Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentinin Kiprdən olan deputatı işğalçıların dəstəkçisi rolunda

Avropa Parlamentinin Kiprdən olan deputatı işğalçıların dəstəkçisi rolunda

04.10.2018 [08:35]

AP-nin mandatından sui-istifadə edən Eleni Teoxarus işğalçı Ermənistanın və qondarma separatçı rejimin təbliğatçısına çevrilib
Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan təcavüzkarlıq siyasətini davam etdirməklə beynəlxalq hüquq normalarını kobudcasına pozur. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində qeyri-qanuni fəaliyyət göstərən separatçı bir rejim yaradaraq beynəlxalq qanunları, sərhədlərin toxunulmazlığı ilə bağlı konvensiyaları pozan Ermənistan bununla həm də Cənubi Qafqaz regionunda sülhə başlıca təhdid olduğunu açıq şəkildə göstərir. Eləcə də işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra xarici şəxslərin “səfərlər”ini təşkil etməklə Dağlıq Qarabağda yaradılan qondarma terrorçu rejimi “təbliğ” etməyə çalışan rəsmi İrəvan beynəlxalq razılaşmaları da heçə saydığını nümayiş etdirir. Amma ölkəmiz hər zaman bu tip qeyri-qanuni addımların lazımi cavabını verir, bununla bağlı müvafiq addımlar atır. O cümlədən, Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur, həmçinin həmin şəxslərin ölkəmizə gəlişinə qadağa qoyulur. Bu cür hallardan biri 2017-ci ilin fevralında yaşanmışdı və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına qanunsuz səfərlər edən blogger Aleksandr Lapşin ölkəmizə ekstradisiya edilərək həbs olunmuşdu. Daha doğrusu, A.Lapşinin hərəkətlərində dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan ölkəmizin Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi. 2016-cı ilin dekabrında Belarusda saxlanan A.Lapşin 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya olunmuşdu. Bu, bir daha Azərbaycanın ərazilərinə qanunsuz edilən səfərlərin məsuliyyətindən qaçmağın mümkünsüzlüyünü ortaya qoyur.
Bir məsələni də vurğulamaq gərəkdir ki, işğalçı Ermənistan Dağlıq Qarabağda yaratdığı qondarma rejimə “hüquqi don” geyindirmək üçün zaman-zaman bu cür təxribatçı “səfərlər” təşkil edir. Bu mənada Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun işğal altındakı torpaqlarımıza səfərləri də həmin təxribatçı səfərlərdən sayılmalıdır.
Radikal millətçi baxışları ilə seçilən Eleni Teoxarus etnik təmizləmənin tərəfdarı kimi çıxış edir
Xatırladaq ki, Eleni Teoxarus ölkə ictimaiyyətinə Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri ilə tanışdır. Bunun nəticəsində o, ölkəmizə “girişi arzu olunmayan şəxslər siyahısı”na daxil edilib və haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Bir daha qeyd olunmalıdır ki, Avropa Parlamentinin (AP) Kipr Respublikasından üzvü olan Eleni Teoxarus hər zaman etnik təmizləmə və separatizmi dəstəkləyən şəxs kimi tanınıb. Siyasi karyerasına 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv olaraq seçilməklə başlayan E.Teoxarus 2009-cu ildən etibarən AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü kimi fəaliyyətə başlayıb. Kiprdə 2016-cı ildə qanunvericilik orqanına seçkilərdən öncə siyasi baxışlarında olan ayrı-seçkilik səbəbi ilə sağ təmayüllü mühafizəkar Demokratik Yürüş (Disy) Partiyasını tərk edən və özünün millətçi Həmrəylik Hərəkatı Partiyasını quran Teoxarusun “Disy”ni tərk etməsinin əsas səbəbi partiyanın Kipr adası məsələsinin iki zonalı həlli yoluna olan baxışına qarşı çıxması olub. Təsadüfi deyil ki, radikal millətçi baxışları ilə seçilən və “Kipr Respublikasını xilas edək” şüarı altında fəaliyyət göstərən bu deputat öz fəaliyyətinin əsas hədəfini məhz anti-Türkiyə istiqamətli olaraq müəyyən edib. AP üzvlüyü dövründə parlamentin üzvlərinin Avropa Komissiyasına onları maraqlandıran bu və digər məsələlər ilə bağlı yazılı suallarla müraciət etmək prosedurundan faydalanaraq 2014-cü ildən etibarən bu deputat tərəfindən Komissiyaya ünvanlanan 45 sualın əksəriyyəti Türkiyə əleyhinə yönəlib.
Eleni Teoxarus Azərbaycanın işğal altında olan ərazilərinə növbəti dəfə qeyri-qanuni səfər edib
Qeyd edək ki, separatizmi və etnik təmizləməni özünün ideologiyası kimi təyin edən E. Teoxarus hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilib. Bu “həkim-deputat” ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalı”na layiq görülüb. Maraqlıdır ki, peşəkar cərrah, Hippokrat andı içmiş həkim E.Teoxarus erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zaman yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki azərbaycanlının qətliamına göz yumaraq, nədənsə “humanitar” xidmətlərini Dağlıq Qarabağın erməni icmasına təklif etməklə kifayətlənib. O dövrdən ermənipərəst mövqeyi və fəaliyyəti ilə tanınan E.Teoxarus Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında hazırda Azərbaycan torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təbliğatı ilə məşğuldur. Onun sosial şəbəkələrdə yayılan və AP deputatı kimi erməni jurnalistinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər isə bu “deputat”ın separatçılığı açıq şəkildə təbliğ etdiyini söyləməyə bir daha əsas verir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, bu şəxs Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə çoxsaylı qanunsuz səfərlər edib. Bunun sonuncusu isə 2018-ci ilin 27 sentyabrına təsadüf edir. Deputatı səfər boyu müşayiət edən və ona Dağlıq Qarabağda əsl “gəzinti turu” təşkil edən Kaspar Karapetyandır. K.Karapetyan isə Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən şəxsdir.
E.Teoxarusun Dağlıq Qarabağa qanunsuz səfərlərində Avropa Parlamentinin adından sui-istifadə etməsi araşdırılmalıdır
Diqqət cəlb edən daha bir maraqlı məqam isə ondan ibarətdir ki, AP üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair açıqlama (declaration - bəyanat) vermək məcburiyyətində olan E.Teoxarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da iştirakla bağlı səfərinə dair bəyanat yerləşdirib. Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan (hər halda, erməni KİV-i bunu belə təqdim edir) E.Teoxarusun bu fəaliyyəti AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılmalıdır. Eləcə də onun xaricdən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməsi məsələsinin ətraflı yoxlanılmasında da fayda var. Nəticədə, söhbət Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamentinin tam hüquqlu üzvündən gedir...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30