Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan xalqı faşizmə qarşı partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib

Azərbaycan xalqı faşizmə qarşı partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib

08.05.2022 [11:26]

Ötən əsrin ən böyük müharibəsi sayılan II Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. Mayın 9-da faşizm üzərində qələbənin 77-ci ildönümüdür. II Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadət və cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı.

Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.

Azərbpaycanlılar partiyazan və müqavimət hərəkatı çərçivəsində Qərbi Avropada da böyük şöhrət qazanıblar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.

Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da – Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.

Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.

Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyulun 23-də Sərəncam imzalayıb.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 132 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

25 May 10:30

MEDİA

Siyasət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31