Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Beynimizin sirri - Plasebo effekti

Beynimizin sirri - Plasebo effekti

01.12.2021 [11:27]

İnamın gücü ilə yaşamaq da olar, ölmək də...

İlhamə Rəsulova

Yuli Qay Sezar: İnsanlar inanmaq istədikləri şeylərə ağlasığmaz olsa belə, həvəslə inanırlar.

Bir neçə il öncə Türkiyədə qəribə ölüm hadisəsi baş vermişdi. Ət anbarında işləyən fəhlələrdən ikisi qapının qəfil bağlanması nəticəsində soyuducu otaqda qalmışdı. Səhəri gün onları tapanda hər iki fəhlənin donaraq öldüyü məlum olmuşdu. Meyitlərin üz və əllərinin dərisində donvurma əlamətlərini xatırladan ləkələr belə var idi. Məsələni maraqlı edən isə o idi ki, həmin gün soyuducu işləməmişdi və onların qapalı qaldığı otaqda normal temperatur var idi.

Başqa bir maraqlı hadisə. Fransada maşınqayırma zavodunda bir fəhlə öz yoldaşı ilə zarafat etmək üçün dəmir disklərinin birini gümüşü rənglə boyanmış rezin disklə əvəz edir və onun üstünə atır.  Zarafat dostunun ölümü ilə bitir. Rezin disk fəhlənin başına dəyir. Fəhlə elə bilir ki, disk həqiqətən də dəmirdəndir və onun ürəyi qorxudan dayanır. Ən qəribəsi odur ki, fəhlənin başında dəmir diskdən zədələnmə formasında yara izi qalmışdı.

Bu gün sizə elmə çoxdan məlum olsa da, izahını tam tapa bilməmiş plasebo effekti barədə məlumat verəcəyik. Bu effekt barədə ilk məlumatlara orta əsrlərdə rast gəlinir.

Orta əsrlərdə, fərqli düşünən insanlar inkvizisiya məhkəmələrində ölümə məhkum edilirdilər. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onları kütləvi şəkildə məhv etmək üçün tərkibi təbaşir tozundan ibarət olan məhlul içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də, insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə olub. Mədəaltı vəzi özü lazımı zəhəri hazırlayırdı.

Plasebo effekti barədə dahi Nizaminin də maraqlı hekayəsi var. Düzdür, burada plasebo terminindən istifadə olunmayıb. İki rəqib təbib bir-birilərini hazırladıqları güclü zəhərlə sınağa çəkir. Onlardan biri rəqibinə sadəcə su verir və bildirir ki, bu zəhərdir. Rəqibi həmin suyu içərək həyatını itirir. 800 il öncə Azərbaycan ədəbiyyatında da inamın gücüylə  həyat və ölüm  tapmağın mümkünlüyündən bəhs edilmişdi.

Tibbdə plasebo effekti deyilən anlayış inam gücü ilə sağalmaq və xəstələnmək, ölmək anlamına gəlir. Ötən əsrin əvvəllərində Almaniyanın vərəm dispanserindən birində bir qrup alimin vərəmi sağaldan möcüzəvi dərman hazırlaması barədə xəbərlər yayıldı. Bir müddət dərmanın üstünlükləri haqqında danışıldı. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb.  Həbləri qəbul edən xəstələrin 90 faizi sağalmağa başladı.  Əslində heç bir möcüzəli həb icad edilməmişdi - onlar adi aspirin idi. Pasiyentləri sağaldan həb deyil,  həbə olan inanc idi.

ABŞ-da 50-ci illərdə aparılmış maraqlı bir eksperiment də diqqət çəkir. Təcrübə üçün100 nəfərdən ibarət iki qrup yaşlı insan toplanıldı. Bir qrupa deyildi ki, onlara xüsusi həblər veriləcək, bu həb sizdə yüksək əhval-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə bir həb veriləcək, o, sizə yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq. Hər iki qrupa eyni həblər verildi, lakin bu həblər fərqli reaksiyalar yaratdı. Mütəxəssislər bu nəticəni belə izah edirlər - insanlara öncədən baş verəcək hadisələrin proyektini təlqin edirlər və beyin buna uyğun reaksiyalar yaradır.

Plasebo barədə ilk elmi araşdırma 1955-ci ildə amerikalı həkim Henri Biçer tərəfindən aparılıb.  Bu effektin incəlikləri 1970-ci ildə öyrənilməyə başlasa da, hələ də qaranlıq məqamlar çoxdur. Məsələn, hər kəsin plasebo effektinə reaksiyası eyni olmur.  Azyaşlı uşaqlarda plasebo effektinin özünü göstərməsi də maraqlı məqamdır.  Özünütəlqin və yüksək inanc sahibi olmayan uşaqlarda bu effektin nə üçün yaşlılara nisbətən yüksək səmərə verməsi hələlik elmi izahını tapa bilməyib.

1970-ci ildə Stenford universitetinin professoru Stenli Milqremin apardığı araşdırmalar nəticəsində məlum oldu ki, psixi problemləri olan xəstələrə yaşıl rəngli tabletlər daha yaxşı təsir göstərir, qırmızı və sarı tabletlər isə təsirsiz qalır. Professor Dilan İvansın fikrincə, plasebo şüurun materiya üzərində üstünlüyü nəticəsində meydana gəlir. Qəbul edilən dərman nə qədər baha olsa, pasiyentin sağalma inancı o qədər güclü olur. Yaşam yerinin də bu effektin özünü göstərməsində mühüm rolu var. Məsələn, amerikalıların əksəriyyətində ipoxandriya xəstəliyi özünü göstərir və bu səbəblə plasebo effektinə də asanlıqla tabe olurlar.  ABŞ-da vaksinasiyaya meyil böyükdür. Vaksin təbliği insanlar arasında böyük inamla qarşılanır. Səbəb, plasebo effektinin geniş yayılmasıdır.

Plasebo müxtəlif insanlara müxtəlif cür təsir göstərir. Psixologiya, fiziologiya elmi üçün hələ də sirli hadisə sayılsa da, son illərdə plasebo effektindən tibbdə geniş istifadə edilir. Xüsusilə, psixiatriya sahəsində bu effektdən geniş istifadə olunur.

Parkinson xəstəliyinin müalicəsində plasebo effektindən geniş istifadə edilir. Bu xəstəlik beyinin dopamin hazırlayan hüceyrələrinin məhv olması nəticəsində meydana çıxır. Parkinson dopamin istehsalına kömək edən levedop adlı preparatın vasitəsilə qismən aradan qaldırıla bilir. Kanadalı nevroloq Con Stessl apardığı araşdırmalar zamanı sübut edib ki, Parkinson  xəstələrinə saxta dərmanlar verib yaxşı nəticə əldə etmək olur. Bu dərmanların  dopamin  istehsalına yardımçı olacağını elan edəndə xəstələr həqiqətən özlərini yaxşı hiss edir və  titrəmələri dayanır.  Bu o deməkdir ki, inam nəticəsində beyin özü dopamin hasil etməyə başlayır. Ağrıkəsici effektlər orqanizmdə endorfin vasitəsilə təmin edilir və endorfini tibb işçiləri təbii ağrıkəsici adlandırırlar. Plasebo effektində beynin həmişə endorfin hasil etməsi sübut edilib. Özümüzü yaxşı notlara kökləməklə endorfin istehsalına özümüz nail ola bilərik. Nikbinlik ömür uzadır.

Tarixi 1300-cü illərə gedib çıxan plasebo, 1628-ci ildə Oksford Universitetinin professoru Robert Burton tərəfindən ilk dəfə eksperiment vəziyyətinə gətirilmiş və eksperimentin nəticələri pozitiv olmuşdu. Bununla da Burton təsəvvür, inam və gözləntilərin orqanizmdə olan təsirini sübut etdi. 

Plasebonun klinik təbabətdə istifadə tarixi çoxdan başlayıb. Məsələn, 18-19-cu əsrlərdə yaşamış məşhur həkim Matvey Mudrov xəstələrin ağrılarını yüngülləşdirmək üçün sadə, qızıl və gümüş tozlarından istifadə edirdi. Yalnız həkimin ölümündən sonra məlum oldu ki, bu tozların əsas komponenti üyüdülmüş təbaşirdir.

1957-ci ildə Krebiozen serumu - xərçəng xəstəliyini müalicə edən vasitə ortaya çıxdı. Serumun ilk istifadəçisi xərçəng şişlərinin inanılmaz sürətlə azaldığını və tamamilə keçdiyini gördü. Serumun yaradıcısı dərmanın tərkibinin sadəcə distillə olunmuş sudan ibarət olduğunu bildirdikdən sonra hər kəs şok vəziyyətində idi. Maraqlısı da odur ki, xərçəng şişlərindən tamamilə qurtulmuş pasient dərmanın tərkibini öyrəndikdən sonra yenidən eyni xərçəngə yoluxdu və bir neçə gün sonra dünyasını dəyişdi.  Hazırda Harvard Tibb Məktəbi də plasebo araşdırmalarına davam edir.

Plasebo tədqiqatları göstərir ki, vücudumuzun şüurla daha dərin əlaqələri var. Son onilliklərdə aparılan ciddi elmi araşdırmalara əsasən, plasebo effekti uydurma deyil, onun mexanizmi daha dərinə gedir. Plasebo sinir, hormonal və hətta immunitet sisteminə təsir göstərir, beyni və onun vasitəsilə bədənin digər funksiyalarını bərpa edir. Astma, ürək-damar xəstəlikləri, mədə-bağırsaq və sinir xəstəlikləri, narahatlıq və depressiya hallarında yaxşılaşma müşahidə olunur. Plasebo effekti ayrılıqda bir reaksiya deyil, bədənimizin təbii imkanlarından istifadə edən təsirlər toplusudur. Plasebo effekti mədəniyyətdən mədəniyyətə və fərddən fərdə dəyişir.

Demək olar ki, bütün həkimlər bəzən xəstələrinə plasebo təyin edirlər. 2008-ci ildə ABŞ-da həkimlər arasında keçirilmiş sorğuda iştirak edənlərin yarısı bunu etiraf etmişdi.

Plasebolar bu gün müxtəlif vəziyyətlərdə istifadə olunur.  Birincisi, effektiv dərmanlar olmadıqda xəstənin ağrısını aradan qaldırmaq üçün plasebo istifadə olunur.  İkincisi, mövcud bir dərmanın effektivliyinə əmin olmadıqda vəziyyətin mümkün yaxşılaşdırılması üçün təyin edilir.

Plasebo effektinin qaranlıq tərəfi də var - “Nosebo effekti” (latınca zərər verəcəyəm).  Dərman üçün təlimatları oxuduqdan sonra orada qeyd edilən yan təsirlərin özündə hiss edilməsi nosebo effektinin təsiridir.  İnsanlar vudu cadugərlərinin, qarğışların, lənətlərin də insanı tutması prosesinin məhz nosebo effekti ilə əlaqədar olduğunu bildirirlər. Plasebo və nosebonun təsir mexanizmləri eynidir və hər iki təsir istənilən müalicə prosedurunu müşayiət edə bilər.  Bu, psixikamızın baş verən hadisələri yaxşı və ya pis mənalandıraraq şərh etməsi mexanizmidir.

 Son olaraq: İki ildir dünyamız koronavirusla mübarizə aparır. Virusun yayılması barədə ilk məlumatların hansı formada yayıldığını yəqin xatırlayırsınız.  Bomboş küçələr, küçələrdə gəzən tək-tük adamların ağ geyimli xüsusi şəxslər tərəfindən “ovlanıb” zorla maşınlara dürtülməsi, qorxu, həyəcan. Hər gün son dərəcə həyəcanlı formada ötürülən ölüm xəbərləri. Bir çoxları koronavirusdan yox, qorxudan həyatını itirdi. Bu gün bizim üçün bu virus adiləşsə də, müəyyən qüvvələr mütəmadi olaraq yeni bir mutasiyanın adını çəkərək qorxudur dünya ictimaiyyətini. Çünki insan bilmədiyi şeylərdən qorxur. Pandemiyanın həyatımızda bu qədər qorxunc rol oynamasında da plasebo, nosebo effektinin rolu oldu.

Hər şey beynimizdə başlayır, beynimizdə bitir.  İnanaraq yaşamaq da olar, ölmək də. Pozitiv düşünək, yaşamağı seçək. Nikbin olun, xanımlar və cənablar!

 

 

 

Paylaş
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31