Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Bu qələbədə Allah da İlham Əliyevin yanında idi

Bu qələbədə Allah da İlham Əliyevin yanında idi

22.12.2021 [12:10]

Ordu mənə hər şey verib, bəs mən orduya nə vermişəm?

Günel Abbas

Müsahibimiz çoxlarına sosial mediada boz qurd işarəsi ilə məşhurlaşan hərbçi kimi məlumdur. Müharibədən sonra da gənc nəslin maariflənməsi istiqamətində xüsusi işlər görür və kifayət qədər sevilir. Söhbət Ordunun ehtiyatda olan polkovnik-leytenantı, Vətən müharibəsi iştirakçısı Elmar Hüseyndən gedir. Polkovnik-leytenant hazırda Suraxanı rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır. Onunla söhbətimizdə maraqlı məqamlara toxunmuşuq...

- Əvvəla yeni vəzifəniz münasibətilə sizi təbrik edirik, qələbəni bizə bəxş edənlərin ailələri və qazilərlə iş prosesi necə gedir?

- Vətən müharibəsindən sonra prezidentin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı əsas prioritetlərdən biri idi. Bununla əlaqədar yerli icra hakimiyyəti orqanlarından şəhid ailələri və müharibə iştirakçılarına açıq qapı olması prinsipi ilə sərəncam imzalandı. Hazırda təyin edildiyim vəzifənin əsas məqsədi də budur. Çalışdığım Suraxanı rayon icra hakimiyyəti orqanında vətəndaşların mütəmadi şəkildə qəbulu keçirilir. Bu günə qədər ev və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində şəhid ailələri və müharibə əlillərinin 71-i qeydiyyata götürülüb. Onlardan 46-sı şəhid ailələri idi, hansı ki, bu gün 30-a yaxın şəhid ailəsi, müharibə əlillərindən isə 10 nəfər ev və ya mənzillə təmin olunublar. Müharibə əlillərindən avtomobillə təmin olunanlar da var. Bunların hamısı öz həllini tapacaq. Ancaq bizim qarşımızda duran əsas vəzifə Qarabağ iqtisadi zonasının bərpası, oradakı hərbçilərimizin yaşayışının təmin edilməsidir. Bu mənada vətəndaşlar məsələnin vacibliyini anlamalı və Cənab Prezidentin ətrafında güclü Azərbaycan naminə səfərbərliyi davam etdirməlidirlər. Bu gün dünya tribunalarında Zəngəzur dəhlizi ifadəsinin işlənməsi elə Qarabağın azad olunmasına bərabərdir. Cənab Prezident Qarabağı azad etməklə böyük bir mexanizmi kürəyi üstdə qoydu. Çünki işğal dövründə Qarabağın azad oluna bilməyəcəyi ilə bağlı dünya ölkələrində belə bir mif var idi.

Əsası Heydər Əliyev və İlham Əliyev tərəfindən qoyulan hərbi məktəblərdə kadrların yetişdirilməsi, hərbi texnikaların bazalarda yığılmasının hər biri bizim bugünkü qələbəni əldə etməyimiz ilə nəticələndi. Tribunalarda “məğlubedilməz Ermənistan ordusu” kimi qələmə verilən həmin ordunun əzilməsi dövlətimizin, Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsidir. Bu gün bizim üzərimizə düşən əsas öhdəlik bir vətəndaş kimi bütün sahələrdə bu qələbəni qorumaqdır. Müəllimindən tutmuş nazirinə kimi hər bir şəxs vətən sevgisi ilə gənclər yetişdirməli və onlara verilən vəzifəni düzgün istiqamətdə aparmalıdırlar. Elə 44 günlük müharibədə səfərbər olan gənclər də Cənab Prezidentin 2003-cü ildən apardığı gənclər siyasətinin yekun nəticəsidir.

- Sosial şəbəkələrdə sizi hərbi paradda boz qurd işarəsi göstərməyinizlə tanıdılar. Erməni mənbələr isə sizi “General paradda boz qurd işarəsi göstərdi” başlığı ilə təqdim etmişdilər...

- Müharibə dövründə Xankəndidə təxribatçı videolar çəkən “WarGonzo” var idi. Həmin şəxs Bakıda paradı çəkirdi. Paradda hərbi qulluqçular keçəndə mən onlara hərbi salam verdim, ardınca dəmir yumruq və boz qurd işarəsini göstərdim. Çəkilişi edənlərin arasında məhz həmin şəxsin olduğunu da görəndə gülümsədim. Təxribatçı düşmənin indi qələbə paradımızı öz gözü ilə görməsi və bunu lentə alması məndə ayrı bir qürur yaratdı.

- Ümumiyyətlə “boz qurd” ifadəsi haradan qaynaqlanır?

- Dədə Qorqud sözünün mənası “dədə qurd” deməkdir. Prezidentin bir ifadəsini də burada qeyd etmək istərdim. O demişdi ki, hətta erməni adı belə bizim sözlərdən götürülüb. “Ərmən” sözünü “erməniyyə” sonra da “Armenia” kimi götürüblər. Ancaq onların əsl adı “hay”dır. Kitablarda bu mənbələrə rast gəlmək mümkündür.

- Bəzən qazilər şikayət edirlər, siz də onlarla işləyirsiniz, qazilərə göstərilən diqqət və qayğı barədə nə deyə bilərsiniz?

- Bütün kişilərin anaları var. Ananın kişini dünyaya gətirərkən çəkdiyi ağrı, qazilərimizin yaralanarkən çəkdiyi ağrıdan heç də az deyil. Bundan əlavə maddi olaraq qazilər üçün təqaüdlər, mənzil və ya avtomobillərlə təmin olunurlar. 3000 şəhid ailəsindən, 2000-ə yaxın ailə evlə təmin olunub. Narazılıqların kökündə xarici təxribatlar var. Mənim iki qardaşım Birinci Qarabağ  müharibəsinin iştirakçısıdır. Onlardan biri müharibə əlilidir. Mən özüm də döyüşlərdə yaralanmışam, ancaq buna qarşılıq gözləməmişəm. Məqsədim odur ki, vətənimiz yaşasın, məndən sonra gələn irsim bu torpağın sahibi olsun. Maddi sərvətə bağlılıq dövlətimizi itirməyə gətirib çıxarır. Hamı medal istəyir, ona qalsa, ən böyük medal elə Ali Baş Komandana düşür.

- Bu tarixi xalqımıza yaşatmağın özü çox böyük bir nailiyyətdir...

- İlham Əliyevə yazdığım şeirdə Xalqın gücü, Xətaidən və Nadir şahdan aldığın güc səninlədir deyilir. Adı­çəkilən şahların hər biri dövlət yaratdı. İlham Əliyev isə vahid dövlət qurdu. Bu gün 50 milyon azərbaycanlı üçün bu qələbə qürur yeridir. Ölkə daxilində bunu hiss etməsək də, xaricdə yaşayanlar işğal dövrünü özlərində bir yük kimi hiss edirdilər. Bu gün onların çoxu minnətdarlıq olaraq öz övladlarına İlham adını verir.

- Şeirləriniz çoxdur?

- Çoxdur, lakin vətəndən yaza bilirəm, sevgidən yazmaq məndə alınmır. Çingiz Abdullayev görüşlərin birində dedi ki, yazıçılar birliyinə üzv olum. İşlərim o qədər çox olur ki, vaxt tapıb sənədləri təqdim edə bilmirəm. Yoxsa, mən də üzv olmağı çox istəyərəm.

- Təhsil həyatınız da maraqlıdır...

- 1995-ci ildə Ali hərbi məktəbə daxil olmuşam, 1998-ci ildə gənclərin ikinci forumunda iştirak etmişəm və eyni ildə ümummilli lider tərəfindən Prezident təqaüdü ilə təltif olunmuşam. Həmin il bir milyon manat mükafatla təltif olundum və o məbləğlə özümə ailə qurdum. Hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdim. Bütün xidmətim dövründə Heydər Əliyevin sözləri qulağımda sırğa olub.

- Deyirlər vətən eşqi də genlərdən gəlir, sizdə də belədir?

- Babam Çanaqqala döyüşlərinin iştirakçısı olub. Bunu ilk dəfə 2010-cu ildə Türkiyədə brifinqdə iştirak edərkən qeyd etmişdim. Orada Çanaqqalada şəhid olanların sayını təqdim etdim. Araşdırıb gördülər ki, həqiqətən də bu rəqəm tam doğrudur. Düşünürəm ki, vətənpərvərlik anlayışı da irsən keçən bir məfhumdur - necə ki, Cənab Prezident öz atasından mərdlik, siyasət və əsl liderə xas olan xüsusiyyətləri sözün yaxşı mənasında mənimsəyib. Məncə, bu yol gözəl yoldur, nə qədər ki, ayaq üstdəyəm cənab Prezidentin tapşırıqlarını yerinə yetirməyə çalışacağam. 2019-cu ildə Kəbədə olanda dualarımda istədim ki, tanrı İlham Əliyevi müzəffər etsin. Düşünürəm ki, bu qələbədə Allah da İlham Əliyevin yanında idi. Çünki o təkcə torpaqları yox, məscidləri də işğaldan, zülmdən azad etdi.

- Nə zamandan Yeni Azərbaycan Partiyasına üzv olmusunuz?

- 2017-ci ildə ehtiyata buraxılandan sonra partiyaya üzv olmuşam. YAP-ın yolu ulu öndərin, bizə müstəqilliyi bəxş edən şəxsin yoludur. Deyirlər, yaxşını bilmək üçün gərək müqayisə edəsən. Həmin dövrlərdə parlamentdə hakimiyyət uğrunda gedən davaları, söyüşləri görmüşəm. Ona görə də yaxşını pisdən ayırmağı bacarıram.

- Müharibədən yaddaşınızda ən çox nələr qalıb?

- İkinci qrup əlil olduğuma görə, səfərbərlik xidməti məni müharibəyə çağırmadı. Özüm müraciət edib döyüşlərə yollandım. Həyatımın böyük bir hissəsi ordu ilə bağlıdır, düşünürdüm ki, ordu mənə hər şey verib, bəs mən orduya nə vermişəm? Döyüşə yollananda övladlarıma vəsiyyətimi də etdim. O zaman həyat yoldaşım heç nə demədi. Ancaq qayıdanda soruşdu ki, heç düşünmədin nəsə olsa, üç uşaqla nə edəcəyəm. Zarafata salıb dedim ki, şəhid olandan sonra aldığım təqaüdün hamısı sizin olacaqdı (gülür). Müharibədən sonra düşünürdüm ki, niyə şəhid olmadım, bəlkə mən layiq deyildim. Sonra şəhid ailələri ilə işlədikcə düşündüm ki, mənim missiyam hələ davam edir.

Xidmət etdiyim hərbi hissə mən olan dövrdə şəhid vermədi. Erməni postlarına girərək silahlarını qənimət kimi götürdük. Ermənilərdən qənimət kimi götürdüyümüz xəritə ilə onların öz postunu vurmuşuq. Ən yaxın məsafələrdə onları məhv etmişik. Döyüşlərdə klassik artilleriya üslubundan yeni üsluba keçmişəm. Erməninin öz düşüncəsini özünə qarşı qoymağı bacarırdım. Çünki Milli Qəhrəman İlqar Mirzəyev kimi yaxşı müəllimlərim olub. 

- Qələbə irsimizin tanıdılması üçün nə etməliyik?

- Təklif etmişəm ki, bunların hər biri ayrı-ayrılıqda siniflər üzrə tarixə salınsın. Uşaqlar lap aşağı siniflərdən bunları öyrənsinlər. İndi də istəyərəm ki, universitetlərdə dərs keçim. ADA ilə əməkdaşlığımız var, orada həftədə bir dəfə uşaqlara dərs keçirəm, yaxşı olardı ki, bunun üçün bütün universitetlər maraqlı olsun.

- Bizə unutqan xalq deyirlər, siz necə düşünürsünüz?

- Bizim millət tez birləşir, ancaq tez soyuyur. Bu bizim mənfi tərəfimizdir. Soyumaq olmaz, heç nəyi yaddan çıxara bilmərik.

- Niyə Şuşaya getməmisiniz?

- O dağa, daşa ayaq basmağa ürəyim gəlmir. Şuşanı dağılmış görsəm, bəlkə də mənim ürəyim tab gətirməz. Cəbrayılda Füzulidə dağılmış evləri görmüşəm ürəyim ağrıyıb. Dostlarım Şuşaya gedəndə mənə torpaq gətirmişdi, o torpağı otağımın baş ucunda saxlayıram.  Mən çox həssas insanam.

- Hərbçi və həssas olmaq?

- Bəli, o ağrıları ürəyimdə hiss edirəm. Şəhid analarının ağrılarını belə içimdə hiss edirəm.

- Döyüşlərdə yaralanmısınız?

- Döyüşdə yaralandım, ancaq geri qayıtmamaq üçün qeydə almadım, bunu deməkdən utandım.

- Niyə?

- İnsanları qələbəyə səsləndirib, sonra da gedib xəstəxanada yata bilməzdim.

- Oğlunuzun hərbçi olmağını istəyirsiniz. Onu necə hazırlayırsınız?

- Siyasi görüşləri izləyir, təhlil edir. Hərb sahəsi ilə bağlı hər şeyi ona öyrədirəm. Mənə elə gəlir, hərbçinin oğlu daha yaxşı hərbçi olar. Hətta bəzən yol gedəndə deyir ki, sən mənim şəkillərimi avtobuslarda görəcəksən, çünki şəhid olacağam.

- Onun şəhid olmağına indidən hazırsınız?

- Bəli, bəzən deyirlər ki, necə olur ki, tədbirlərdə ağlayırsan. Deyirəm, onların yerinə öz övladımı qoyuram (kövrəlir). Çünki mənim də övladım gələcəkdə bu vətəni qoruyacaq və ola bilsin ki, canını verəcək.

- İlk dəfə hərbçinin belə kövrək olduğunu görürəm...

- Şah İsmayıl Xətai həm yazıb, həm də döyüşüb. Məncə, zabit alim kimi olmalıdır, öləndə belə öz itkisi ilə insanları yetişdirməlidir. Necə ki Polad Həşimovun itkisi insanları yetişdirdi. Ölüm ölümsüzlük olmalıdır. Hesab edirəm ki, sıradan insanlar zabit ola bilməz. Onun ruhu vətənlə yoğrulmalıdır. Zabit əsirlikdə olmağı da, şəhidliyi də düşünməlidir.

 

 

Paylaş
Baxılıb: 251 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31