Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Natiqin “eşidilən” baxışları...

Natiqin “eşidilən” baxışları...

27.06.2024 [21:53]

Yazı sənəti ilə məşğul olanlar yaxşı bilir: ilk cümləni tapmaq böyük bir məqaləni yazmaqdan daha çətindir. Saatlardır onun haqqında yazacağım yazının da ilk cümləsini düşünürəm. Elə indicə qəfildən ondan bəhs edən “Oğul” filmindəki italyan fotoqrafın bir fikri düşdü yadıma: “Müharibənin insan simasıdır Natiq”...

Natiq Qasımovdan danışıram... Düz 32 ildir 21 yaşında qalan, düz 32 ildir 21 yaşından sonrakı aqibətindən doğru-dürüst məlumat ala bilmədiyimiz Natiqdən. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdan...

Natiq Qasımov Birinci Qarabağ müharibəsində məğlub olaraq torpaqlarının iyirmi faizini itirmiş, on mindən çox şəhid vermiş, bir milyondan çox məcburi köçkünü olan Azərbaycanın qəhrəman siması, insan üzüdür. 

Onun gəncliyi ölkəmizin ən ağır, ən məşəqqətli zamanlarına düşdü. İki illik hərbi xidmətdən qayıdan Natiq Vətənə dönər-dönməz onu od-alov içində, qan-qada qoynunda gördü. Qəlbi torpaq eşqiylə döyünən oğlan dözərdimi bu müsibətə? Dözmədi... Natiq də dözmədi... Birbaşa cəbhəyə yollandı. 

Onun qəhrəmanlıq hekayəsi də elə bundan sonra başladı:

O, Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Onlara nəyin bahasına olursa-olsun son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədini qorumaq tapşırılmışdı. Orada ermənilərin mühasirəsinə düşən Natiq yoldaşlarını da itirdikdən sonra təkbaşına mübarizəni davam etdirir. O, təmtəkcə 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən italyan fotoqraf tərəfindən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.

Nə yazıq ki, mənfur düşmən başqa bir neçə belə əsir kimi, Natiq Qasımovun da əsir və ya girov götürülməsini illərlə danıb, onun sonrakı aqibəti haqqında məlumat verməkdən boyun qaçırıb. 

Əfsanə deyil, nağı deyil, rəvayət deyil. Ən yaxın keçmişimizin, ən yeni tariximizin qəhrəmanlıq, ucalıq rəmzidir Natiq. Bu gənc oğlan təkcə Vətənə sevgisi, bayrağa məhəbbəti ilə deyil, həm də insanpərvərliyi ilə böyükdür, ölümsüzdür. Çünki Natiq beş gün qorxmadan-çəkinmədən qarşı çıxdığı düşmənə sonsuz dəyanətlə qoruduğu postunu özünün yorğunluqdan, aclıqdan susuzluqdan təpərsiz qalmış canı üçün yox, yağı əlində əsir olan həmvətənləri- günahsız körpələri, qadın və uşaqları üçün təhvil verdi. Onun son dayanacağı olan məbəd komandirinin tapşırığı idi və Natiq komandirinin tapşırığına əməl edə bilməməkdənsə, ölməyi üstün tuturdu. Ancaq son anda öz canından artıq bildiyi tapşırığı başqa həmvətənlərinin canı üçün fəda etməli oldu. Bu, mübariz qəlbin həm də humanistliyi, kövrəkliyi idi... 

Şübhəsiz, Birinci Qarabağ müharibəsində yenilməyinə baxmayaraq, ölkəmizin tarixinin məhz həmin müharibə səhifəsində neçə-neçə belə igidlərin, qəhrəmanların adı var. Natiqi fotoqraf əbədiləşdirdisə, onları vətən torpağı əbədi yaşadır. 

Düz 30 ildir Natiq son fotosundakı gözlərlə baxır gözlərimizin içinə: məğrur, yenilməz, ədalət sorağı ilə. Düz 30 ildir min bir sual yağan o gözlərə baxa bilmirik. O baxışların altında əzilirdik. 

Ta ki, 2020-ci ilə qədər... Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti, xalqımızın birliyi ilə Vətən müharibəsində qazandığımız böyük Zəfər Natiq və onun kimi qəhrəmanlarımız qarşısında yerdən qalxan başımız, kölgəsi çəkilən gözlərimiz oldu. Onların canını qurban verdikləri torpaqlarda onların qanına bulanmış mundar ayaqlar gəzmir artıq. Amma bu, hələ son deyildi. Biz onlara suverenliyimizi borclu idik. 2023-cü il o borcun qaytarıldığı il oldu. 

Biz torpaqlarımızı qaytardıq, amma düşmənlə üz-üzə sorğu masasında başıdik oturan Natiqin son fotosundakı baxışlar yenə də danışırdı, ədalət sorağında idi. Bu ədalət təkcə özünün nakam, nabələd taleyinə yox, bütövlükdə Birinci Qarabağ müharibəsinə idi. O baxışlar “biz məğlub deyilik, biz torpağımızı sahibsiz buraxmadıq” deyirdi. O baxışlar “biz vətənimizi darda qoymadıq” deyə hayqırırdı. 

Nəhayət, o baxışların da “səsi duyuldu”. Özü də Vətənin qalib sərkərdəsi, Qarabağın xilaskarı tərəfindən... Cənab Prezident İlham Əliyev bu günlərdə Natiq Qasımova “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adını verdi. Natiqin hekayəsində bu ad təkcə müharibədə qəhrəmanlıq göstərmiş birinə verilən titul deyil, ümumilikdə Birinci Qarabağ müharibəsində də Azərbaycanın qələbəsidir. Ali Baş Komandan yalnız Qarabağı azad etməklə qalmadı, bu addımları ilə Birinci Qarabağ müharibəsinin faktiki məğlub tərəfi olmuş, ya da ən doğru ifadə ilə, xarici qüvvələr tərəfindən məğlub etdirilmiş Azərbaycana, o müharibənin iştirakçılarına, şəhid, qazi və itkinlərinə, məcburi köçkünlərinə haqqı-ədaləti bəxş etmiş oldu. O göstərdi ki, Vətən müharibəsində bir yumruq kimi birləşən və heç nədən qorxmadan döyüşə atılaraq qələbə qazanan Azərbaycan xalqı 30 il öncə də eyni şücaətə, eyni dəyanətə malik idi. Əgər o müharibədə böyük Ermənistan xülyası ilə yaşayan və Bakıya qədər gəlməyi planlaşdıran düşmən buna nail ola bilməmiş, 20 faiz torpaqlarla kifayətlənməli olmuşdusa, yenə də Natiq Qasımov və onun kimi qəhrəman övladlarımız sayəsindədir. İllərdir xalqının qəhrəmanı olan Natiq Qasımova “Milli Qəhrəman” adının verilməsi 2023-cü ilin sentyabrında suverenliyini bərpa etmiş Azərbaycanın Qarabağ məsələsində şəksiz qələbəsinin təntənəsi oldu!

İndiyə qədər Natiqin aqibəti tam təsdiqlənməsə də bu qərarda qeyd olunur ki, ona “Milli Qəhrəman” adı “ölümündən sonra” verilib. Ölüm? Bu, sadəcə, rəsmi sənədlərin üsula uyğun qeydləridir, şübhəsiz. Qəhrəmanlar ölərmi ki?! 

21 yaşlı Natiqdən cəmi 1 yaş böyük 22 yaşlı başqa bir Milli Qəhrəman haqqında da eyni sözlər yazılmışdı zamanında: “ölümündən sonra”. Bu, atəşkəs zamanı düşmən tərəfinə keçərək sələfi Natiq kimi düşmənin bağrına od basan, onda “bir qoşun hücuma keçib” xofunu yaradan və son anına kimi döyüşərək onlarla düşmən əsgərini cəhənnəmə varid edən Mübariz İbrahimovdur. O da ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüşdü. Amma tarix sübut etdi ki, Natiq kimi, Mübariz kimi qəhrəmanlar ölmürlər. Onlar həm xalqının, həm də dövlətinin əbədiyaşar qəhrəmanlarıdır! 

Ucalığınız mübarək, Milli Qəhrəmanlar!!!

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31