Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Baydenin Yaxın Şərq “turnesi”...

Baydenin Yaxın Şərq “turnesi”...

04.06.2022 [10:49]

ABŞ prezidenti ətrafındakı müttəfiqlər ordusunu böyüdür

Pərviz SADAYOĞLU

“New York Times”ın yaydığı məlumata görə, ABŞ Prezidenti Co Bayden bu ay Səudiyyə Ərəbistanına səfər etmək niyyətindədir. Səfər çərçivəsində Ağ Evin rəhbəri vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla ilk dəfə görüşmək qərarına gəlib. Bildirilir ki, Bayden iki ölkə arasında 2018-ci ildə jurnalist Camal Kaşıkçının qətlindən sonra pisləşən münasibətləri bərpa etmək niyyətindədir. Ər-Riyaddakı dayanacaq Baydenin Avropa və İsrailə planlaşdırdığı səfərinin bir hissəsi olacaq. Qəzet xatırladır ki, Ağ Evin hazırkı rəhbəri seçki kampaniyası zamanı Səudiyyə Ərəbistanını “yaramaz ölkə”yə çevirəcəyini vəd etmişdi.

Qeyd edək ki, Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan Kaşıkçı 2017-ci ildən ABŞ-da yaşayıb və burada “The Washington Post”da çalışıb. O, 2018-ci il oktya­brın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Həmin il oktyabrın 20-də Səudiyyə Ərəbistanının hakimiyyət orqanları jurnalistin münaqişə nəticəsində diplomatik nümayəndəliyin binasında öldürüldüyü barədə məlumat yayıb. 2021-ci ilin fevralında Milli Kəşfiyyat Direktorunun Ofisi Kaşıkçının qətli ilə bağlı hesabat yayıb. Amerika tərəfinin bildirdiyinə görə, Səudiyyə vəliəhdi jurnalisti təhdid kimi gördüyü üçün əməliyyatı şəxsən təsdiqləyib.

Ağ Ev şərqdəki mövqeyini gücləndirir

ABŞ prezidentinin Uzaq Şərqdən sonra Yaxın Şərqə bu səfəri bir sıra parametrlərinə görə əhəmiyyət daşıyır. Hazırki situasiyada öz ətrafında böyük müttəfiqlər ordusu formalaşdırmağa çalışan rəsmi Vaşinqton Şərqin aparıcı ölkələri sayılan Yaponiya, Cənubi Koreya, Avstraliya, Hindistan kimi dövlətlərlə münasibətlərini daha da inkişaf etdirmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyur. Bununla yanaşı, Ağ Ev aparıcı “regional oyunçular”la da münasibətlərinə yenidən baxmaq qərarı verib. Bir neçə ildir ki, Vaşinqtonun xarici siyasətində “dost olmayan ölkə” statusunda olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin formalaşdırılması da buna söykənir. ABŞ anlayır ki, başı Avropadakı problemlərinə qarışan Rusiya yaranacaq fors-major situasiyada Çinə lazımi köməyi göstərə bilməyəcək. Hindistanın və Pakistanın da ABŞ-ın müttəfiqləri siyahısında yer aldığını göz önünə gətirsək, ortada regionun iqtisadi-hərbi müstəvidə güc mərkəzləri kimi formalaşmış cəmisi bir neçə ölkəsi qalır. Bunlardan biri, bəlkə də ən vaciblərindən biri isə Səudiyyə Ərəbistanıdır. Nəzərə alınmalıdır ki, həm Ərəb Liqasında, həm müsəlman dövlətlərinin yer aldığı birliklərdə əsas söz sahiblərindən olan Səudiyyə Krallığı siyasi proseslərə təsir göstərmək gücündədir. ABŞ bu addımı ilə həm də indiki məqamda ərəb şərqindən “zühur edə biləcək” hər hansı təhlükənin və ya “canlanmanın” qarşısını almaq istəyir. Bunun üçün isə dünyanın ən böyük yarımadası ilə əlaqələrin inkişafı həyati əhəmiyyət daşıyır. Xatırlamaq yerinə düşər ki, “ərəb baharı” adlı inqilablar bumunun ardından region ölkələrinin ABŞ-a münasibəti heç də ürəkaçan deyil. Bu baxımdan, Pentaqon proqnozlaşdırılan Şərq müharibəsi zamanı ən azından partizanlarla qarşılaşmamaq üçün Yaxın Şərqdə mövqeyini gücləndirmək niyyətindədir.

Fars körfəzi Avropanı xilas edəcəkmi?

Səudiyyə Ərəbistanı səfəri Bayden üçün həm də yeni planlar üçün stimuldur. Belə ki, Ağ Evin rəhbəri səfər çərçivəsində Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının zirvə görüşündə də iştirak etməyi planlaşdırır. “Reuters”in yaydığı məlumata görə, Bayden vəliəhd Məhəmməd bin Salmanla görüşü zamanı neft hasilatının artırılması məsələsini də müzakirə edəcək. Məlumata görə, Bayden G7 ölkələrinin iyunun 26-dan 28-dək Almaniyada keçiriləcək sammitində, həmçinin iyunun 28-dən 30-dək NATO-nun İspaniyada keçiriləcək görüşündə də iştirak edəcək. Səfərin Avropa sammitlərindən öncə keçirilməsinin səbəbləri isə çoxdur:

- ABŞ Rusiyaya qarşı apardığı “mübarizədə” qalib gəlmək üçün neft ixracatçıları ilə münastibətləri daha da möhkəmləndirməyə çalışır;

- Rusiya neftindən və qazından asılı olan Avropanı düşdüyü anlaşılmaz vəziyyətdən çıxarmaq lazımdır. Bunun üçün isə bazara Rusiya enerji daşıyıcılarının əvəzləyiciləri yerləşməlidir. Bu baxımdan, Səudiyyə Ərəbistanı ən yaxşı əvəzləyici sayıla bilər;

- ABŞ prezidenti Fars körfəzində Rusiya neftinin tam sıxışdırılması üçün lazımi tədbirləri görüb Avropaya “əlidolu” qayıtmaq niyyətindədir...

Bu siyahını daha da genişləndirmək olar. O baxımdan ki, qapalı regional beynəlxalq təşkilat olan Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman kimi ölkələr dünyanın neft ixracının mühüm pay sahibləridir.

Qeyd olunmalıdır ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,34% ucuzlaşaraq 1 bareli 117,21 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,49% düşərək 1 bareli 116,3 ABŞ dolları təşkil edib. Hazırda investorlar OPEC+ alyansının neft hasilatının artırılması ilə bağlı qərarının nəticələrini nəzərdən keçirirlər. OPEC+ alyansının iyunun 2-də keçirilmiş iclasında üzv dövlətlər iyul və avqust aylarında gündəlik hasilatı? 432 min bareldən 648 min barelədək artırılması barədə qərar qəbul edib. OPEC+ bu qərarı Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları səbəbindən hasilatın azalması fonunda artan tələbi qarşılamaq zərurəti ilə əlaqələndirib. Beləliklə, ABŞ prezidentinin körfəz ölkələrinin hesabına neft hasilatını artırması Rusiya üçün ağır nəticələrə yol aça bilər. Bu isə Pentaqonun işini həm Avropada, həm də Asiyada asanlaşdıra bilər...

Paylaş:
Baxılıb: 187 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31