Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Üç liderin Tehran görüşü...

Üç liderin Tehran görüşü...

22.07.2022 [10:23]

İyulun 19-da Tehranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirilib. Əvvəlcə liderlərin ayrı-ayrılıqda  görüşləri baş tutub. Hazırda dünyada, o cümlədən yaxın regionumuzda baş verən mürəkkəb proseslər fonunda bu sammit beynəlxalq birliyin diqqət mərkəzindədir.

İlk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüb. Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan İranın Ali Rəhbəri Əli Xamenei ilə də görüşüb. İran və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında isə Ərdoğan bildirib ki, PKK-YPG, FETÖ və digər terror təşkilatları həm Türkiyə, həm də İranın baş bəlasıdır. O qeyd edib ki, iki ölkə bu terror təşkilatlarına qarşı birgə mübarizə aparmalıdır. Ərdoğan Türkiyə və İranın müdafiə sənayesi, neft-qaz sahəsində də əməkdaşlığı artırmaq üçün potensialın olduğunu əlavə edib. Türkiyə Prezidenti üç ölkənin liderlərinin Astana prosesi çərçivəsində toplantısının önəmini də vurğulayıb.

İbrahim Rəisi isə qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini təxminən 30 milyard dollara qədər artırmaq olar ki, bu da indiki vəziyyətdən təxminən üç dəfə çoxdur. O deyib ki, iki ölkə arasında 25 illik qaz müqaviləsinin uzadılması və qaz nəqli sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb. Rəisi bildirib ki, regional məsələlərdə əməkdaşlıq vurğulanıb və həm Türkiyə, həm də İran Suriyanın ərazi bütövlüyünün qorunmasının zərurətini vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin də Tehranda iki ölkənin lideri ilə görüşüb, daha sonra  üçtərəfli sammit keçirlib. Sammitdə İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər. Dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolunu vurğulayıblar. Sammitdə üç ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildiriblər. İran, Rusiya və Türkiyə prezidentləri Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğulayıblar. Onlar Suriyanın şimalındakı vəziyyəti dəyərləndirərək qeyd ediblər ki, regionda təhlükəsizlik və sabitliyə nail olmaq ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə mümkündür. Dövlət başçıları bütün terrorçu qruplaşmaları məhv etmək üçün mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğulayıblar.

Sammitin sonunda yayımlanan bəyanatda qeyd olunur ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıb. İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və BMT-nin zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlığını ifadə etdi, ayrıseçkilik tədbirlərini qəbuledilməz hesab edirlər. Sammitdə Suriya münaqişəsinin hərbi həllinin olmadığı, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq BMT-nin yardımı ilə siyasi yolla həll edilə biləcəyi qeyd olunub. Astana prosesində müvafiq işçi qrupu çərçivəsində girovların qarşılıqlı azad edilməsi əməliyyatını davam etdirmək, qaçqın və məcburi köçkünlərin geri qayıtmaq və onlara dəstək olmağın zərurəti vurğulanıb.

Tehran sammitinin nəticələri haqqında qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi vəziyyət daha da mürəkkəbləşib, belə olan halda Türkiyə, Rusiya və İran kimi regionun böyük dövlətlərinin liderlərinin görüşü aktuallıq kəsb edir. Bu müharibənin iki tərəfi olsa da, Qərb dövlətləri birbaşa deyil, dolayısı ilə savaşda iştirak edir. Həm Ukraynanın silahla təmin edilməsi, həm də Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bunu deməyə əsas verir.    Tehran sammitində Qərbin, Avropa dövlətlərinin ciddi sanksiyaları ilə üzləşən Rusiyanın bu sanksiyaların təsirini  maksimum dərəcədə azaltmaq istəyi ilə yanaşı,    Yaxın Şərqdə və Cənubi Qafqazdakı vəziyyət də diqqət mərkəzində olub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşündə Qarabağla bağlı müzakirələrın aparılması da bunu təsdiq edir. Görüş zamanı həm də, Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub. Eləcə də, bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb. Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.

R.Alıyev deyib ki, sammitdə Suriya probleminin əsas diqqət mərkəzində olması təbiidir: “Çünki regionda sabitliyin təmin olunmasına ən çox məhz bu regionda yerləşən dövlətlər maraqlıdır. Görüşdə Suriyanın şimal-şərqindəki və Fərat çayı ətrafındakı gərgin vəziyyət müzakirə olunub. Vladimir Putin deyib ki, bəzi ölkələr Suriyanın suverenliyini pozaraq orada separatçı əhval-ruhiyyəni gücləndirir, xarici hərbi iştirakın möhkəmlənməsi və separatçı əhval-ruhiyyənin möhkəmlənməsi cəhdləri edilir. O, Fəratətrafı ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsinin tərəfdarı olduğunu deyib. Burada söhbət yəqin ki, ABŞ-dan gedir. Çünki İran Prezidenti Rəisi də qeyd edib ki,  ABŞ Suriyanı tərk etməlidir. Bu fikir hər üç liderin mövqeyi kimi ifadə olunur. Eyni zamanda, beynəlxalq ictimaiyyətin suriyalıların vətənə qayıtmasına kömək etməli olduğu vurğulanıb. Bundan başqa, hər üç ölkə lideri terrorla mübarizənin zərurətini qeyd edib. Bildirilib ki, Suriya və digər yerlərdə terrorçuların olması ilə bağlı mövcud narahatlıqlar bütün ölkələrin qətiyyətini tələb edir”.

Sammitdə humanitar məsələlər, suriyalılara dəstək, təhlükəsizlik amilləri də diqqət mərkəzində olub. Tərəflər Astana formatının Suriya böhranının həllində önəmini qeyd ediblər. Bundan başqa, sanksiyalarla üzləşən Rusiya və İran iqtisadi-ticari əlaqələri, milli valyutalardan istifadəni genişləndirməyi qərara alıblar.

Politoloqun sözlərinə görə, üç ölkənin liderinin görüşü indiki şəraitdə çox vacibdir. Dünyada qlobal geosiyasi proseslər fonunda bu görüşün mühüm əhəmiyyəti var. Həm də regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib. “Nəzərə almaq lazımdır ki, Rusiya, Türkiyə və İran üçün  Cənubi Qafqaz regionu çox önəmlidir. Bu xüsusda “3+3” platformasının aktuallığı bir daha özünü təsdiqləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin regionda kommunikasiyaların, nəqliyyat əlaqələrinin qurulmasına çox müsbət yanaşırlar”,-  deyən həmsöhbətimizin fikrincə, hazırkı  reallıqlar müstəvisində Türkiyənin regionda iştirakçılığı bir qədər də güclənib: “Türkiyə regional aktor kimi Cənubi Qafqazda güclü mövqelərə sahibdir. Azərbaycanla Türkiyənin xarici siyasətində koordinasiya var. Dostluq və qardaşlıq münasibətləri ilə yanaşı bizim əlaqələrimiz hərbi müttəfiqlik səviyyəsinə yüksəlib. Ona görə də, bütün regional proseslərdə Türkiyənin iştirakı nəzərə çarpır”.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 131 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31