Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Müdafiə Nazirliyi Putinin nəzarətindən çıxıb?

Rusiya Müdafiə Nazirliyi Putinin nəzarətindən çıxıb?

07.12.2022 [10:15]

Mübariz ABDULLAYEV

Şimal qonşumuz Rusiya prezident üsul-idarəsinin tətbiq olunduğu dövlətdir. Bu ölkədə digər mərkəzi icra orqanları kimi, Müdafiə Nazirliyi də dövlət başçısının tabeliyindədir. Lakin son vaxtlar Rusiya Müdafiə Nazirliyinin davranışlarından o nəticələr hasil olur ki, Müdafiə Nazirliyinin rəhbərliyi sabotajla məşğuldur və məqsədli şəkildə dövlət başçısının iradəsinə zidd yanaşmalar sərgiləyir.

Zəlzələdən və ya vəlvələdən olsun, fərq etməz, hər iki halda Müdafiə Nazirliyinin davranışları Rusiyanın və bu ölkənin dövlət başçısının nüfuzuna kölgə salır.

Söhbət Müdafiə Nazirliyinin Azərbaycanın Rusiyanın sülhməramlı kontingentinin müvvəqqəti nəzarət etdiyi ərazilərindəki toponimləri təhrif etm?sindən gedir. Əvvəllər Dağlıq Qarabağ kimi tanınan həmin ərazilər Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, beynəlxalq sənədlərdə də təsbit olunub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində BMT Təhlükəsizlik Şurası Ermənistana məxsus hərbi birləşmələrin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını özündə ehtiva edən dörd qətnamə qəbul edib. Həmin sənədlərdə “işğal olunmuş ərazilər” ifadəsi məhz Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara şamil olunurdu. 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatlarda, sonrakı mərhələlərdə Moskvada, Soçidə, Brüsseldə və Praqada qəbul olunan sənədlərdə də işğalçı Ermənistanın üç onillik ərzində zor gücünə öz nəzarətində saxladığı ərazilərin Azərbaycana məxsus olduğu birmənalı şəkildə təsdiqlənib. O cümlədən, Rusiya prezidenti Vladimir Putin də dəfələrlə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu birmənalı şəkildə dilə gətirib. Məsələn, Rusiyanın dövlət başçısı “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib. Sitat: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”.

Digər bir məqama da diqqət yetirək. Azərbaycanın iqtisadi rayonlarının yenidən təsnifatlandırılmasına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları aiddir. Beləliklə, “Dağlıq Qarabağ” münaqişəsi 44 günlük müharibənin məntiqi nəticəsinə uyğun olaraq tarixin arxivinə qovuşub. Artıq belə bir subyekt də nə iqtisadi, nə də coğrafi məkan kimi mövcud deyil. Təsadüfi deyildir ki, yuxarıda bəhs olunan sənədlərdə də “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib.

Bütün bunlar Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərinin yer adlarına münasibətində təhrifə yol verməməsi üçün əsas ola bilərdi. Ancaq qurumun rəsmi saytında prezident V.Putinin mövqeyi əsas götürülmür. Nə qədər qəribə görünsə də, Azərbaycan ərazilərində müvvəqqəti xidmət aparan Rusiya sülhməramlıları kontingentinin məlumatlarında toponimlərimiz təhrif olunmuş şəkildə qondarma erməni adları ilə təqdim edilir. Azərbaycanın Müdafiə Nazirliyi buna bir neçə dəfə etirazını bildirib və toponimlərin Azərbaycan dilində təqdim olunmasına israrlı çağırışlar edib. Azərbaycan Müdafiə Nazirliyinin 3 dekabr 2022-ci il tarixli mətbuata açıqlamasında oxuyuruq: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının dəfələrlə edilən müraciətlərimizə baxmayaraq hələ də uydurma erməni toponimləri ilə qeyd olunması çox böyük təəssüf doğurur.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmişdir.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında yaşayış məntəqələrimizin adlarını tərəfimizdən göndərilən rəsmi sənəd və xəritələrə uyğun qaydada düzgün toponimlərlə ifadə etməyə çağırırıq.

Bir daha xüsusi vurğulayırıq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 03.12.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonu, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND-dir”.

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirildiyi Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni adları ilə qeyd etməsi ilə bağlı müraciətinə münasibət bildirib. “Bir daha buradan mən elan etmək istəyirəm ki, biz bütün toponimləri dəstəkləyirik. Biz Azərbaycan tərəfinin yer adlarını necə var, elə də yazırıq. Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim baş qərargahın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə, biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa, elə də yazırıq”.

Əlavə şərhə ehtiyac qalmır. Hər şey - Rusiya prezidentinin, sülhməramlı kontingentin mövqeyi ortada ikən, nə üçün bu ölkənin Müdafiə Nazirliyi özbaşınalıq edir?

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31