Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Növbəti görüşlər 3 ölkədə keçiriləcək

Növbəti görüşlər 3 ölkədə keçiriləcək

06.07.2024 [10:00]

Azərbaycan-Türkiyə-Pakistan birliyi güclənir 

Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” kəlamında dəqiq ifadə olunub. Prezident İlham Əliyev isə iki dövlət arasındakı qardaşlığı belə ifadə edib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.

Azərbaycan və Türkiyə xoş günlərin sevincini bölüşdükləri kimi, çətin günlərdə də daim bir yerdə olublar. Bunu aşağıdakı iki nümunənin timsalında təsdiqləyə bilərik. Qardaş ölkə artıq tarixdə qalan “Dağlıq Qarabağ münaqişəsi”nin davam etdiyi 30 il ərzində Azərbaycana dəstək olub. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha əyani şəkildə gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmilər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. 

Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Ötən ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə oldu. Hazırda isə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış evlərin yerində Azərbaycan yeni evlər tikir. 

Azərbaycan və Pakistan arasında da münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.

Azərbaycan, Türkiyə və Pakistan sıx ikitərəfli münasibətlər qurduqları kimi, üçtərəfli platformada da əməkdaşlığı genişləndirirlər. Bu baxımdan dost ölkələrin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Hər üç ölkə beynəlxalq tədbirlərdə koordinasiyalı fəaliyyət ortaya qoyaraq bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər. Ötən il iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, 15-də isə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin növbəti təzahürü oldu. Eyni zamanda, hər üç ölkə Orta Dəhlizin inkişafında maraqlıdır. Hərbi sahədə əməkdaşlıq da Azərbaycan, Türkiyə və Pakistan münasibətlərində xüsusi yer tutur. Son vaxtlar hər üç ölkənin müvafiq qurumlarının yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə görüşərək aktual müzakirələr aparıblar. Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirmələri də hərbi əməkdaşlığın əyani nümunəsidir və üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi də buna əyani sübutdur. 

İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşü isə bir daha qarşılıqlı əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Görüşdə  üç ölkənin liderinin  üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Eləcə də Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olunub və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astanada keçirilən görüşünə dair Bəyanat yayıb. Bəyanatda deyilir ki, Üçtərəfli Zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub. Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin, həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib. Bəyanatda qeyd edilir ki, Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub: “Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib. Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31