvvələrə qarşı qaldırılmış zəhmli bir yumruğa çevrildi. İrəvan quberniyasında mütərəqqi ideyaların carçısı və tribunası olan “Lək-lək” elm, maarif və mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafına, yeni tipli məktəblərin açılması, maarifçiliyin inkişafında qabaqcıl təcrübənin təbliği, təlim-tərbiyə üsullarının yaxşılaşdırılması və pedaqoji prinsiplərə əsaslanmasının zəruriliyinə aid məqalələr dərc edir və bu məsələləri öz səhifələrində geniş işıqlandırırdı. Jurnalda ticarətə və İrəvanda keçirilən ictimai-mədəni tədbirlərə dair elanlar, kiçik təmsillər, “Molla Nəsrəddin” janrlarında felyetonlar, şeirlər, müsahibə və sorğular verilmisdir. Jurnal özünün işinə dair elanları əsasən birinci səhifədə çap edirdi. “Lək-lək”in bütün nömrələrində bir elan həmişə təkrar edilmişdir. “Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür təhrirat üçün məcmuəmizin səhifələri açıqdır. İmzasız yazılar dərc olunmadığı kimi, markasız göndərilən məktublar da qəbul olunmaz. Yazılar açıq Türk dilində olmalıdır” (61). “Lək-lək” qısa zaman ərzində oxucular arasında böyük şöhrət qazana bilmişdi. Jurnal ziyalılar üçün böyük bir ədəbi məktəb, mübarizə tribunası olmuşdu. “Lək-lək” həyata vəsiqə alan gündən İrəvanda Azərbaycan həyatının ən müxtəlif sahələri haqqında ardıcıl, məqsədyönlü yazılar dərc etmişdir. Onun səhifələrində dərc olunan yazıları diqqətlə nəzərdən keçirdikdə ilk saylarında yalnız İrəvandan və Naxçıvandan gələn yazılar verilmisdisə, sonralar Gəncə, Bakı, Şamaxı, Tiflis, Cənubi Azərbaycandan da redaksiyaya daxil olan yazılar dərc edilmişdi. Qısa zaman ərzində “Lək-lək”in mübarizə sədası, üsyankar səsi Cənubi Qafqazı aşaraq onun yayılma arealını daha da genişləndirmiş Orta Asiya və Türkiyəyə də gedib çatmışdır. Bu baxımdan tədqiqatçı Zahid Əkbərovun “Lək-lək” jurnalının xalq qarşısında xidmətinə verdiyi dəyər olduqca təqdirəlayiqdir. O yazır: “Lək-lək” nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrinin inkişafına müəyyən kömək göstərmiş, tərəqqi və demokratik ideyalarına xidmət etmişdir. O anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada, umumən Qafqazda olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur”. “Lək-lək”in səhifələrində İstanbulda “Şahbal” məcmuəsinin, Daşkənddə “Sədayi-Türküstan” qəzetinin abunə şərtləri ilə bağlı elanların təkrar-təkrar verilməsi də bunun əyani sübutudur. Eyni zamanda həmin mətbuat orqanları da İrəvan ziyalıları arasında yayılmış və maraqla oxunmuşdu. “Lək-lək”in daha geniş arealda yayılmasında Salman Mümtaz, Seyid Hüseyn və başqa görkəmli ziyalılarımızın da fəaliyyəti təqdirəlayiqdir. Jurnalda İrəvan ziyalıları ilə birlikdə molla nəsrəddinçilər sırasında fəxri yer tutmuş Məmməd Səid Ordubadi də yaxından iştirak etmişdir. O, həmin dövrdə sürgündə olmasına baxmayaraq, jurnalla əməkdaşlıq etmiş, felyeton və məqalələr göndərmişdir. Onun “Lək-lək”in 12 may 1914-cü il tarixli 6-cı nömrəsində “Hərdəmxəyal” imzası ilə verilmiş şeirində xalqın ağır vəziyyəti təsvir edilmişdir. M.S.Ordubadinin jurnalda “Hərdəmxəyal” imzası və “Ədəbiyyat” başlığı adı ilə verilmiş
Hissim dağılır gərdişi
dövranı görəndə,
Dünyadakı nadan olan
insanı görəndə.
beyti ilə başlayan şeiri forması etibarı ilə Füzulini, ruhu etibarı ilə Sabiri xatırladır.
Cəlal Allahverdiyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Davamı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

