Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qasırğalarla savaşan dəniz sevdalısı - Xəzəri fəth etmiş qəhrəman neftçi

Qasırğalarla savaşan dəniz sevdalısı - Xəzəri fəth etmiş qəhrəman neftçi

04.12.2021 [00:03]

Bu gün İsrafil Hüseynovun 90 yaşı tamam olur

 İlhamə Rəsulova

- Ay qızım, Sona, İsrafil gəldimi?

- Yox Hafizə ana, narahat olma, gələr.

- Dənizdə tufan var, necə narahat olmayım. Ürəyim dinclik tapmır. Sənət tapdı özünə. Günü-güzəranı dənizdə, küləyin, tufanın içində keçir...

Hafizə ananın da, Sona xanımın da ömrünün çox hissəsi  tufanlarla döyüşən bu qəhrəman üçün nigaranlıq çəkməklə keçdi. O isə nə fırtınalara baxdı, nə qasırğalara. Dəniz onun ilk və  əvəzolunmaz məhəbbəti idi. Bu gün dənizi öz əməyi ilə cilovlamış, özünə tabe etmiş o dəniz tanrısının doğum günüdür. Yaşasaydı, 90 yaşını qeyd edəcəkdi. Amma qismət olmadı. 55 illik ömrünə nələr sığışdıra bildi, nələr...

Elə insan var 25 yaşında ölür, 75 yaşında dəfn edilir. Boş, mənasız ömrü sadəcə həyatda mövcud olmaqdan ibarət olur. Yaşayır və ölür. Nə sağlığında kimsə onun fərqində olur, nə də ölümü kimisə təsirləndirir. Elə insanlar da var ki, sağlığında əfsanələşir. Adı yaşadığı eli, obanı şərəfləndirir, evinin yox, elinin balası, qalası olur. Görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Dövlət Mükafatı, “Lenin Ordeni” laureatı, 2 çağırış  SSRİ Ali Sovetinin deputatı İsrafil Hüseynov kimi.  Haqqında uzun-uzadı danışmazdan öncə, bir kəlməylə “Günəşli” yatağının kəşfinin İsrafil Hüseynovun adıyla bağlı olduğunu demək yetərli olarmı?

O, 1931-ci il dekabrın 4-də Mehri rayonunun Nüvədi kəndində dünyaya gəlmişdi. Adını daşıdığı babası İsrafil kişi öz mərdliyi, el təəssübü çəkməsi ilə ad qazanmış, 1917-18-ci illərdə ermənilərin hücumu zamanı onlara qarşı mübarizə aparmışdı. İsrafil Hüseynovun atası Sami kişi keçmişdə varlı olduğuna görə, yeni qurulmuş Sovet hökumətinin repressiyasına tuş gələcəyini bilir və buna görə, 1937-ci ildə Nüvədidən Gəncəyə köçür. İsrafil Hüseynov Gəncədə böyüyür, təhsil alır. Gəncədə Dəmiryolu məktəbinin 7-ci sinfini bitirib, üz tutur Bakıya Neft Texnikumuna. Elə bununla da ömrünü neft sahəsinə, dənizə bağlayır.1957-ci ildə  neft texnikumunu başa vuran gənc İsrafil  Neft Daşlarına işə göndərilir. “Gürgan-neft” Mədənlər İdarəsində fəhlə kimi iş həyatına atılan gənc kadr, çox az zaman içərisində öz zəhmətkeşliyi ilə kollektivin sevgisini qazanır, qazmaçı, texnik, istehsalat şöbəsində mühəndis, baş mühəndis və nəhayət buruq ustası kimi ad qazanır. Əmək fəaliyyətində qazandığı uğurlar nəticəsində 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə adı Respublikanın “Şərəf kitabı”na yazılır. 1970-ci ildə  “Leninin anadan olmasının 100 illiyi” medalı, 1972-ci ildə  “Lenin ordeni” ilə təltif olunur. Adı məşhur neftçi kimi dildən-dilə gəzən İsrafil Hüseynov qazandığı bütün uğurlara qane olmur, ali təhsilin önəmini anlayır, təcrübəsini ali təhsillə möhkəmlədir, 1972-ci ildə  Neft və Kimya İnstitutunu qiyabi şəkildə başa vurur. 60-70-ci illərdə neftçi peşəsinə göstərilən dərin hörmət İsrafil Hüseynovun həyatına işıq tutur, o zaman ölkəyə rəhbərlik edən Heydər Əliyevin qayğısının onun həyatında xüsusi rolu olur.

1972-ci ildə böyük maillik dərəcəsi ilə neft quyusu qazmağı bacaran ustaya Azərbaycan SSR Dövlət Mükafatı, 1975-ci ildə “Azərbaycan SSR Neft ustası” adı verilir. İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 2040 metr dərinliyi olan quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil verir. Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu, maili qazmada Avropa rekordu idi.

1977-ci ildə ona ikinci Lenin Ordeni, daha sonra Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilir. Bu, o zaman SSRİ-də ən yüksək fəxri ad sayılırdı. O, yalnız əmək fəaliyyəti ilə məşğul olmur, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edirdi. Onun fədakar əməyi, zəhmətsevərliyi, qazandığı şöhrətə baxmayaraq, sadəliyi, eyni zamanda, yüksək intellekti Heydər Əliyevin  diqqətindən yayınmamışdı. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycana birinci rəhbərlik etdiyi dönəmlərdə  zəhmətkeşlər arasında çox olur, işinə can yandıran insanları yüksək qiymətləndirirdi. Heydər Əliyev İsrafil Hüseynova çox isti münasibət bəsləyirdi.

Qızı Gülnarə xanım xatirələrində bildirib ki, bir gün evlərinə zəng gəlir. Bildirilir ki, Heydər Əliyev dəniz buruqlarına baş çəkəcək, bu səfərdə İsrafil Hüseynovun da yanında olmasını istəyib. İsrafil Hüseynov böyük məmnuniyyətlə dahi rəhbəri müşayiət edir. Aralarında keçən söhbət zamanı Heydər Əliyev İsrafil  Hüseynovdan hər hansı bir ehtiyacının olub-olmadığını soruşur. O isə özü üçün deyil, neftçilərin mənafeyi üçün istəyini dilə gətirir. Fəhlələri neft daşlarına daşımaq üçün vertolyot ayrılmasını  xahiş edir. Heydər Əliyev bu xahişi nəzərə alır. Çox keçmir ki, ölkə başçısı neft ustasının Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri seçilməsi barədə təklif irəli sürür. Neftçilərin dərdini, qayğılarını buruq ustasından daha yaxşı kim bilə bilərdi?

Heydər Əliyev İsrafil Məmmədovun 3 otaqlı mənzildə ata-anası və qardaşının ailəsi ilə birlikdə yaşadığını öyrənən kimi, dərhal onun mənzil şəraitinin yaxşılaşdırılması barədə göstəriş verir. İsrafil Hüseynova xəbər göndərir ki, balkonlara çoxlu dibçək gülü assın, gəlib özü baxacaq. “Atam hələ mənzilə köçməmiş rayondan qara torpaq gətizdirdi, dibçəklərə güllər əkib, balkonlara asdı”. İsrafil Hüseynov ömrünün sonuna qədər Heydər Əliyev haqqında böyük hörmət və rəğbətlə danışırdı.

Gülnarə Hüseynova sonralar Milli Məclisin Mətbuat  Xidmətində  çalışarkən Milli Məclisin iclaslarından birində iştirak etmiş Ümummilli Liderə yaxınlaşmış, tanışlıq verərək İsrafil Hüseynovun qızı olduğunu bildirmişdi. Heydər Əliyev Gülnarə xanımı bağrına  basmış, “Sən mənim də qızımsan” deyərək, İsrafil Hüseynov barədə xoş sözlər söyləmişdi.

 İsrafil Hüseynov 4 çağırış Bakı şəhər Sovetinin, 2 çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, SSRİ Sülhü Müdafiə Komitəsinin sədr müavini olmuşdu. Tez-tez xarici ölkələrə səfərlərə gedir, müxtəlif  beynəlxalq tədbirlərdə iştirak edirdi. Gözəl danışmaq və dinləmək qabiliyyəti var idi.

Dənizlərdə tufanlara sinə gərən bu qəhrəman əslində həm də romantik təbiətə malik idi. Rus və Azərbaycan dillərində şeirlər də yazırdı. Qayğıkeş ata və gözəl ailə başçısıydı. Övladları Gülnarə, Gülşən, Rövşən və Elmiranın tərbiyəsini  ömür, gün yoldaşı Sona xanıma həvalə eləmişdi. Evdə az tapılırdı. Amma tapşırmışdı ki, hər səfərdən dönəndə qapını üzünə mütləq Sona açsın.

Dənizdə çalışarkən astma xəstəliyi tapmışdı. Heç kim bu nər cüssəli, dəmir kimi adamın 55 yaşında həyata vida edəcəyinə inanmamışdı. Əslində, dünyadan ayrılan sadəcə cismiydi. Adı sevgiylə, xoş xatirələrdə anılanlar ölmürlər.

Ölümündən sonra adını əbədiləşdirmək üçün böyük neft tankerlərindən birinə “İsrafil Hüseynov” adı verildi. Dəniz onun sevgisiydi, sevgilisiydi. Kim bilir, bəlkə də ruhu hələ də bu gəmiylə birlikdə yenidən dalğalarla güləşir, tufanlarla savaşır, dənizə qovuşmaq üçün can atır.

 

 

 

 

 

Paylaş
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31