Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qəfil ölüm gəlməsin

Qəfil ölüm gəlməsin

26.04.2022 [10:54]

Gənclər arasında qəfil ölümlər niyə artıb?

MİKAYIL

Son vaxtlar gənclər arasında qəfil vəfat edənlərin sayı artır. Heç bir xəstəliyi olmayan gənclərin qəfil dünyasını dəyişməsi valideynləri qorxudur. Son bir neçə gündür ki, “Azərbaycanda məktəbli dərs vaxtı vəfat edib”, “Məktəbli qəfildən öldü”, “Tələbə qəfil vəfat etdi”, “22 yaşlı əlaçı tələbə dünyasını dəyişdi” kimi başlıqlı xəbərlər gündəmdə yer alır.

Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Ürək-damar xəstəliklərindən ölənlərin yüksək faizini cavanlar təşkil edir ki, onların da çoxu heç bir xəstəliyi olmayan tam sağlam insanlardır. Bu da öz növbəsində, müəyyən suallar yaradır. Gənclər arasında qəfil ölümlər niyə artıb? Görəsən, buna səbəb nədir?

Vaxtsız ölümlərin qurbanına çevrilmiş tələbə və məktəblilərimiz

Elə bu günlərdə Gənc İstedadlar Liseyinin 11-ci sinif şagirdi Vaqif Məmmədov vəfat edib. 17 yaşlı Vaqifin ölümünə səbəb kimi ürəktutması göstərilib.

İlkin məlumatlara görə, valideynləri onu səhər məktəbə getmək üçün oyadıblar. Vaqif narahat olduğunu və yaxşı nəfəs ala bilmədiyini dedikdən bir müddət sonra nəfəsi darlaşaraq dünyasını dəyişib.

Qeyd edək ki, V.Məmmədov istedadlı şagird kimi tanınıb. O, Qazaxıstanda keçirilən beynəlxalq olimpiadada bürünc medal qazanıb. “Sabahın alimləri” IX Respublika Müsaqibəsinin mükafatçısı olub.

Eyni zamanda, Xətai rayonu NZS qəsəbəsi 165 saylı orta məktəbin 8B sinif şagirdi Osmanov Ramal Zaur oğlu qəflətən vəfat edib. Onun isə hansı səbəbdən öldüyü açıqlanmayıb.

Yeniyetmənin bir müddət əvvəl burun əti əməliyyatı keçirdiyi və ölüm hadisəsindən əvvəl burnundan qan açıldığı bildirilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə də 22 yaşında qəflətən dünyasını dəyişib. Sona universitetin əlaçı tələbələrindən olub.

Eləcə də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı anidən vəfat edib. Bu barədə Rayon Təhsil Şöbəsindən xəbər verilib.

Əfsuslar olsun ki, bu kimi xəbərlərin sayı durmadan artır. Mütəxəssilər həyəcan təbili çalır. Onların qənaətinə görə, dünyada ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Vəziyyət elə hal alıb ki, artıq şagirdlər bu xəstəliyin qurbanına çevrilirlər.

Qeyd edək ki, 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin ilk yerdə duracağı proqnozlaşdırılır.

Ürək müəyyən  siqnallar verir, biz eşitmək istəmirik

Həkim-kardioloq Nicat Musayev deyir ki, indi cavanlardakı ani və ya qəfil ölümlərin bir çox səbəbi ola bilər. Xüsusilə ailəsində irsi xəstəliklər olan, ailəsində ani ürək ölümləri olan insanlar mütləq bu hallara qarşı ciddi yoxlanmalıdır. Çünki o insanlar risk qrupundadırlar: “Oturaq həyat tərzi, stress, gərginlik, gənclərin davamlı istirahət etmədən çalışması, düzgün qidalanmama, erkən yaşda siqaretdən istifadə ürəyin işemik xəstəliyini daha gənc yaşlarda büruzə verməsinə səbəb olur ki, bu da ani ölümlərə gətirib çıxardır. Ürək müəyyən  siqnallar verir, sadəcə biz buna diqqət etmirik. Sinədə az da olsa göynəmə, pis nəfəs alma, gecə yatanda anidən boğulmalar,  ailədə irsi faktorlar  ürək xəstəliklərinin göstəricisi ola bilər. Əgər irsi faktorlar varsa, pasient heç bir şikayəti olmadığı halda belə gəlib mütləq yoxlanmalıdır”.

Enerji içkiləri və siqaret ürəyi məhv edir

Kardioloq onu da deyib ki, siqaret və energetik içkilər də böyük risk faktorlarındandır: “Həddindən artıq energetik içkilərin istifadəsi qan damar sistemində çox ciddi fəsadlara səbəb olur. Ani təzyiq yüksəlmələri, ani ölümlərə səbəb olan aritmiyaların provokasiya edilməsi, koronar damarlarda ciddi trom?laşmaya  və yaxud da spazma səbəb olan damar içi yırtılmalara və spazmlara səbəb olması elmi əsaslarla sübut olunub. Onu da vurğulamalıyam ki, pandemiya dövründə koronavirusdan ölən insanların əksəriyyəti virusun özündən deyil, xəstəliyin ağırlaşmış trombozundan dünyasını dəyişib”.

Ürək sağlamlığını necə qoruyaq?

“İdmanla məşğul olmaq, çəkinin nəzarətdə saxlanması vacibdir. Siqaretdən, energetik içkilərdən, spirtli içkilərdən, narkotik maddələrdən uzaq durulmalıdır. Spirtli içkilərdən yalnız qırmızı şərab, çaxır qədərində içilə bilər (50-80mq). Bundan başqa, qırmızı ət yerinə balıq, digər dəniz  məhsullarına  üstünlük vermək lazımdır. Zeytun yağı, az şəkərli meyvələr, tərəvəzləri də yaddan çıxmaq olmaz”, - deyə N.Musayev vurğulayıb.

Bodibilderlər niyə gənc yaşda ölürlər?

Dəniz mövsümünün başl?masına bir neçə ay qalıb. Bu, gələn böyük bəlanın xəbərçisidir, desək, yanılmarıq. 1-2 aya mükəmməl bədənə sahib olmaq istəyənlər ən çox bu bəlanın caynağına tuş gəlir. Söhbət steroidlərdən gedir.

Texnogen hormonun bir növü olan steroidlərin yalnız sağlamlıq səbəbi ilə həkim nəzarəti altında istifadəsinə icazə verilir. Ancaq gənc idmançılar bu hormonun nəzarətsiz şəkildə istifadəsinə davam edirlər. Bu da onların canları bahasına başa gəlir.

Bunlar dopinq dərmanlarına, əzələ böyüməsi stimulyatorlarına aiddir, bədən tərbiyəsi və digər idman növlərində aktiv şəkildə istifadə olunur. İdmançılar tez-tez bu dərmanın verdiyi zərərləri inkar edirlər, lakin faktlar əksini söyləyir.

Həkim-terapevt Günel Əliyevanın sözlərinə görə, steroidlər daxili orqanlara zərər verir. Onsuzda gənc bodibilderlərin bədənində öz testosteron miqdarı çoxdur. Əlavə dozanın yüklənməsi təhlükəlidir: “Steroidlərin istifadəsi qaraciyər, böyrək, ürək-damar xəstəlikləri, kişilərdə anormal döş böyüməsi və əzələ kütləsinin həddindən çox artması ilə yanaşı, saç tökülməsi kimi sağlamlıq problemlərinə də səbəb ola bilər. Adətən idmançılar məşqdən sonra protein tozları qəbul edirlər. Protein bar və protein içəcəklər olduqca zərərlidir. Ona görə də idmanla məşğul olanlar proteini təbii qidalardan almalıdılar”.

Bəs psixoloji?

Öz növbəsində, psixoloq Aygün Mehdiyeva gənc­lərin yaşadığı problemlərdən danışıb: “Məktəb yaşda uşaqlar stress keçiribsə, onlarda səbəbsiz ağrılar, qusma, səbəbsiz qorxular, əsəbilik müşahidə olunur. Uşaqlar məktəbə getməkdən və dostları ilə oynamaqdan da imtina edə bilərlər. Onların stress keçirməsinə həmyaşıdları ilə münasibətlərdə, məktəbdə problemlər ola bilər. Bu dövrdə uşağı stress vəziyyətindən çıxarmaq üçün fiziki məşğələlərə yazdırmaq lazımdır”.

“Bəzi abituriyentlər düşünürlər ki, əgər universitetə daxil olarsa, bununla bütün problemlər həllini tapacaq. Stressə düşürlər, düzgün qida və yuxu rejiminə riayət etmirlər. Ali məktəbə daxil olduqları zaman isə bəzən xəyal qırıqlığına uğrayırlar. İllər sonra əldə etdikləri nəticə heç də gözləntilərini doğrultmur. Bu zaman valideynlərin və biz psixoloqların üzərinə böyük missiya düşür. Gənclərimizi ani, qəfildən itirmək istəmiriksə, onları zamanında dinləməliyik”, - deyə psixoloq vurğulayıb.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31