Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dövləti vətəndaşların problemlərinin həllini öz üzərinə götürüb

Azərbaycan dövləti vətəndaşların problemlərinin həllini öz üzərinə götürüb

04.04.2019 [09:46]

“Süni qiymət artımının qarşısının alınması üçün bazarlara ciddi şəkildə nəzarət etmək lazımdır. Bilirsiniz ki, qiyməti qaldıran dövlət yox, ayrı-ayrı ticarət müəssisələridir. Bunlar da xüsusi mülkiyyətdir. Onlar sosial sferada artımları eşidən kimi daha çox qazanc əldə etməyə çalışırlar. Pensiyaçının pensiyası artıbsa, şəkərin, soğanın qiymətinə hansısa əlavələr etmək ancaq möhtəkirlərin, süni şəkildə qiymət bahalaşdıranların fəaliyyətidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibəsində bildirib.
Millət vəkili xatırladıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi strukturu yaradılıb. O hesab edir ki, həmin quruma bu məsələlərlə bağlı əlavə səlahiyyətlər verilməlidir. Həmçinin inhisarçılığa qarşı mübarizə aparan digər strukturlar da bu prosesə qoşulmalıdır: “Rayon və kənd yerlərində yaşayan insanlar bilirlər ki, mart ayı bir fəslin bitməsi, digər fəslin başlamasıdır. Bu zaman köhnə məhsul başa çatmaq üzrədir, yenisi isə hələ yoxdur. Yəni yeni məhsul çıxana kimi proses, ola bilsin ki, belə olsun. Təbii ki, burada süni şəkildə vəziyyətdən istifadə etmək istəyənlər də var. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı proqnozlaşdırma olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə hansı məhsullara tələbatın nə qədər olmasını müəyyənləşdirməlidir”.
Azərbaycan dövlətinin vətəndaşların problemlərinin həllini öz üzərinə götürdüyünü vurğulayan S.Novruzov deyib ki, bu prosesdə vətəndaşlar, o cümlədən cəmiyyətimiz də fəallıq göstərməlidir. Sığorta sisteminin inkişafının vacibliyini bildirən millət vəkili qeyd edib ki, deputat seçildiyi Naxçıvan Muxtar Respublikasında bütün dəyəri olan əmlaklar sığortalanıb. Bu proses davam edir. “Orada da bəzən deyinmələr olur ki, niyə sığorta haqqı ödəməliyəm?! Sonradan effektini görəndə bunu başa düşürlər. Cənab Prezident də çıxışında dedi ki, sığorta sistemində yeniliklər olmalıdır. Vətəndaşlarımız da çalışmalıdırlar ki, bu sahədə köməklik etsinlər. Hər biri öz evini, nəqliyyat vasitəsini sığortalatdırsın. “Diqlas” ticarət mərkəzində malları yanan sahibkarların və icarədarların çıxışlarına qulaq asıram. Biri deyir ki, malının sayını bilmir. Necə sayını bilmirsən? Bir qələmin itsə, göydə bilirsən ki, o itib. Bu cür yanaşma düzgün deyil. Böyük bir restoranın sahibi oradakı pomidor-xiyarın sayını əzbər bilir. Sən bilmirsən ki, satdığın mal nə qədərdir? Axı gündəlik hesabat aparırsan. Araşdırmaq üçün yarım saat vaxt lazımdır ki, səmimi şəkildə orada olan əmlakları ilə bağlı komissiyaya məlumat versinlər. Biri deyir ki, 2 milyon malım var. Sual olunur, bu qədər mal haradan gəlib? Bunun gömrüyü, vergisi var. Dövlət bu qədər addım atıb yükü öz üzərinə götürüb. Vətəndaş, sahibkar da gərək buna qarşılıqlı cavab versin”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan nağdsız ödəniş sisteminə keçib. Ona görə mütləq ticarət müəssisəsi kassa aparatından istifadə etməlidir. “Görürük ki, kassa aparatından istifadə olunmur. Burada vətəndaşın da məsuliyyətini düşünməliyik. O bilməlidir ki, verdiyi puldan vergi veriləcək, o da sonradan vətəndaşa qayıdır. Ona görə də biz buna göz yummamalıyıq. Bəzən görürsən ki, çekdə aldığı qiymətdən başqa qiymət yazılır. Qanunsuz halları görəndə sosial şəbəkələrdə yaza bilərlər, qurumların qaynar xəttinə də müraciət edə bilərlər. Gərək birinci addımı özümüz ataq”, - deyə komitə sədri bildirib.
31 mart soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində görülən işlərlə bağlı suala cavabında S.Novruzov bu sahədə çəkiləcək filmlərin prosesə müsbət təsir göstərəcəyini söyləyib. Millət vəkili deyib ki, bu filmlər yüksək texnologiya əsasında çəkilməlidir.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyətini qeyd edən S.Novruzovun sözlərinə görə, Ulu Öndərimiz Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət xadimləri ilə mütəmadi olaraq görüşüblər. Onların həm şəxsi, həm də mədəniyyət sahəsində olan məsələləri həll edilir: “Bir çox ölkələrdə yaradıcı təşkilatlar, ümumiyyətlə, özəl təşkilatlardır. Azərbaycanda isə bu təşkilatlar dövlət büdcəsindən maliyyələşir. Dövlət buna da diqqət və qayğı göstərir. Bu, lazımdır. Yeni nəslin də inkişafına yol açır. Gənc yazıçılara əlavə təqaüd verilir. Rəssamlara, bəstəkarlara və başqalarına da dəstək göstərilir. Özəl sektor da buna diqqət göstərməlidir. Onu da qeyd edə bilərəm ki, son illər ərzində çəkilmiş “Əbədi ezamiyyət” və “Son iclas”, “Dolu” filmləri tariximizdəki faktları dünyaya təqdim etmək üçün yaxşı filmlərdir”.
Ötən il Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə keçirildiyini xatırladan millət vəkili deyib ki, YAP-ın namizədinin təbliğatında iştirak edən şəxslər seçicilərlə 1000-dən artıq görüş keçiriblər: “Bu görüşlərdə toplanan bütün məlumatlar, təkliflər, şikayətlər cəmləşdirilərək cənab Prezidentə təqdim olundu. Dövlət büdcəsi də təsdiq olunanda bu layihələrin əksəriyyəti onun tərkibinə daxil edildi. Yanvar ayından bu tərəfə isə dövlət büdcəsinin icrası başlanıldı. Artıq radikal müxalifət gördü ki, nədən yapışmaq istəyirlərsə, həll olunub. Bu yaxınlarda aprelin 6-da mitinq keçirmək istəyirdilər. Bundan qabaq Əli Kərimli çıxış edərək “Diqlas”da zərər çəkən sahibkarları mitinqə dəvət etdi. Bu, insanların problemlərindən sui-istifadə etmək cəhdidir. Bunlar iddia edirlər ki, guya 19 yanvarda keçirilən mitinqdə etdikləri çıxışlara görə hökumət sosial layihələrlə bağlı qərar verdi. Əslində isə, buna hazırlıq 1 il qabaqdan gedirdi. Mitinqlə heç nəyi həll etmək mümkün deyil. Bunlar 1989 və 1990-cı illərin düşüncəsində qalıblar. O cümlədən Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Ölkədə bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. Elə adamlar var ki, bu gün Avropadadırlar. Onların bizdə ərizələri var. Biz indi o ərizələri açıb göstərmirik, çünki düzgün çıxmaz. Əfv müraciətlərində yazıb ki, əgər əfv olunsa, ölənə qədər Prezidentə sədaqətlə xidmət edəcək.
Qohumları, valideynləri cənab Prezidentə onlarla müraciət ediblər ki, məhkumun səhhəti ağırlaşıb, onu əfv etsin. Yaxud tabeliyində uşaq var. Əfv Komissiyasına 1000-dən artıq müraciət daxil olmuşdu. Komissiyada bunların hər birinə baxılır. Çünki rəsmi şəkildə müraciət daxil olmadığı halda ona baxıla bilməz. Bundan əlavə, qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən şəxslərdən də cənab Prezidentə xahişlər daxil olub. Cənab Prezident də bütün bunları nəzərə alaraq konstitusion hüququndan istifadə edərək bunları əfv edib. İndi çıxıb kimsə nəsə danışırsa, bu, artıq cəmiyyəti aldatmaqdır”.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30