Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ukraynanın Bərpası Konfrasında...

Ukraynanın Bərpası Konfrasında...

13.06.2024 [10:00]

Bərpa prosesi ilə yanaşı, Kiyevə hərbi dəstəyin artırılması da gündəmə gəlib

Müharibənin davam etməsi Ukraynaya böyük ziyan vurub. İnsan itkisi ilə yanaşı, bu ölkədə dağıntılar da kifayət qədər çoxdur. Bu da iqtisadiyyatın və əhalinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olub. İyunun 11-də Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında  da bu ölkəyə dəstək məsələsi müzakirə olunub. Konfransda dünyanın bir çox ölkələrinin rəsmi şəxsləri iştirak ediblər. Azərbaycanı konfransda xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Zelenski: 7 “Patriot” sisteminə ehtiyacımız var

Mövzu bərpa məsələsinə həsr olunsa da, Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən tədbirdə hərbi yardımın artırılmasını da istəyib. Onun sözlərinə görə, Ukraynanın böyük şəhərlərini Rusiyanın hava zərbələrindən qorumaq üçün 7 “Patriot” sisteminə ehtiyac var: “Almaniya hava hücumundan müdafiə sahəsində bizə kömək edən qlobal liderdir. “Patriot”lar, IRIS-T-lər və digər sistemlər üçün təşəkkür edirik. Böyük şəhərlərimizi qorumaq, Ukraynada normal həyatı təmin etmək üçün bizə ən azı 7 “Patriot” sistemi lazımdır”. Zelenski qeyd edib ki, Ukrayna Almaniya, Niderland, ABŞ və digər tərəfdaşlarla birgə ölkəni hava hücumundan müdafiə ilə təmin etməyə çalışır: “Bu, sülhün yaxınlaşdığına inamı bərpa edəcək”.

Şolts: Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemi verəcək

Almaniya kansleri Olaf Şolts isə  çıxışında bildirib ki, Almaniya yaxın aylarda kritik infrastrukturun qorunması üçün Ukraynaya hava hücumundan müdafiə sistemi, raket və döyüş sursatı verəcək. O deyib: “Biz Ukraynaya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi, “IRIS-T”, “Gepard” qurğuları, raketlər və döyüş sursatları tədarük edəcəyik. Bunların hamısı yaxın aylarda və həftələrdə Ukraynaya göndəriləcək”. Şolts qeyd edib ki, Almaniya Kiyevin şəhərlərinin və kritik infrastrukturun Rusiya hücumlarından müdafiəsini gücləndirmək üçün daha çox hava hücumundan müdafiə sistemləri, raketlər və döyüş sursatları göndərir.

Kansler konfransdakı  açılış nitqində bərpa tədbirlərində özəl kapitalın əhəmiyyətini qeyd edərək, bunun da iqtisadi cəhətdən əsaslandırılmalı olduğunu vurğulayıb: “Erkən mərhələdə iştirak edənlər, indi Ukrayna ilə iqtisadi əlaqələrini inkişaf etdirənlər və genişləndirənlər üstünlük əldə edəcəklər”. 

Brüssel Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamalıdır

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə çıxışında deyib ki, rəsmi Kiyev Avropa Komissiyasının Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi üçün müəyyən etdiyi bütün islahatları və dəyişiklikləri həyata keçirib. Buna görə Brüssel bu il iyun ayının sonuna qədər Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Kiyevlə danışıqlara başlamalıdır. O qeyd edib ki, Ukrayna Rusiyanın işğal siyasəti şəraitində qanunun aliliyinin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla zəruri islahatlar və demokratik dəyişikliklər həyata keçirir. Bu çərçivədə Avropa Komissiyasının Prezidenti Ukraynanın nailiyyətlərini təsirli adlandırıb, davamlı və etibarlı tərəfdaş olaraq qaldığı üçün Kiyevə təşəkkür edib.

Ukraynanın növbəti 10 il ərzində illik 10-30 milyard dollar investisiyaya ehtiyacı var

Ukraynanın Baş naziri Denis Şmıqal isə bildirib ki, Ukraynanın növbəti 10 il ərzində illik 10-30 milyard dollar investisiyaya ehtiyacı var: “Platformanın fəaliyyəti ilə bağlı vəzifələrin və prioritetlərin aydın şəkildə təsvir edilməsi vacibdir. İlk növbədə, bu, Ukraynanın maliyyə sabitliyidir. Bizim üçün tərəfdaşların dəstəyinin proqnozlaşdırıla bilən, ritmik və sabit olması vacibdir. Bərpa, xarici bazarlara çıxış və təkmilləşdirilmiş logistika üçün tərəfdaşlarımızın investisiyalarına ehtiyacımız var və yaxın 10 ildə Ukraynaya illik 10-30 milyard dollar sərmayə lazımdır”. 

Konfransda çıxış edən  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, reabilitasiya proqramları və yenidənqurma işləri barədə ətraflı məlumat verib, ölkəmizin bundan sonra da öz müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulayıb. Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.

Ceyhun Bayramov: Azərbaycan Ukraynaya 40 milyon dollar dəyərində humanitar yardım göstərib

Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bugünədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb. Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, bugünədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib. Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdırılıb. Eləcə də, işğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyi, Ukraynaya minatəmizləmə sahəsində yardım edildiyi bildirilib.

Qeyd edək ki, konfrans çərçivəsində Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib. Ceyhun Bayramov ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.

Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.

Azərbaycanın XİN başçısı almaniyalı və bolqarıstanlı həmkarları ilə görüşüb

Azərbaycanın XİN başçısı Almaniyaya işgüzar səfəri zamanı bu ölkənin xarici işlər naziri Annalena Berbokla da görüşüb. Görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanların mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.

Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb.

Səfər çərçivəsində Ceyhun Bayramov Bolqarıstan Baş naziri və xarici işlər naziri Dimitar Qlavçevlə də görüşüb. Görüş zamanı tərəflər strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə əhəmiyyət verdiklərini, tərəfdaşlığın müxtəlif istiqamətlər, xüsusilə də energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, infrastruktur, innovasiyalar və qarşılıqlı investisiyalar sahələrində daha da gücləndirilməsi üçün səyləri artıracaqlarını vurğulayıblar.

Cənub Qaz Dəhlizindən Azərbaycan təbii qazının Bolqarıstan-Yunanıstan İnterkonnektoru vasitəsilə Bolqarıstana ötürülməsinin, “yaşıl” enerji daxil olmaqla energetika sahəsində artan əməkdaşlığın, “Həmrəylik Halqası” çərçivəsində birgə səylərin münasibətlərə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə tərəflər iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsinin yeni perspektivli əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən parlamentlərarası əlaqələr sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildiriblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Sentyabr ayından...

12 İyul 11:00

Sosial

Ədəbiyyat

Dünya

Xəbər lenti

MEDİA

Xarici siyasət

Siyasət

Sülh gündəliyi

12 İyul 10:20

Siyasət

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31