Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qadınlarımıza xanımlıq yaraşır, kişilərimizə bəylik yaraşmır?

Qadınlarımıza xanımlıq yaraşır, kişilərimizə bəylik yaraşmır?

16.12.2021 [11:17]

Rəsmi müraciət  formamız hələ də  yoxdur

İlhamə

- Ay xala, ay xala, ayağımı tapdaladın e, çəkil bir az o yana.

- Ədə, xalan yerindəyəm sənin? Özün dayım yaşındasan.

Avtobusda başlayır bu qalmaqal.

-Özü də xala nədir? Yaxşı bilirəm, indiki cavanlar “xala” deyəndə kimləri nəzərdə tuturlar.

- İşə düşmədik? Ay bacım, bağışla...

- Hardan bacın oldum sənin?

Əşşi peşman elədin e. Yaxşı xala da olma, bacı da. Nə deyim bəs?

Xanım de, nə deyəcəksən.

- Pah sən mənə bəy dedin? Bəy kimi hörmət qoydunmu xanımlıq  gözləyirsən?

Avtobusdan düşdüyümə görə, bu mübahisənin nə ilə nəticələndiyini bilmədim. Amma  qarşıma tez-tez buna bənzər kiçik davalar çıxdığına görə, hər gün düşündüyüm bir mövzunu sətirlərə tökməli oldum. Azərbaycan dilində şəxsə müraciət formasının qəti variantı yoxdur. Ədəbi dilimizin hər cür inkişafına imkanın olduğu bu dövrdə hər kəs tərəfindən qəbul olunan müraciət formalarının olmaması və bu barədə rəsmi bir qaydanın yaradılmaması anlaşılan deyil.  Hər cəmiyyətdə qəbul olunmuş rəsmi davranış qaydaları var. Rəsmi müraciət formaları da davranış kodeksidir, yarızarafatla görünsə də, qadınlarımız kodeksə düşüb, kişilərimiz yox.

Azərbaycanda insanların bir-birinə düzgün müraciət forması yoxdur. Bu çətinlik içində yaşadığımız 70 illik bir dövr başa çatdıqdan sonra yarandı. Sovet dönəmində hər kəsin bir-birinə “yoldaş” deməsi qəribsənmirdi. Ölkə dağılınca, yoldaşlıq da bitdi, vətəndaşlıq da. Onun yerini dəxli olmasa da “müəllim” və “müəllimə” müraciəti tutdu.

Müstəqilliyimizin ilk illərindən etibarən, qadınlarımıza qarşı xanım xitabından rahatlıqla istifadə eləsək də, kişilərə qarşı cəsarətlə “bəy” deməyə nədənsə dilimiz gəlmədi və hələ də gəlmir. Halbuki, xanımın yanına da bəy yaraşır axı.

Nə üçünsə yerindən durana, hətta “bomj”a belə, “müəllim” deyirik, bəy demirik. Halbuki, burada bəy statusu yox, kişi cinsini əks etdirir. Nə üçün müəllim kimi gözəl bir peşəni insanların gözündən salmalıyıq? Müəllim olmaq ucalıqdır. Hər kəs də müəllim adına layiq deyil. Sürücüyə müəllim, satıcıya da müəllim, oğruya müəllim, süpürgəçiyə müəllim, müdirə  müəllim, müəllimə də müəllim. Bəziləri formatı pozmaq üçün kişilərə onun mövqeyinə uyğun olaraq rəis, qardaş, əmioğlu, xalaoğlu, əmi, dayı, yaxud, sadəcə ay kişi, ay oğlan, ay uşaq və s. şəkildə xitablar edir. Amma etiraf edək ki, bu düzgün deyil.

Kənd yerlərində, xüsusilə bir adət qalmaqdadır, yaşlı kişilərin adlarının arxasına kişi sözü əlavə edilərək adları çağırılır - Rəhim kişi, Məmməd kişi və s. Elə yaşlı qadınlar haqqında danışarkən də Züleyxa arvad,  Mədinə arvad  deyə səslənirlər. 

Kənd yeri demişkən, bir maraqlı məqamı da yada salmaq istəyirəm. Kənd yerlərində eyni adda çoxlu sayda adam olanda onları bir-birlərindən fərqləndirmək üçün ya ana-atasının, ya da ərinin (arvadının) adını da həmin şəxsin adının yanına qoşardılar. Məsələn, Qonçəoğlu Məhəmməd, Cahanoğlu İsmayıl. Burda bir  incə məqama da diqqət çəkim.  İslam ənənələrə görə, insan rəhmətə gedəndə məzarı üstünə atasının yox, anasının adı yazılardı. Molla mərhum üçün camaatdan halallıq istəyəndə ölən şəxsi anasının adıyla qeyd edərdi. Məsələn, mərhum Məmməd Sona oğlu. Bunun da çox incə mənası vardı. İnsanın atasının gerçəkdə kim olması sirr qala bilər,  gizlədilə bilərdi (hansısa səbəblərlə), amma bir insanı dünyaya gətirən şəxsin, anası mütləq bəlli olur. Ona görə kişiləri analarının adları ilə çağırmaq ayıb sayılmırdı. Yuxarıda dediyim kimi, kişilərin adlarının yanına xanımının, xanımların adlarının yanına ərlərinin adının  əlavə edilməsi də kənd yerləri üçün adi haldır. Məsələn Ayna İsmayılı (yəni Ayna arvadın əri İsmayıl), Səfurə İsmayılı. Cabbar Fatması (Cabbar kişinin arvadı Fatma), Həsən Fatması...

Qədimlərdən  xanımlarımıza çox maraqlı, eyni zamanda zərif müraciət formamız olub. 15 yaşa qədər qadınlara banu, 15-35 yaş arası qadınlara bəyim, 35-55 yaş arası qadınlara  xanım, 55-75  arası xanımlara xatın, ondan yuxarı yaşı olanlara isə xanım-xatın deyərmişlər. Dövr dəyişdikcə forma da dəyişib, çox gözəlliklər unudulub. Bəzən qadınlar haqqında sadəcə xatun sözü işlənib, daha sonralar subay qızlara  banu deyilib,  ərdə olanlara xanım. Əslində bu Avropada da bu şəkildə bölgülənib. İngiltərədə subay xanımlara missis,  ərdə olan xanımlara miss (kişilərin hamısına mister), Fransada gənc xanımlara madmuazel, ərdə olan xanımlara madam (kişilər müsyö), İtaliyada subay xanımlara sinyorita, evli xanımlara sinyora (kişilərə sinyor) deyilirdi və bu ənənə indi də qorunur. Çox da xoş səslənir.

Orxon-Yenisey yazılarından bəlli olur ki, türk dünyasında kişilərin bir-birinə hörmətli müraciət forması xan və bəy olub.

Sonrakı dövrlərdə peşə adları da müraciət forması kimi işlədilirdi, lakin hər kişiyə öz peşəsinə uyğun müraciət  formalaşmışdı. Məsələn, mirzə, hacı, qazı, molla, dəllal, sərrac, usta,  tacir, xəttab, kovxa, məşədi və s.

Cümhuriyyət dönəmlərindən öncə “bəy” sözünün işlədilməsi yenidən dəbə düşmüşdü. Qasım bəy Zakir, İsmayıl bəy Qutqaşınlı və s. Lakin bu bəy adından nəslində bəylik olanlar, zənginlər istifadə edirdilər. Xalq Cəbhəsinin hakimiyyətə gəlişi ilə yenidən dilimizə təşrif buyurmuş “bəy” kəlamı təəssüf ki, elə cəbhəçilərin taleyini yaşadı. Onlar hakimiyyətdən gedən kimi, bəylik də  getdi, “bəy” sözünü nədənsə hər kəs bu partiyanın adıyla assosiasiya elədi, küçümsədi ki, bu da xətalı yanaşmaydı.  Rəsmi tədbirlərdə müraciət  forması “xanımlar və cənablar şəklinə” düşdü. Etiketə əsasən “cənab” sözünü insan adından yox, soyadından öncə çəkmək lazımdır. Müraciət edərkən, Cənab Məmmədov, xanım Məmmədova deyilməlidir. “Cənab” deyə kişiyə müraciət etmək səhv deyil. Amma hələ ki, mən Azərbaycanda gündəlik həyatımızda hərbçilərdən başqa kimsənin  dilindən  “cənab” müraciətini eşitməmişəm.

Hesab edirəm ki, rəsmi müraciət formalarının tərtib edilməsi zamanı çoxdan gəlib, hətta gecikmişik. Müəyyən bir qayda formalaşsa dilimizə oturacaq. Alışacağıq, qəbul edəcəyik. Çox düşünməyə də gərək yoxdur. Qadına xanım deyiriksə, kişiyə də bəy deməliyik. Nə siyasiləşdirməyə ehtiyac var, nə yozmağa, nə də böyük-böyük müzakirələrə. Özümüz, kökümüz  nədirsə, elə də olsun.

 

Paylaş
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31