Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Görkəmli tarzən Allahyar Cavanşirovun xatirə gecəsi keçirilib

Görkəmli tarzən Allahyar Cavanşirovun xatirə gecəsi keçirilib

03.02.2017 [09:48]

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söhbət açıb. Mərasim çərçivəsində sənətkarın həyat və yaradıcılığına işıq salan fotosərgi və fraqmentlər nümayiş olunub. Bildirilib ki, Allahyar Cavanşirov Şuşada Aslan ağanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından qramofon vallarında və el şənliklərində böyük sənətkarların ifasını dinləyən Allahyar tarzənliyə böyük həvəs göstərib. O, 15 yaşından başlayaraq qardaşı Xan Şuşinskini tarda müşayiət edib. Musiqiçi qardaşların sorağı tezliklə bütün Qafqaza yayılıb. Sonralar Bakıya köçən A.Cavanşirov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında işə düzəlib, 1939-cu ildən 1969-cu ilə kimi orada çalışıb. İkinci Dünya müharibəsi illərində ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxışına görə Fəxri fərmana layiq görülüb. Görkəmli sənətkar 1972-ci ildə 65 yaşında Bakıda vəfat edib.
Xatirə gecəsində çıxış edən sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun sözlərinə görə, belə bir tədbirin keçirilməsi sənətkara olan ehtiramın əlaməti kimi qiymətləndirilməlidir: “Xan Şuşinski və Allahyar Cavanşirovu görmək eşqilə kiçik yaşda Bakıya gəldim. Tale mənə hər ikisi ilə də görüşməyi və sənətlərindən bəhrələnməyi nəsib etdi. Artıq bu nəslin bir övladına çevrilmişdim. Allahyar əmi xasiyyətcə çox mülayim, olduqca nikbin və dostcanlı biri idi. Evi həmişə qonaq-qaralı olardı. Allah hər iki ustada rəhmət eləsin. Belə sənətkarlar 100 ildə bir dünyaya gəlir”.
Xatirə gecəsində mərhum tarzənin övladları, o cümlədən Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyeva da çıxış edərək Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin, xüsusən muğam sənətinin yaşamasında, dünyada tanınmasında, inkişafında göstərdiyi misilsiz xidmətlərinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbir Xalq artisti, tarzən Fikrət Verdiyevin bədii rəhbərliyi ilə baş tutub. Gecədə xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov və başqaları muğam və xalq mahnıları ifa ediblər. İki saat davam edən xatirə gecəsinə “Qarabağ şikəstəsi” ilə yekun vurulması alqışlarla qarşılanıb.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30